"Beyləqan"
Vəsimə İsmayılqızının "Beyləqan" adlı ensiklopedik toplusu nəfis tərtibatla, orijinal üslubda nəşr olunmuşdur. Kitab 11 bölmədən ibarətdir. Bölmələr mövzusunun ruhuna uyğun məqalə, şəkil, xəritə, sxem və cədvəllərlə zənginləşdirilmişdir. Müəllif hər bir məqaləni bir elmi mənbə səviyyəsində təqdim edir. Məqalələr kitabın tələbatına uyğun olaraq yığcam, lakonik üslubda tərtib olunsa da, özünün məna dərinliyi, məzmun dolğunluğu ilə oxucu tələbatını tam ödəyir. Kitabın tərtibi zamanı diyarın qədimliyini büruzə verən əlamətlərdən biri də bir sıra fotoşəkillərin, xəritələrin və sxemlərin orijinalda olduğu kimi ağ-qara təsvirdə verilməsidir.
Beyləqan keşməkeşli tarixə malik olan diyarlarımızdandır. Müəllif bölgənin tarixini peşəkar tarixçilərə məxsus səriştə ilə təqdim edir. Kitabda hər məqaləni oxuduqca göz önündə Mil düzünün, bütövlükdə Azərbaycanın, qədim Turan ellərinin zəngin təbiəti, iqlimi, maddi sərvətləri, mənəvi dəyərləri, məğrur insanları canlanır.
Kitabda yer alan
tarixi şəkillər adamı ötən əsrə
aparır. Ümummilli lider Heydər Əliyevin
Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar
və məqalələr isə bugünkü Beyləqanın
firavan və əzəmətli günlərinin
başlanğıcı kimi diqqət mərkəzinə gəlir.
Prezident
İlham Əliyevin Beyləqan səfərləri isə
regiona dövlət qayğısının təzahürü
kimi böyük qürur hissi ilə qələmə
alınmışdır. Belə səfərlərdə ölkə
Prezidenti Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının və digər dövlət
proqramlarının həyata keçirilməsi, regionun
infrastrukturunun genişləndirilməsi istiqamətində beyləqanlılara
yaxın dövlət dəstəyinin olduğunu dəfələrlə
vurğulamışdır.
Kitabın diqqətçəkən
və maraqlı bölmələrindən biri də Beyləqanın
mənəvi sərvəti olan insanlarına
ayrılmış "Şəxsiyyətlər"
adlanır. Bu bölmə öz əməlləri ilə yurda
şöhrət gətirmiş şəxslərin fotoşəkillərindən
və onlara həsr olunmuş məqalələrdən ibarətdir
və bunlar çox əhəmiyyətlidir.
Dövlət
siyasətinin həyata keçirilməsi üçün
Çernobıl fəlakəti zamanı
sağlamlıqlarını itirmiş şəxslər,
İkinci Dünya müharibəsində iştirak etmiş, həlak
olmuş, itkin düşmüş şəxslərin
siyahısı kitabda xüsusi yer alır.
Kitabda oxucunun
hisslərini kədərli notlar üstündə kökləyən
bölmə isə "Qarabağ müharibəsi şəhidləri"
adlanır. Bölməyə Beyləqan şəhidlərinin
fotoşəkillərindən və onlara həsr olunmuş məqalələrdən
ibarət qəhrəmanlıq qalereyası kimi baxmaq olar.
"Beyləqan
folkloru", "Beyləqan mətbəxi", "Beyləqanın
söz dünyası" bölmələrinin də kitaba
daxil edilməsi əsərin dəyərini artırır. Vəsimə
İsmayılqızı qələmindən ərsəyə
gəlmiş, Beyləqana və beyləqanlılara
ünvanlanmış bu əsər Azərbaycanın elm, sənət,
təhsil, mədəniyyət və salnamə tarixində
özünəməxsus yer tutacaqdır.
B.ƏZİZLİ
Azərbaycan.- 2011.- 1 iyun.- S. 7.