Novruz Məmmədov: "Status-kvo
mütləq dəyişməlidir, bu, həm də zamanın
tələbidir"
Prezident Administrasiyasının
xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun
SəsTV-yə müsahibəsi
- Novruz müəllim, ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında imkanların tükənmədiyini deməyə əsas verirmi?
- Əlbəttə. Fransanın Dovil şəhərində "Böyük səkkizlər"in görüşü zamanı gündəliyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatın da salınması bir daha onu göstərir ki, beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həll olunması istəyinə diqqəti azalmayıb. Əslində, bu bəyanatı oxuyub tanış olandan sonra bir daha əmin olmaq mümkündür ki, beynəlxalq birlik mövcud münaqişənin tezliklə həll olunmasını istəyir. Bu, Dovil bəyanatında da öz əksini tapdı. Doğrudan da, dünyanın üç böyük dövlətinin hüquqi əsasları vardır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tələb etsinlər. Hər üç dövlətin nümayəndəsi ATƏT-in Minsk qrupunun tərkibində bu münaqişənin həlli üçün illərdir ki, çalışırlar. Bəzən onların fəaliyyətlərindən narazı olmuşuq, amma yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin danışıqlar və sülh yolu ilə həllində maraqlı olduqlarını göstərirlər. Bunun isə, zirvə nöqtəsi məhz üç prezidentin Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə çağırış bəyanatıdır.
- Dovil bəyanatında
"xalqları sülhə hazırlayın" dedikdə nə
nəzərdə tutulur?
- Dovil bəyanatı bugünə qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində gedən proseslərin ümumi bir nəticəsi kimi də qəbul edilməlidir. Çünki Dovil bəyanatına gətirib çıxaran proseslər ATƏT-in Minsk qrupu həmsədrlərinin son illər ərzində gördükləri işlər və qrup rəhbərliyi ilə Dağlıq Qarabağa qiymətləndirmə missiyasının səfər etməsidir. Qiymətləndirmə missiyasında həmsədrlərin də mövqeyində bir daha göstərilir ki, Dağlıq Qarabağ münaqişəsinin statusu, yəni vəziyyəti bugünkü kimi qala bilməz. Status-kvo mütləq dəyişilməlidir. Bu, həm də zamanın tələbidir. Belə halların uzun müddət qalması təhlükəlidir. Status-kvonun dəyişməsi məsələsinin ortaya çıxması həmin prezidentlərin bəyanatının mahiyyətini kəsb edir. Bu, o deməkdir ki, tezliklə münaqişə həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həll olunması isə müəyyən mərhələlərdən keçir. Aparılan danışıqların mahiyyəti də məhz bu mərhələlərin təşkil olunmasından ibarətdir. Bu mərhələlər Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarının işğaldan azad olunmasından başlayaraq, müəyyən bir vaxtdan sonra Dağlıq Qarabağ statusunun həll edilməsi kimi mövqenin bildirilməsi məsələsidir. Dovil bəyanatından sonra Ermənistan tərəfi başa düşməlidir ki, vaxtın uzadılması heç də onlara yaxşı bir şey vəd etmir. Ona görə də tezliklə regionda inkişafın, çiçəklənmənin təmin olunması, təhlükəsizliyin, sabitliyin bərpa olunması, eyni zamanda, Ermənistanın da bu çətin, ağır, böhranlı iqtisadi vəziyyətdən çıxarması üçün münaqişənin tezliklə həll olunması vacibdir. Bunun üçün də xalqı sülhə hazırlamaq mütləq lazımdır. Düşünürəm ki, Dovil bəyanatının mahiyyəti bundan ibarətdir.
- ATƏT-in Minsk qrupunun
üzvü olan ölkə prezidentlərinin bu bəyanatından
Ermənistan hakimiyyətinin nəticə çıxarması
nə dərəcədə gözləniləndir?
- Buna konkret cavab vermək bir qədər çətindir. Çünki erməni xislətinin nə olduğunu bilirəm və bunula bağlı mövqeyimi də hər zaman bildirmişəm. Ermənistan indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında və status-kvodan istifadə edərək müəyyən məqsədlərinə çatıblar. Amma düşünürəm ki, erməni ictimaiyyəti və xalqı görür ki, bu yol onları işıqlı gələcəyə deyil, qaranlığa sürükləyir. Ermənistan rəhbərləri bunu yaxşı başa düşüb anlamalı, öz iddialarından əl çəkməlidirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması, ilk növbədə, Ermənistan üçün lazımdır. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar.
- Novruz müəllim, Dovil bəyanatından
sonra Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin
Kazan şəhərində görüşü keçiriləcək.
Kazan görüşündə Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində hər
hansı bir razılaşmanın əldə olunması nə
dərəcədə gözləniləndir?
- Ümumiyyətlə, hadisələri məntiqi nöqteyi-nəzərindən təhlil etmək mümkün olarsa, o zaman ora bir sıra başqa böyük hadisələri də əlavə etmək lazımdır. Yəni danışıqlar ərəfəsində üç prezidentin bəyanatı çox mühüm hadisə hesab edilməlidir. Biz bunu bəyənirik, alqışlayırıq. Son bir neçə ildə Rusiya Prezidentinin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı cəhdlərini, səylərini nəzərə alsaq, düşünürəm ki, müəyyən bir nəticənin əldə olunması nöqteyi-nəzərindən nikbin olmalıyıq. Amma digər tərəfdən bir neçə dəfə təkrar olunmuş fakt var ki, danışıqlar prosesində Ermənistan hansısa məsələ ilə bağlı razılığını bildirib, amma 2-3 ay keçəndən sonra məsələni yubatmağa başlayıb. Müxtəlif bəhanələrlə mövqelərinin dəyişdiyini nümayiş etdirib. Bununla belə yenə də Kazan görüşünü gözləmək lazımdır.
- Əgər sizcə, Kazan
görüşü də nəticəsiz qalarsa,
danışıqların bundan sonra aparılmasına lüzum
qalırmı?
- Bu məsələyə, hələlik, konkret cavab vermək istəmirəm. Konkret cavab bildirmək üçün Kazan görüşünü və danışıqların nə ilə nəticələnəcəyini gözləsək və sonra mövqe bildirsək, daha yaxşı olar.
- Rəsmi Moskvanın
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll olunmasında artan fəallığı nə ilə əlaqədardır?
- Düşünürəm ki, bu, yaxşı əlamətdir. Ümumiyyətlə, Rusiya Federasiyası bu məsələnin tarixini, mahiyyətini, regionda baş verən prosesləri başqa dövlətlərdən daha yaxşı bilir. Ona görə də gələcəyə daha məntiqlə baxır. Digər tərəfdən isə, rəsmi Moskvanın son zamanlar bu məsələ ilə bağlı səylərinin artması onu göstərir ki, Rusiya özünün ədalətli bir arbitor olduğunu sübut etmək istəyir. Azərbaycan isə, bir dövlət olaraq, yaxşılığı həmişə qiymətləndirə bilir və heç vaxt unutmur.
- Ermənistan
işğalçılıq siyasətini bu gün də davam
etdirir. Lakin beynəlxalq birlik buna göz yumur. Bu, paradoksal vəziyyət
nə ilə izah olunur?
- Bu, doğrudan da, bir paradoksdur və bunun mahiyyətini müəyyən mənada anlayırıq. Amma bunu qəbul edib, razılaşa bilmirik və heç zaman da razılaşmayacağıq. Çünki Azərbaycan tərəfi birmənalı olaraq haqlıdır. Əslində, belə hadisələrin böyüyü-kiçiyi yoxdur. Dəfələrlə bu kimi məsələlərlə bağlı mövqeyimi bildirmişəm. "907-ci düzəliş", Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan arasında sərhədlərin açılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi və s. taleyüklü məsələlərdə, təəssüflər olsun ki, Qərbin - Avropanın bizə münasibətində tam ədalətli və səmimi mövqe görə bilməmişik. Kiçik məsələlərə gəldikdə isə, Bakı şəhərində müxalifətin 2 aprel icazəsiz aksiyası keçirildi. Aksiyalar zamanı müxalifətin müəyyən qrupları küçələrdə, izdihamlı yerlərdə, parklarda ictimai asayişi pozmağa cəhdlər göstərdi. Təəssüf ki, Qərb, yəni Avropa müxalifətin hüquqa zidd addımlarını müdafiə etməyə və Azərbaycanı buna görə tənqid etməyə başladı. Baxmayaraq ki, Azərbaycandakı söhbətləri zamanı Qərbin bütün nümayəndələri bildirirdilər ki, Azərbaycanın hüquq-mühafizə orqanları insanlarla çox normal davranır. Lakin qısa bir müddətdən sonra Gürcüstanda da belə bir hadisə baş verdi. Amma həm ABŞ-ın Gürcüstandakı səfirinin, həm də Avropa Birliyinin Gürcüstandakı səfirinin ümumi bəyanatlarının mahiyyəti bundan ibarət oldu ki, kimlərsə bu ölkədə zorakılıq vasitəsilə qarşıdurma yaratmaq istəyirlər. Belə bir mövqe bizə olan mövqedən tam fərqlidir. Ümumiyyətlə, ölkələr arasında müəyyən məsələlərdə rəqabət olur. Amma onun bu dərəcəyə çatmasını heç zaman istəməzdik. Bu, açıq-aydın qərəzli, ədalətsiz bir mövqenin nümayiş etdirilməsidir. Azərbaycan artıq elə bir səviyyəyə yüksəlib ki, hər halda, bu cür məsələlər müəyyən mənada bizi incitsə də, düşündürsə də haqsızlığa qarşı müqavimət göstərib, onları dəf etmək iqtidarındayıq.
- Novruz müəllim, sizcə,
bundan sonra aparılacaq danışıqlarda Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsi
nə dərəcədə müzakirə mövzusu ola bilər?
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqların statusu mərhələli danışıqlar statusudur. Yəni münaqişənin mərhələ-mərhələ həll olunması tamamilə düzgün, hər tərəfdən qəbul edilən, həmsədrlər tərəfindən də təsdiqlənən bir metoddur. Mərhələli həll isə, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarının işğaldan azad olunması, məcburi qaçqın və köçkünlərin yerlərinə qayıtmaları, ərazilərin minalardan təmizlənməsi və quruculuq işlərinin aparılması olacaq. Eyni zamanda, paralel olaraq bir mərhələ kimi regionda kommunikasiyanın açılması, müəyyən əlaqələrin qurulması da nəzərdə tutulur. Ondan sonra isə, ikinci mərhələ Laçın və Kəlbəcərin taleyinin həll olunması, Laçın dəhlizinin statusunun müəyyənləşməsi və azərbaycanlıların Dağlıq Qarabağa qayıtması olacaq. Proses bu mərhələ ilə sona yetməlidir. Təbii ki, rayonların işğaldan azad olunması, məcburi qaçqın və köçkünlərin yurd-yuvalarına qayıtması müəyyən zaman tələb edəcək. Ona görə də Dağlıq Qarabağın statusunun müəyyənləşməsi son mərhələ olacaq.
- Serj Sarkisyanın "müharibəyə
hazırıq" bəyanatını daxili auditoriyaya
hesablanan populist bəyanat hesab etmək olarmı?
- Ermənilər bu məsələ ilə özlərinin müəyyən məkrli planlarını sığortalamaq və dünya ictimaiyyəti qarşısında özlərini məzlum erməni xalqının sivil nümayəndələri olduğunu göstərmək istəyir. Amma onu nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti dünyada çoxları bilmir. Ermənilər də bundan istifadə edərək dünyaya yalan yaymaqla məşğuldurlar ki, adi insanlar düşünsün ki, Azərbaycan dövləti niyə müharibə etmək istəyir. Beləliklə, ermənilər özlərinin "sülhpərvər" mövqelərini möhkəmlətmək istəyir. Amma məsələ burasındadır ki, reallıq bizim tərəfimizdədir. Biz Ermənistanın bir qarış da olsun torpaqlarını tutmamışıq, heç ona iddiamız da yoxdur. Eyni zamanda, tez-gec işğalçı Ermənistan bilməlidir ki, Azərbaycan öz torpaqlarının sahibi olacaqdır. Bu, regionda gedən proseslərin məntiqi nəticəsi olacaq.
- KTMT-nin baş katibi Nikolay Bordyuja
belə bir ifadə səsləndirdi: Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın militarist ritorikası sayəsində
öz real həllini tapmır. Novruz müəllim, buna
münasibətinizi bilmək istərdik.
- Bordyuja bununla bağlı öz mövqeyini bildirdi ki, onu düzgün başa düşməyiblər. Bu məsələyə rəsmi mövqe bildirib məsələni gərginləşdirmək istəmirəm. KTMT-nin də baş katibi və digər nümayəndələri də yaxşı bilirlər ki, Azərbaycanın başqa ölkələrin ərazisinə iddiası qətiyyən yoxdur. Məlum təşkilata üzv olan bir sıra dövlətlər bütün hallarda bildirirlər ki, belə məsələlərə qarışmağa ehtiyac yoxdur. Digər tərəfdən Azərbaycan öz ərazisində hansısa bir addım atacaqsa, buna heç bir dövlətin qarışmağa hüququ yoxdur. Çünki bu, BMT tərəfindən bizə verilən hüquqdur.
Azərbaycan.- 2011.-2 iyun.- S. 3.