SABİRABAD Muğanın inkişaf rəmzinə çevrilir

 

 Sabirabad rayonu Aran iqtisadi zonasında yerləşir. Tarixi çox qədimlərə söykənir. Ölkənin iki böyük çayı - Kürlə Araz burada qovuşur. 1469,4 kvadratkilometr ərazisi olan bölgənin 63 min hektarı əkin üçün istifadə edilir. Burada əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Ötən əsrin 70-ci illərinədək bu rayon geridə qalmış yaşayış məskəni olub. Muğanın dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Sabirabada düz 14 dəfə səfər edib. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, rayona içməli su xətləri çəkilib, əhaliyə təbii qaz verilib. Lakin 80-ci illərin sonlarından başlayaraq rayonda geriləmə müşahidə olunub. Xüsusilə 90-cı illərin əvvəllərində zavod və fabriklərin çoxu öz işini dayandırıb. Bütün sahələrdə boşluq yaranıb, təsərrüfatsızlıq hökm sürüb.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu bölgədə də həyat yenidən canlanıb. Ölkənin hər yerində olduğu kimi, Sabirabadda da torpaq islahatı keçirilib, dövlət əmlakı özəlləşdirilib, kənd təsərrüfatının inkişafında uğurlar əldə olunub.

Sabirabadlılar dövlətə, dövlətçiliyə sadiq insanlardı. Rayonda son prezident, parlament və bələdiyyə seçkiləri əsl ümumxalq tədbirinə çevrilib. Sabirabadlılar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirərək öz səslərini yekdilliklə gücünə, səriştəsinə güvəndikləri cənab İlham Əliyevə veriblər.

Azərbaycan Prezidenti İlham Əliyev də sabirabadlıları daim diqqətində saxlayıb, onlara qayğısını əsirgəməyib. Ötən il Kür və Araz çaylarının yaratdığı təbii fəlakət zamanı rayon sakinləri bunun bir daha şahidi oldular. Əhali ən çətin anlarda dövlət başçısını öz yanında, fəlakət bölgəsində gördü. Prezident onlara himayədarlıq etdi, dərdlərinə şərik oldu, bütün zəruri köməyin göstərilməsini tapşırdı. Prezidentin fədakarlığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı, zərərçəkənlərə hər cür qayğı göstərildi.

Ölkə Prezidenti sel və daşqınların nəticələrinin aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün ötən ilin noyabrın 1-də Sabirabada səfər etdi, tövsiyə və tapşırıqlarını verdi.

Azərbaycan Prezidenti iş qrafikinin gərginliyinə baxmayaraq bu ilin mayın 5-də yenidən bu bölgəyə səfər etdi. Ölkə başçısına məlumat verildi ki, artıq fəlakətin törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb. Subasmaya məruz qalan əksər evlərin yerində möhkəm özüllü müasir 916 yeni ev tikilib, daha 87 evin tikintisi davam etdirilir. 89 evdə bərpa-gücləndirmə işləri aparılıb, dəymiş ziyana görə əhaliyə 10 milyon manata yaxın məbləğdə kompensasiya verilib, 12 sosial obyektdə, 5 orta məktəb binasında, 2 feldşer-mama məntəqəsində əsaslı təmir işləri başa çatdırılıb.

Prezident Sabirabad-Qasımbəyli-Harlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi, sonra həmin kənddə əsaslı təmir edilmiş orta məktəbin binası ilə tanış oldu və ictimaiyyətin nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşündə görülən işlərdən razılıq etdi, qarşıdakı vəzifələrdən danışdı, lazımi tövsiyə və tapşırıqlarını verdi.

 İndi Sabirabadda sözün həqiqi mənasında həyat qaynayır. Hər tərəfdə işgüzarlıq, yüksək əhval-ruhiyyə duyulur. Prezidentin bölgəyə səfəri rayonun sosial-iqtisadi inkişafında yeni dövrün başladığını təcəssüm etdirir. Bu dövr həm də onunla xarakterikdir ki, dövlət başçısının sərəncamı ilə rayona rəhbərlik bacarıqlı və təcrübəli kadr hesabına möhkəmləndirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bizimlə söhbətində maraqlı fikirlərə toxundu:

- Müdrik siyasət, məharətli idarəetmə bacarığı ölkəmizi dünyaya dinamik inkişaf edən demokratik və hüquqi bir dövlət kimi tanıdır. Prezident İlham Əliyevin misilsiz tarixi xidmətlərinin məntiqi nəticəsidir ki, Azərbaycan çox qısa zamanda regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın iqtisadi qüdrəti sürətlə artır. Bu isə öz növbəsində respublikanın bütün regionlarının sosial-iqtisadi inkişafını təmin edir. Təbii qəbul edilməlidir ki, abadlıq, quruculuq işləri bir rayonda daha sürətlə görülür, dönməz xarakter alan inkişaf ölkəmizin bütün bölgələrini əhatə edir. Qürur doğuran bu yüksəlişin, tərəqqinin böyük təşkilatçısı və istiqamətverəni isə Prezident İlham Əliyevdir. Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına həsr olunmuş müşavirədəki nitqində Prezident İlham Əliyevin kənd təsərrüfatını prioritet sahə elan etməsi aqrar rayon olan Sabirabadda da fəaliyyətin yeni istiqamətlərini müəyyən edir. Dövlət başçısının dediyi kimi, ölkə əhalisinin yarısı kəndlərdə yaşayır. Bu böyük əmək ehtiyatını hərəkətə gətirsək, kəndlinin maksimum faydalı məşğulluğunu təmin etsək, bunun çox böyük səmərəsi olar. Ölkədə ərzaq təhlükəsizliyinin daxili imkanlar hesabına təmin edilməsinin əsas bünövrəsini də məhz burada axtarmalıyıq. Demək istədiyim fikir odur ki, seçilən yol, müəyyən edilən istiqamət doğrudur. Biz də öz fəaliyyətimizi məhz bu yöndə qururuq. Məqsəd adamların fəallığını artırmaq, torpaqların hər qarışından səmərəli istifadə etməkdir.

Belə demək mümkünsə, rayonun yeni rəhbərliyi üzlərini kəndə çeviriblər. Hər iş günü kəndlərə səfərlə başlayır. Kəndlərin sosial problemləri öyrənilir, kəndli sahibkarın üzləşdiyi problemlər araşdırılır, onu aradan qaldırmaq yolları müəyyənləşdirilir. İcra hakimiyyəti tərəfindən son 20 gündə 2 minə yaxın rayon sakini fərdi qəbul edilib, 13 kənddə 4 min nəfərdən çox kənd sakini ilə görüş təşkil olunub. Rayonun əlaqədar idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi kəndlərdə keçirilən səyyar qəbulların, görüşlərin səmərəsi isə kifayət qədər böyükdür. Yerlərdə edilən müraciətlərin, qaldırılan problemlərin çoxu elə yerindəcə operativ həll olunur. Çətinə düşən vətəndaşın daha rayon mərkəzinə, paytaxta üz tutmasına ehtiyac qalmır.

Rayonda böyük abadlıq-quruculuq işlərinə də start verilib. Dövlət başçısının tapşırığı ilə daşqına məruz qalmış Əsgərbəyli kənd məktəbinin tam orta məktəbə çevrilməsi üçün əlavə korpusun və həmin kənddə yeni tibb məntəqəsinin, poçt binasının tikintisi üçün bütün zəruri tədbirlər görülüb.

Kür çayının sol sahilində yaşayan 7 kəndin 15 mindən çox əhalisinin rayon mərkəzi ilə əlaqəsini asanlaşdırmaq və rahatlıqlarını təmin etmək məqsədilə yeni körpünün salınması üçün layihə-smeta sənədləri hazırlanır. Yolların tikintisi də qarşıda duran vəzifələrdəndir. Yaxın aylarda Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun yenidən tikintisi nəzərdə tutulur. Şəhərin küçələrində və kənd yollarında əsaslı işlərin görülməsi də plandadır. İctimai yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri nəzərdə tutulub.

 Sabirabad şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar məsələ qaldırılıb. Sutəmizliyici qurğuların və nasos stansiyalarının yerləri müəyyənləşdirilib. Şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi də ayrılıb.

Rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri sürətləndirilib. Şəhərdə 16 çoxmərtəbəli yaşayış binasının qazlaşdırılması tamamlanmaq üzrədir. Artıq 4 kənddə - Nərimankənd, Qaratəpə, Əhmədabad və Ulacalıda qazlaşdırma işləri aparılır. Yaxın günlərdə isə daha 10 kənddə-Azadkənd, Beşdəli, Yaxa Dəllək, Minbaşı, Qarağac, Quruzma, Qaraqaşlı, Qəzli, Mürsəlli və Şıxlarda bu işə başlanacaqdır. Qazlaşdırmanın əsas özəlliklərindən biri də odur ki, qeyd etdiyimiz yaşayış məntəqələrinə qaz xətləri yenidən politilen borularla birpilləli sistem üzrə çəkiləcəkdir. Həm də fərdi evlərə qaz peçlərinə qədər bütün quraşdırma işləri dövlət vəsaiti hesabına aparılacaqdır. Evlərin qazlaşdırılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və ona çəkilən xərclər də əvvəlki kimi vətəndaş tərəfindən deyil, dövlət vəsaiti hesabına yerinə yetiriləcəkdir.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə xüsusi tədbirlər planı hazırlanıb həyata keçirilir. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün layihə işləri artıq yekunlaşıb və yaxın günlərdə işə başlanacaqdır.

Təhsil və səhiyyə obyektlərinin əsaslı təmir edilməsi və yenilərinin tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də geniş tədbirlər nəzərdə tutulub.

Şəhərdə köhnə və yöndəmsiz ticarət və ictimai iaşə obyektlərinin sökülüb yerində milli-memarlıq üslubunda yeni binaların inşasına diqqət artırılıb. Rayonda təmizlik və abadlıq işlərinə də xüsusi diqqət yetirilir.

Rayonun rəhbərliyi sahibkarlara qayğı və diqqət göstərilməsinə, onlara əlverişli şərait yaradılmasına böyük önəm verir. Təsadüfi deyil ki, icra başçısı ilk görüşlərindən birini məhz sahibkarlarla keçirmiş, özəl sektorun fəaliyyətinin canlandırılması üçün rayonda hər cür imkan və şərait yaradılacağını bəyan etmişdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada mövcud 156 min nəfər əhalinin 79 faizi, yəni 124 min nəfəri kəndlərdə yaşayır. Onların hər biri torpaq mülkiyyətçisidir, deməli, məşğulluqları təmin edilib.

Ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstəyinin nəticəsidir ki, təkcə bu il 17,4 min hektarda taxıl əkilib, 5,8 min hektarda bostan, tərəvəz məhsulları yetişdirilir. Pambıq əkini sahələri 2,1 min hektara çatdırılıb.

Ayrı-ayrı fermerlərin iri təsərrüfatlarda birləşməsi reallaşır. Artıq Axısxada Hətəmşah Məcidovun, Çölbeşdəlidə İlyas Nağdəliyevin başçılığı altında təşkil edilmiş iri təsərrüfatlarda taxıl, pambıq və digər kənd təsərrüfatı məhsullarının bolluğuna etibarlı bünövrə qoyulmuşdur. Müşahidələr göstərir ki, hektarların məhsuldarlığı əvvəlki illərə nisbətən daha yüksək olacaqdır.

Bu gün Sabirabad əvvəlki şöhrətini qaytarmaq əzmindədir. Bütün qüvvələr bu istiqamətə səfərbər edilib. İstiqamət düzgün, niyyət aydın olanda məqsədə çatmaq asan olur.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 4.