Berlində "Xocalı" abidəsinin açılışı olmuşdur

 

Mayın 30-da Berlində çoxdan gözlənilən hadisə baş vermişdir. Almaniya paytaxtının Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılmış məşhur Qotfrid-Benn kitabxanasının həyətində "Xocalı" abidəsinin açılışı olmuşdur. Abidənin ucaldılmasının təşəbbüskarı Salxab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı, onun həmmüəliflərindən biri, görkəmli Azərbaycan rəssamı və heykəltəraşı İbrahim Əhraridir. İbrahim Əhrari artıq 45 ildir əvvəlcə Berlinin qərb sektorunda, "soyuq müharibə"nin rəmzi olan Berlin divarı söküldükdən sonra isə birləşmiş Almaniyanın vahid paytaxtında yaşayır.

Xeyli sayda insanın iştirak etdiyi açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak etmişlər.

Şteqlits-Selendorf dairəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət məsələləri üzrə müşaviri xanım Kerstin-Ulrix Rixter-Kotovski, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari çıxış edərək iki dövlət arasında mədəni əlaqələrin genişləndirilməsi üçün belə tədbirlərin böyük əhəmiyyətini vurğulamışlar.

Abidəni yaratmaq təşəbbüsünə görə müəllifə minnətdarlığını bildirən səfir P.Şahbazov demişdir ki, Almaniya paytaxtında belə bir abidənin qoyulması Azərbaycan və alman xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə daha bir töhfədir. T.Şahbazovun sözlərinə görə, bu, çox əhəmiyyətli məsələdir, çünki yalnız öz tarixini və mədəniyyətini bilən xalqlar bir-birini başa düşməyə qadirdir. Diplomat vurğulamışdır ki, abidənin adının kiçikdən-böyüyədək xalqımızın hər bir nümayəndəsi üçün nə demək olduğunu əlavə xatırlatmağa ehtiyac yoxdur. O, mərasim iştirakçılarına bildirmişdir ki, bu gün açılan abidənin müəllifinin nəsil şəcərəsi bu şəhərə gedib çıxır. Bir vaxtlar çiçəklənən, inkişaf edən, oxuyan, nəğmə deyən, qurulan bu şəhər bir günün içində yer üzündən silinmişdir. "Xocalı" abidəsi bundan sonra hər bir azərbaycanlıya onun tarixini, köklərini, məşəqqətli taleyini xatırladan bir abidə olacaqdır. Ola bilsin, bu abidə bütün bəşəriyyətə Xocalı şəhərinin adı ilə bağlı olan faciənin təkrarlanmasına yol verməmək çağırışı olacaqdır.

Sonra çıxış edən İbrahim Əhrari açılış mərasimində iştirak edənlərə minnətdarlığını bildirərək, abidənin yaradıldığı dövrdə keçirdiyi hisslərdən söz açmışdır.

İbrahim Əhrari Qərbi Berlinə 1966-cı ildə təhsil almağa gəlmişdi. Uzun illər Almaniya paytaxtında yaşayıb-yaratdığından Berlin onun üçün ikinci vətənə çevrilmişdir. Lakin o, bir gün də olsun öz köklərini, doğma diyarını unutmamışdır. Hazırda rəssam Berlində tanınmış qalereya sahiblərindən biridir. "Berlin-Bakı" qalereyası, demək olar, hər ay Azərbaycan və Almaniya sənətkarlarının əsərlərindən ibarət sərgilər təşkil edir. Azərbaycanda da onun tərəfindən Almaniya rəssamlarının xeyli sayda sərgiləri təşkil edilmişdir.

Sənətkarın sözlərinə görə, uzun illər Berlində yaşaması bu şəhəri əbədi olaraq ona sevdirmişdir. Burada onun özünü bütünlüklə incəsənətə həsr etmək imkanı yaranmışdır. Ona görə də əsər yaradıb onu şəhərə bəxş etmək qərarına gəlmişdir. "Xocalı" abidəsinin yaranması ideyası belə doğulmuşdur. Əhrari ümidvar olduğunu bildirmişdir ki, Berlinə gələn azərbaycanlılar Azərbaycan xalqının birliyinin, humanizminin amansızlıqdan üstünlüyünün, doğma yurdun yaralarının sağalmasının və əcdadlarının şəhərinin həyata qaytarılmasının rəmzi olan bu abidəni heç olmasa bir dəfə ziyarət edəcəklər.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 6.