Ankarada İKT İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 27-ci iclası keçirilmişdir

 

Ankarada İslam Konfransı Təşkilatı (İKT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 27-ci iclası keçirilmişdir. İclasda təşkilata üzv ölkələrin, o cümlədən Azərbaycanın ekspertləri iştirak etmişlər.

Türkiyə Prezidenti Abdullah Gülün iclas iştirakçılarına videomüraciətində bildirilmişdir ki, bu gün dünyada artan rəqabət şəraitində islam ölkələrinin iqtisadi əməkdaşlığı həyati əhəmiyyət daşıyır. Bu ölkələrin bir çoxunda kifayət qədər yüksək potensial olsa da, imkanlardan yetərincə istifadə olunmur. Xüsusilə turizm, kommunikasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Türkiyənin dövlət başçısı islam dünyasında güzəştli ticarət sisteminin yaradılması təklifini bir daha səsləndirmişdir. İKT Standartlar və Metrologiya İnstitutunun yaradılması, İKT Birjalar Forumu, mərkəzi bankların sədrlərinin toplantıları bu istiqamətdə ilk addım kimi dəyərləndirilməlidir. Əsəs hədəf, 2015-ci ilədək islam ölkələri arasında ticarətin həcminin 20 faizə çatdırılmasıdır.

İKT-nin baş katibi Ekmələddin İhsanoğlunun müraciətində isə əsas diqqət islam ölkələrində yoxsulluğun azaldılması probleminə yönəldilmişdir.

İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsi 1981-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində islam ölkələri dövlət başçılarının zirvə görüşündə yaradılmışdı. Hazırda quruma Türkiyə sədrlik edir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 3.