Məzun necə iş tapır?

 

Dövlət Aqrar Universitetində bu məsələ səriştəli qurulub

 

Bu günlərdə aqrar universitetdə növbəti məzun yarmarkası təşkil olunmuşdu. İyirmi yeddi rayonun məsul işçiləri, doxsan üç təşkilatın nümayəndələri gəlmişdilər. Yarmarkada 582 vakant iş yeri təklif edilmiş, şəffaflıq şəraitində keçən bu mühüm tədbirdə 483 nəfər işlə təmin olunmuşdur. Bu, son illərdə Dövlət Aqrar Universitetində keçirilən üçüncü məzun yarmarkasıdır. İlk yarmarkaların hərəsində isə 300-350 nəfər işə düzəlmişdi.

Azərbaycan Dövlət Aqrar Universiteti ölkənin qocaman təhsil ocaqlarından biridir. Bu yaxınlarda 80 ili tamam olub. Ölkəmizdə müasir kənd üçün ixtisaslı mütəxəssis hazırlayan yeganə təhsil müəssisəsidir. Hazırda burada beş fakültə, otuz beş kafedra fəaliyyət göstərir. Otuz ixtisas üzrə dörd min tələbə oxuyur.

Dövlət başçısı İlham Əliyev ümumən ölkədə təhsilin inkişafına, eləcə də aqrar universitetə xüsusi qayğı və diqqət göstərir. Bu qayğı və diqqətin nəticəsidir ki, maddi-texniki baza getdikcə möhkəmlənir. Son bir neçə il ərzində bütün tədris korpuslarında əsaslı təmir-tikinti və abadlıq-quruculuq işləri aparılıb. Qısa müddət ərzində universitetin bütün korpusları istilik sistemi ilə təchiz olunub. Kafedralar, fakültələr laboratoriyalar, şöbə və bölmələr müasir tələblərə cavab verən kompüter texnikası ilə təmin edilib. Tədris prosesinin səmərəli təşkili üçün ən zəruri cihaz və avadanlıqlar alınıb. Gəncənin səfalı guşələrindən birində universitet şəhərciyi yaranıb.

Kollektiv həmişə yenilik sorağındadır. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"ndan irəli gələn müddəaların icrası ilə əlaqədar universitetdə xeyli struktur dəyişiklikləri aparılıb. Burada bir sıra yeni şöbələr, distant və əlavə təhsil mərkəzi, elm və beynəlxalq əlaqələr bölməsi, informasiya və kommunikasiya texnologiyaları mərkəzi, dispetçer qrupu, magistr hazırlığı mərkəzi və s. yaradılıb. Bundan başqa, universitetin idarə olunmasında tələbələrin, fəal iştirakı üçün gənclərin özünüidarəetmə sistemi - yəni tələbə parlamenti təşkil edilib. Beynəlxalq təcrübənin öyrənilməsi, tədrisin müasir tələblər səviyyəsində təşkili məqsədilə dünyanın aparıcı elm və təhsil ocaqları ilə əlaqə-ünsiyyət yaradılıb.

Təhsilin Balonya prosesinin tələbləri çərçivəsində təşkili və idarə edilməsi ilə bağlı aparıcı universitetlərin təcrübəsi tətbiq olunur. "Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, dünya təcrübəsi və yeni aqrar təhsil modeli" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransında altı xarici ölkədən, o cümlədən Türkiyə, Gürcüstan, Almaniya, İran, ABŞ və Norveçdən nümayəndələr iştirak ediblər.

Yeni təhsil modelinin tətbiqi ilə əlaqədar tədris məşğələləri müasir üsulla keçirilir. Bu məqsədlə professor-müəllim heyəti tərəfindən mühazirə mətnləri, seminar məşğələlərinin planları və dərs icmallarının elektron versiyaları hazırlanıb, kredit sisteminin tətbiqi ilə əlaqədar fənn proqramları yeniləşdirilib. Universitetin kollektivi "Tələbələr azad sahibkarlıq fəaliyyətində" adlı respublika yarışının qalibi olub. Bakıda, Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilən üçüncü Azərbaycan Beynəlxalq təhsil və karyera sərgi konfransında "Möhtəşəm debüt" mükafatına layiq görülüb.

Bir sözlə, işgüzar kollektiv öz imkanları daxilində səriştəli, bilikli, bacarıqlı mütəxəssislər hazırlamağa çalışır. Bəs onların işlə təmin edilməsi məsələsi necədir? Axı bu, bir sıra ali məktəblər üçün ən müşkül problemdir. Həmin məsələnin uğurlu həlli üçün Dövlət Aqrar Universitetində təcrübə və işədüzəltmə şöbəsi yaradılıb. Bu, günümüzün ən aktual problemidir. Prezident İlham Əliyev gənc mütəxəssislərin peşə hazırlığına və onların işlə təminatına xüsusi diqqət yetirir. Dövlət başçısı bu yaxınlarda gənclərlə görüş zamanı demişdir: "Bizim qarşımızda duran ən ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə olmalıdır... Hazırlıq səviyyəsi elə olmalıdır ki, menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var".

Universitetin təcrübə və işə düzəltmə şöbəsi məhz bu istiqamətə xidmət edir. Əsas məqsəd bakalavrların və magistrlərin tədris, istehsalat, diplomqabağı, elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə nəzarətə, tələbələrin və məzun olmuş gənclərin məşğulluq problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi və onların iş yerləri ilə təmin edilməsinə yardım göstərilməsinə nail olmaqdan ibarətdir. Şöbənin nəzdində gənclər üçün karyera mərkəzi də yaradılmışdır. Həmin mərkəzdə müntəzəm surətdə maraqlı tədbirlər, müxtəlif görüşlər, məsləhət saatları təşkil olunur.

Universitetin tələbələri 138 özəl və dövlət strukturlarında istehsalat təcrübələri keçirlər. Tovuzdakı Baltiya şirkəti, Samuxdakı Qaraçanaq üzüm emalı zavodu, Salyandakı Hacı Camalxan fermer təsərrüfatı, Şəmkirdəki "Şərq ulduzu" üzümçülük-şərabçılıq müəssisəsi ilə sıx əlaqə saxlanılır. Adları çəkilən müəssisələr burada təcrübə keçən oğlan və qızlara hər cür şərait yaradır. Lazım gələndə qalmaq üçün yerlər verir. Tələbələr nəqliyyatla, yemək-içməklə təmin olunurlar. Ən əsası budur ki, həmin müəssisələr gənc məzunlar arasından özləri üçün mütəxəssis seçirlər.

Dövlət Aqrar Universiteti təkcə ölkə daxilində əlaqələr qurmaqla kifayətlənmir. Bir sıra aparıcı dövlətlər ilə işbirliyi qurulub. Dörd ildir ki, universitetin tələbələri DEULA proqramı xətti ilə Almaniya Respublikasında istehsalat təcrübəsi keçir. Təcrübənin müddəti altı aydır.

Bütün bu qarşılıqlı əlaqə-ünsiyyət təkcə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yox, eyni zamanda onların işlə təmin edilməsinə, elmin aparıcı yollarına uğurla qədəm qoymalarına şərait yaradır.

Gənc mütəxəssis gərək vaxtında işlə təmin olunsun ki, həyatda öz yerini tuta bilsin. Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov deyir ki, hər il müntəzəm surətdə keçirilən məzun yarmarkaları gənc mütəxəssislərin işlə təmin olunmasında xüsusi rol oynayır. Cari ildə 675 nəfər gənc oğlan və qız universitetimizi bitirəcəkdir. Ümid edirik ki, illər boyu fəal oxuduqları üçün onlar yarmarka zamanı müvafiq yerlərdə özlərinə münasib iş tapa biləcəklər.

Azərbaycan Dövlət Aqrar Universiteti hər sahədə uğurlar qazanır. İndi onun fəaliyyəti dünyanın ən müxtəlif ölkələrində təqdir olunur. Elm, təhsil, mədəniyyət sahəsinə inteqrasiya etmək və müasir cəmiyyətin intellekt səviyyəsini yüksəltmək üçün verdiyi töhfələrə görə 2010-cu il üçün Avropanın ən islahatçı universitetlərindən biri hesab edilmişdir. Beynəlxalq miqyaslı bu uğura görə universitetin kollektivi Avropa Şurası Assambleyasının qərarı ilə "Elm və təhsildə nailiyyətlərə görə" qızıl medalına layiq görülmüşdür.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-1 iyun.- S. 7.