Göyün yeddinci qatında

 

"Azal" müstəqil Azərbaycanın uğurlarını dünyaya car çəkir

 

 Təyyarə bələdçisi xüsusi bir təbəssüm və nəzakətlə salona daxil olan sərnişinlərə yerlərini tapmaqda, əllərindəki əşya və yol çantalarını yerləşdirməkdə kömək edir. Bir azdan hamı bir nəfər kimi qoruyucu kəmərləri taxacaq, tavandakı xəbərdarlıq cihazları işıqlanacaq, enmə-uçuş zolağında "var-gəl edib yerini rahatlayan" hava gəmisinin mühərrikləri son dəfə var qüvvəsi ilə nərildəyərək ox kimi masmavi səmanın bağrına sancılacaqdı.

Bax beləcə, hər gün Azərbaycan Hava Yollarına məxsus təyyarələr mindən çox sərnişini dünyanın ən müxtəlif guşələrindəki ünvanlarına çatdırır. Təyyarəyə mindiyimiz andan hər birimiz "Azal"ın müştəridən daha çox "ev"inə təşrif buyurmuş əziz qonağına çevrilirik. Və bu evdə sənin məhz əziz qonaq olduğunu, arzulanan şəxs olduğunu nümayiş etdirmək üçün əldən-ayaqdan gedirlər. Bəs necə, bugünkü ciddi rəqabət əsrində bazarın diktəsi mənfəətlə yanaşı, adi peşə nəzakəti, insani davranış mədəniyyəti məsələsini də aktuallaşdırıb.

 

Müstəqillik illərinin aviasiyası

 

Bəlkə də bir qədər fəlsəfi səslənəcək, amma insan sosial varlıq olmaq etibarilə fərdiyyətçi və subyektivdir. Onun fərdi təsəvvürləri eşitdiklərindən daha çox gözləri ilə gördükləri, müşahidə etdikləri əsasında formalaşır. Əski sovet dönəmində müttəfiq respublika sakinlərinin güzəranı bir-birindən cüzi fərqlənirdi. Rifah göstəricisi olan avtomaşınların, istehlak mallarının çeşidi yekrəng idi. Aviasiyaya gəldikdə isə "doğma sosialist sənayesi" nə istehsal edirdisə, ona da qane olurduqEhava gəmiləri bu gün çoxumuza narahat və yöndəmsiz görünən "İl", "Tu", "YAK" təyyarələrindən, daxili naviqasiyada isə hətta "kukuruznik"lərdən ibarət idi. Bu gün isə...

Bu gün "Mən azərbaycanlıyam!" fəxarətini qürurla daşıyan hər bir ölkə vətəndaşı bilir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında, Azərbaycan xalqı və milləti qarşısında ən böyük xidmətlərindən biri bu ölkənin deklarativ müstəqilliyini onun həqiqi müstəqilliyinə çevirə bilməsi oldu. Məhz belə bir müstəqillik Azərbaycana çox şey bəxş etdi, onu böyük uğurların sabit limanına çevirdi. Aviasiyadan söhbət düşmüşkən deyək, məgər bu gün dünyanın ən məşhur paytaxtlarının, böyük şəhərlərinin hava limanlarında Azərbaycanın üçrəngli bayrağının rənginə bələnmiş ən müasir hava laynerlərini görəndə köksümüz öz ölkəmizdən yana keçirdiyimiz qürur duyğusundan qabarmırmı? Gəlin etiraf edək, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzini birləşdirən və ulu öndərin adını daşıyan prospektdən dünyanın hansı ölkəsində var?

Heç şübhəsiz, müstəqillik illəri Azərbaycan nəqliyyat sisteminin çox vacib qollarından biri, bəlkə də birincisi və belə demək mümkünsə, elitarı sayılan hava nəqliyyatının da inkişafına möhkəm təkan vermişdir. Bəlkə də "Azərbaycan Hava Yolları"nın son iki onillikdə keçdiyi yolu MDB-li "həmkarları" heç yaxın onilliklərdə də qət edə bilməyəcəklər. Bu, mübaliğə deyil, müqayisəli fakt və rəqəmlərdə özünü daha bariz və qabarıq şəkildə ortaya qoyan canlı gerçəklikdir. Dövlət qayğısının və mükəmməl idarəetmənin bariz təzahürüdür. Və belə bir irəliləyişin, liderlik ampluasının obyektiv-zəruri şərtləri vardır. Belə ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan tarixi ciddi ictimai-siyasi təbəddülatlar və sosial-iqtisadi sarsıntıların "köynəyindən" uğurla sıyrılıb çıxmış bir dövr idi. Tarazlı və düşünülmüş siyasi kurs, ölkənin milli mənafelərinə hesablanmış neft siyasəti və uğurlu iqtisadi islahatlar hər sahədə inkişafı, irəliləyişi qaçılmaz edirdi. Belə bir şəraitdə Azərbaycanın Qərbə çıxışı bir qədər bəsit şəkildə ifadə etsək, metro, taksi, qatarla deyil, təyyarə vasitəsilə reallaşdırılırdı. Ölkənin təyyarə parkı artıq sırf nəqliyyat vasitəsi olmaqla yanaşı, həm də bir simvol idi, Azərbaycanın siyasi iradə vasitəsilə qazanılmış iqtisadi qüdrətinin göstəricisi idi.

Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyət illəri Azərbaycanın müstəqillik tarixinin ən coşqun inkişaf salnaməsini yazmaqdadır. Bu salnamədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin məxsusi səhifələri vardır. Əgər Azərbaycanın inkişaf mənzərəsini tək elə bir sahənin inkişaf tempi ilə ifadə etmək zərurəti yaransa idi, nümunə qismində "Azal"ın nailiyyətlərini təqdim etmək yetərli sayılardı.

Azərbaycan Respublikası 1992-ci il oktyabrın 9-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO), 2002-ci ilin noyabr ayından isə Avropa Mülki Aviasiya Konfransının üzvüdür. Hazırda 29 dövlətlə hava əlaqəsi barədə hökumətlərarası razılaşma imzalanıb, 22-si ilə razılaşma ekspertlər səviyyəsindədir. 12 ölkə ilə belə razılaşmanın əldə edilməsi barədə işgüzar danışıqlar aparılır. Bütövlükdə Azərbaycan mülki aviasiya üzrə 22 beynəlxalq konvensiyaya qoşulub.

"Azal" müstəqil Azərbaycanın mülki aviasiyasının öncülü olmaqla fəaliyyət göstərdiyi ötən illər ərzində əldə etdiyi zəngin təcrübə və peşəkarlıq sayəsində daxili və xarici aviadaşımaların həyata keçirilməsində özünü etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu məqam QSC-nin prezidenti Cahangir Əsgərovun öz fəaliyyətində qarşıya qoyduğu başlıca prioritetlərdəndir və bu gün ortada olan konkret nəticələr həmin konsepsiyanın müvəffəqiyyətlə həyata keçirildiyindən xəbər verir.

Bu gün qanadlarında Azərbaycanın üçrəngli bayrağını daşıyan "Azal" dünyanın 14 ölkəsinə, o cümlədən 26 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Azərbaycana isə 15 ölkənin 33 şəhərindən 19 şirkət tərəfindən aviareyslər reallaşdırılır. "Azərbaycan Hava Yolları"nın dünyanın 12 ölkəsində nümayəndəliyi fəaliyyət göstərir.

Müstəqillik illərində respublikanın hava nəqliyyatı da sürətlə inkişaf etmişdir. Əgər 1996-cı ildə respublikanın hava parkı "B-727-235", "B-707", "Tu-154" və "Tu-134", "An" tipli təyyarələrdən ibarət idisə, 1997-ci ildən bəri aviaparkımız 10 ədəd "Airbus-320" və "319", 7 ədəd "ATR", dörd ədəd "Gulfstream",

3 ədəd "Cessna" və 6 ədəd "Boeinq" tipli təyyarələrlə zənginləşmişdir. 15 ədəd ən modern "Eurocopter", "Super Puma", "Mi", "Sikorsky" helikopterləri alınmışdır.

 

Əməkdaşlıq həm də inteqrasiya deməkdir

 

 Azərbaycanın artan iqtisadi qüdrəti, tərəfdaş ölkələrlə ticari-mədəni əlaqələrin yüksələn tempi, respublikamızın turizm imkanlarının genişlənməsi ölkəmizi bütün dünya üçün cəlbedici məkana çevirməkdədir ki, bu da milli hava yolları üçün yeni-yeni əməkdaşlıq imkanları, təzə marşrutlar deməkdir. Mart ayının 18-dən Bakı-İzmir-Bakı marşrutu üzrə yeni reys açılmış, ayın 28-dən isə Bakı-Kiyev-Bakı müntəzəm reysi bərpa edilmişdir. Uçuşlarının coğrafiyasını genişləndirən "Azal" mayın 16-dan etibarən Simferopol-Bakı reysini istismara buraxmışdır. Ümumiyyətlə, may ayı yeni reyslərin istismara verilməsi baxımından məhsuldar olmuşdur. Belə ki, ötən ay bir həftə intervalla Türkiyənin Trabzon və Birləşmiş Krallığın Aberdin şəhərinə aviauçuşlar təşkil edilmişdir. Son illər Almaniya ilə mədəni-iqtisadi əməkdaşlığın intensivləşməsi bu ölkənin Berlin, Düsseldorf və Münhen şəhərlərindən birinə daimi reys açılması zərurətini gündəmə gətirmişdir. Hər il olduğu kimi, bu il də yay aylarında ölkə vətəndaşlarının istirahət qayğılarını asanlaşdırmaq məqsədilə onların istifadəsinə Bakı-Antalya-Bakı və Bakı-Bodrum-Bakı mövsümi reysləri veriləcəkdir.

"Azal"ın beynəlxalq hava nəqliyyatı bazarındakı peşəkar və etibarlı tərəfdaş imici dünyanın məşhur aviaşirkətləri tərəfindən lazımınca dəyərləndirilir. Belə ki, aprel ayının əvvəlindən etibarən Azərbaycan Hava Yolları ilə BMİ aviakompaniyası arasında əldə olunmuş razılığa əsasən Londonla (Hitrou aeroportu) Bakı arasında hava gəmilərinin birgə istismarı həyata keçirilir. Bu razılaşma hər iki paytaxtın sərnişinlərinə rahat "Airbus" A319 və A320 təyyarələri ilə həftəlik 10 reys təklif etmək imkanı yaratmışdır. Bir qədər əvvəl Fransanın "Air Franse" (Şarl de Qoll aeroportu) aviaşirkəti ilə bağlanmış analoji müqavilə Sena sahilindəki Parislə Xəzərə sığınmış Bakı arasında həftədə üç reys həyata keçirməyi mümkün etmişdir.

"Azal"ın həm professional, texniki baxımdan, həm də imic olaraq qarşısında duran ən böyük məqsədlərindən biri uzaq məsafələrə, məsələn, ABŞ-a uçuşları həyata keçirməkdir. Bunun üçün müəyyən audit prosedurlarından keçmək lazım gəlir. Hazırda bu prosesə planauyğun hazırlıq işləri gedir. Azərbaycanlı şahinlər ümid edirlər ki, 2014-cü ildə Amerikanın hava məkanını fəth edə biləcəklər. Nə üçün məhz üç ildən sonra? Belə ki, Azərbaycan tərəfi məhz həmin tarixdə iki ədəd "Boeinq-787" drimlaynerini almaq barədə fəal danışıqlar aparır. Qürurverici faktdır ki, MDB məkanında ilk dəfə məhz Azərbaycan "arzuların layneri" adlandırılan bu cür supermüasir, dünyanın ən inkişaf etmiş ölkələrinin malik olduğu hava gəmilərini öz aviaparkına daxil edəcəkdir. Ölkənin hava məkanına daxil olacaq yeni təyyarələr, heç şübhəsiz, Yer kürəsinin ən müxtəlif ünvanlarına yeni uçuşlar, yeni əlaqələr, Azərbaycanın dünyaya yenidən tanıdılması sahəsində növbəti addım olacaqdır.

Yeni təyyarələr bu gün müasirlik və sürətlə yanaşı, həm də uçuşların təhlükəsizliyi anlayışını aktuallaşdırır. Çünki səmaya qalxan hər təyyarənin arxasınca yüzlərlə nigaran göz baxır, yüzlərlə insan ən müxtəlif dillərdə sağ-salamat yerə enmək üçün dualar edir. Və dünyanın hansı guşəsində yerə enməsindən asılı olmayaraq, sərnişinlər bir qayda olaraq pilotlara təşəkkürlərini alqışları ilə çatdırırlar. Bu mənada, "Azərbaycan Hava Yolları" QSC müasir təyyarələrin alınmasını həm də məhz təhlükəsizlik baxımından prioritet kimi dəyərləndirir. Sərnişinlərə xidmətin səviyyəsini yüksəltmək və aviaparkı beynəlxalq standartlar səviyyəsində komplektləşdirmək məqsədilə fevral ayında altı ədəd hər biri 174 yerlik "Aerobus-320" təyyarəsi alınmışdır. Daha bir ədəd bu tip təyyarə ölkəmizə bu gün - Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü gətirilir. Yenə də iyun ayında Azərbaycanın hava məkanında 198 yerlik "Boeinq 767-300-ER" layneri vətəndaşlıq hüququ qazanacaqdır. Eynitipli ikinci belə bir təyyarənin alınması isə gələn ilə planlaşdırılır.

Müstəqilliyin geridə qalan son 20 ili Azərbaycanın mülki aviasiyasının infrastrukturunun, material-texniki bazasının inkişaf və formalaşma mərhələsi kimi xarakterizə edilə bilər. Bura həm regionlarda müasir standartlara cavab verən beynəlxalq aeroportların inşa edilməsini, həm yeni, rahat və təhlükəsiz laynerlərin alınmasını, eləcə də yeni marşrutların istismara verilməsini aid etmək olar.

Ölkə Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi kompleks tədbirlərin nəticəsi olaraq bölgələrin xarici iqtisadi əlaqələrdə, eləcə də beynəlxalq daşımalarda iştirakının həcmi əhəmiyyətli dərəcədə artır. Məsələn, respublikanın cənub bölgəsinə diqqətin artması Lənkəran aeroportunu "darıxmağa" qoymur. Hazırda bu şəhərlə Moskva arasındakı hava əlaqəsini bir neçə aviaşirkət həyata keçirir. Gəncədən Moskva, Sankt-Peterburq, Kiyev, Naxçıvan və Bakıya sərnişin reysləri həyata keçirilir. Bütün bunlar nəyin göstəricisidir? Deməli, Prezident tərəfindən düzgün yönəldilmiş iqtisadi siyasət bölgələrin sosial mənzərəsini, əhalinin rifah halını yaxşılaşdırmaqla yanaşı, nəqliyyat infrastrukturunun inkişafına da təkan verir.

Sevindirici faktdır ki, bu ilin fevral ayında Avropa İqtisadiyyat Palatası (EEİG) Direktorlar Şurasının yekdil qərarı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti Qızıl dərəcəli Avropa Xidmət Standartına layiq görülmüşdür. Belə bir yüksək qiymət yalnız seçilmiş, nümunəvi kompaniya tələblərinə cavab verən, yüksək keyfiyyətli xidmət göstərən müəssisələrə verilir. Hazırda "Azal" MDB aviakompaniyaları arasında lider statusunu qoruyub saxlayır və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) Milli Aviadaşıyıcı kimi layiqli yer tutur.

Heç şübhəsiz, bu məsələdə uçuşların təhlükəsizlik səviyyəsinin artması və regionda ən yaxşı aeronaviqasiya sisteminin məhz bizdə olması da öz sözünü deyir. Heydər Əliyev Beynəlxalq Aeroportu BMAT təsnifatı üzrə ən yüksək - üçüncü kateqoriyaya layiq görülmüşdür. Bu o deməkdir ki, Bakıda istənilən hava şəraitində, istənilən tip hava gəmisi enə bilər.

 

"Dünyanın ən gözəl aeroportu Bakıda olacaqdır"

 

Sirr deyil ki, dünyanın hər bir yerində olduğu kimi, bizdə də təyyarənin trapından ayağını Azərbaycan torpağına basan əcnəbinin paytaxtımız, ölkəmiz, mədəniyyətimiz haqqında ilk təəssüratları aeroport binasında formalaşır. Və bəzən bu təəssüratı sonradan dəyişmək də çox çətin olur. Bakıda beynəlxalq standartlara cavab verən ilk aerovağzal kompleksi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə inşa olunmuş, qısa bir müddət ərzində uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri, radionaviqasiya və meteoavadanlıqlar müasirləri ilə əvəz edilmiş, uçuşların təhlükəsizliyini və rahatlığını təmin edən silsilə tədbirlər reallaşdırılmışdır. Bu gün böyük fəxrlə ulu öndərin adını daşıyan aeroport binası memarlıq həlli, texniki təchizatı ilə MDB məkanındakı analoqlarını bir boy qabaqlasa da, ölkənin müasir inkişaf tempi ilə, Prezident İlham Əliyevin milli aviasiyanın inkişafına ayırdığı prioritet mövqe ilə ayaqlaşa bilmir. Bu ilin mart ayında yeni aerovağzal kompleksinin tikintisinə başlanması ilə bağlı ali Prezident iradəsi məhz belə bir ehtiyacdan doğan zərurət kimi dəyərləndirilə bilər.

Təməlqoyma mərasimində iştirak edən dövlət başçısı demişdir ki, iki ildən sonra Bakıda yeni, gözəl və əzəmətli aeroport istifadəyə veriləcəkdir. İndiki aeroport artıq Azərbaycanın inkişafına uyğun deyildir. Azərbaycan sürətlə inkişaf edir, ölkəmizə gələnlərin sayı artır. Beləliklə, yeni və daha müasir aeroportun tikintisinə böyük ehtiyac var idi və çox istəyirik ki, bu aeroport həm funksional baxımdan, həm də gözəlliyi ilə seçilsin. Əminəm ki, dünyanın ən gözəl aeroportu məhz Bakıda olacaqdır.

Yeni aerovağzalın tikilməsində məqsəd sərnişin və yükdaşımalarla bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, həmçinin uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Əgər bu gün "Azal" gündə 2500-3000-ə yaxın sərnişin daşıyırsa, yeni layihə həyata keçirildikdən sonra bu rəqəm üç dəfə artaraq ildə 3 milyon sərnişin təşkil edəcəkdir. 1995-ci ildə "Azal"ın təyyarələri ilə 29 min ton yük daşınmışdısa, ötən il bu göstərici 51 min ton olmuşdur. Və sahə mütəxəssislərinin hesablamalarına görə, 2010-2029-cu illərdə dünya aviasiya bazarında sərnişin və yük aviatrafiki müvafiq olaraq 5,3 və 5,9 faiz artacaqdır. Bu isə aviakompaniyalar üçün milyardlarla mənfəət deməkdir. Bakıda yeni aerovağzalın tikintisi "Azərbaycan Hava Yolları" QSC-yə həmin layihənin fəal iştirakçıları sırasında olmağa imkan yaradacaqdır.

Milli və modern memarlıq elementlərinin sintezi əsasında üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Yeni terminalda 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Aerovağzal binasının ərazisində eyni vaxtda səkkiz təyyarəni qəbul edə biləcək teleskopik traplar olacaqdır. Mövcud terminal da tam müasirləşdiriləcək, buradan yerli aviareyslər həyata keçiriləcəkdir.

Beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaq, uçuş-enmə zolağının eni və uzunluğu dünyanın ən böyük aerobuslarını qəbul etməyə imkan verəcək, perron və yönəldici yollar yenidən qurulacaqdır.

Aeroportun mürəkkəb nəqliyyat infrastruktur kompleksi olmaqla yanaşı, həm də gözəl bir memarlıq abidəsi, estetik vahid olduğuna diqqəti yönəldən Prezident bu tikintidən nə gözlədiyi barədə belə demişdir: "Hazırda Bakıda və ölkəmizin digər şəhərlərində yeni gözəl binalar tikilir. O binalar ölkəmizin inkişafını göstərir. O binalar yeni Azərbaycanın rəmzlərinə çevrilir. O cümlədən bu aeroport - ölkəmizin giriş qapısı müasir Azərbaycanın inkişafını və indiki vəziyyətini əks etdirməlidir. Mən əminəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında öz gözəlliyi və funksional keyfiyyətləri ilə seçiləcəkdir".

Bu gün Azərbaycanın regionda lider statusunu təsbit edən faktorlar içərisində iqtisadi qüdrəti, siyasi nüfuzu, zəngin karbohidrogen ehtiyatları ilə paralel, transmilli geoiqtisadi maraqların kəsişməsində, mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi də önəmli rol oynayır. Azərbaycan artıq nəinki Cənubi Qafqazda, bütövlükdə Avrasiya məkanında ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən əməkdaşlıq paytaxtına çevrilmişdir. Ölkəmizin ərazisindən keçən istər hava, avtomobil, istərsə də dəmir və dəniz yolları, onların rahatlığına və təhlükəsizliyinə yüksək zəmanət Azərbaycanın və Bakının tranzit mərkəz kimi cəlbediciliyini artırmışdır. Bunun nəticəsidir ki, təkcə elə aviasiya vasitəsilə Bakı səmasından daşınan yüklərin həcmi ilbəil artır.

Ümummilli lider Heydər Əliyev deyirdi: "Azərbaycan Hava Yollarının ən mühüm vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir". Təsadüfi deyil ki, bu gün "Azal" tərəfindən tətbiq edilən təhlükəsizlik standartları ən yüksək beynəlxalq tələblərə cavab verir. Belə bir optimist qənaət dünyada ən nüfuzlu mülki aviasiya təşkilatı olan İCAO-nun ötənilki auditinin nəticələrinə əsaslanır. Hazırda QSC-nin rəhbərliyi və işçi heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, sərnişinlərə xidmət mədəniyyəti və keyfiyyəti, habelə dünya aviasiya ictimaiyyətinin gözündə aviakompaniyanın ümumi imicinin möhkəmləndirilməsi məqsədilə aviaşirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində gündəlik və məqsədyönlü iş aparılır.

Bu gün əminliklə söyləmək olar ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əldə etdiyi uğurların fəlsəfəsi çox sadədir: dövlət başçısının bu vacib sahəyə mütəmadi qayğısı, ağıllı və praqmatik idarəetmə və bir də insan kapitalı. Bəli, bu təşkilatda ölkənin sənaye infrastrukturunun şox spesifik, unukal kadr ehtiyatı cəmlənib. Burada hələ sovet aviasiya məktəbinin sonuncu "mogikanları" ilə çiyin-çiyinə milli təyyarəçilik məktəbinin nümayəndələri də çalışır. Azərbaycanda milli aviasiya kadrları hazırlayan elm-təhsil ocağının açılması müstəsna hadisədir. Hələ ulu öndər Heydər Əliyev deyirdi ki: "Mən xoşbəxtəm ki, Azərbaycan mülki aviasiyasının öz milli kadrları - təyyarəçiləri, mühəndis və mütəxəssisləri var və onlar bizim aviasiyamızı gələcəkdə də inkişaf etdirəcəklər".

Milli Aviasiya Akademiyası həqiqətən, Azərbaycanın müstəqilliyinin nailiyyətlərindən biridir. Həmin təhsil müəssisəsinə tanınmış alim, akademik Arif Paşayevin rəhbərlik etməsi isə buradakı təhsilin, elmi potensialın və maddi bazanın vəziyyəti barədə ən səhih məlumatı verir. Bu gün dövlətlərarası aviasiya komitəsinin mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsinə hüquq verən sertifikatına layiq görülmüş ali məktəbdə 2000 nəfərdən artıq tələbə 20 ixtisas üzrə aviasiyanın sirlərinə yiyələnir.

Sıralarında altı min nəfərdən artıq aviasiya işçisini birləşdirən şirkətdə texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması ilə yanaşı, sosial məsələlərin həllinə də xüsusi diqqət verilir. Aeroportun ərazisində fəaliyyət göstərən müasir tibb müəssisəsi uçuş və xidmət heyətinin sağlamlığının keşiyində dayanıb. Yaxın vaxtlarda Binə qəsəbəsindəki Milli Aviasiya Akademiyasının yaxınlığında "Aviator" şəhərciyi salınacaqdır. Bakının qələbəliyindən uzaq, rahatlıq, estetika və təhlükəsizlik baxımından bütün tələblərə cavab verən ilk dördbloklu binada 120 aviator mənzillə təmin olunacaqdır.

 

* * *

 

Bu gün Azərbaycanın mülki aviasiya işçilərinin peşə bayramıdır. Ölkə Prezidentinin 2006-cı il 18 may tarixli sərəncamı ilə hər il iyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dövlət başçısı aviasiya işçilərinin fədakar əməyini heç vaxt unutmur. Prezidentin 31 may tarixli sərəncamı ilə bu il də mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə altı nəfər "Tərəqqi" medalı ilə təltif edilmiş, beş nəfərə "Əməkdar pilot", bir nəfərə isə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.

Hələ uzaq 1938-ci ildə respublikamızda ilk aviasiya qrupu yaradılmışdı. O vaxtdan onillər keçib. Ölkəmiz inkişaf etdikcə onun aviasiya təsərrüfatı da simasını dəyişib, müasirləşib, modernləşib, müstəqil Azərbaycanın daha bir qürur və iftixar mənbəyinə çevrilib.

 

 

Xalid Niyazov,

 

Məhərrəm Səfərli,

"Azal"ın xidmət rəisi

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 2.