Azərbaycanın xarici işlər
naziri İKT-yə üzv dövlətlərini ölkəmizin
BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə namizədliyini dəstəkləməyə
çağırmışdır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT-nin baş qərargahında İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin BMT yanında daimi nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında daimi nümayəndəsi ölkəmizin İKT-nin fəal üzvü olduğunu vurğulamış, 2006-cı ildə İKT Nazirlər Komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini demişdir.
E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırmışdır. Nazir bu seçkilərdə İKT-yə üzv dövlətlərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırmışdır.
İclasda vurğulanmışdır ki, Azərbaycanda müstəqil siyasət aparılır. Bölgədə aparıcı dövlət olan ölkəmiz Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Qeyd olunmuşdur ki, BMT və İKT çərçivəsində bir sıra vacib layihələrin müəllifi olduğu ölkəmiz islam dünyasının tərkib hissəsidir. Bu mənada və coğrafi baxımından Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır və sivilizasiyalararası dialoqa böyük töhfə verir.
Eyni zamanda, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqqında ətraflı məlumat vermişdir.
Nazir BMT-nin Təhlükəsizlik
Şurasının 1993-cü ildə Ermənistan
qoşunlarının Azərbaycanın işğal edilmiş
ərazilərini azad etməsi ilə bağlı qəbul
etdiyi dörd qətnamənin Ermənistan tərəfindən
hələ də yerinə yetirilmədiyini təəssüflə
qeyd etmişdir. E.Məmmədyarov BMT-nin Nizamnaməsinə əsasən,
Təhlükəsizlik Şurasının bu cür qətnamələrinin
BMT-yə üzv dövlətlər tərəfindən yerinə
yetirilməsi öhdəliyinin olmasını
vurğulamışdır.
Azərbaycan.- 2011.- 2 iyun.- S. 3.