Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqlarında olmuşdur

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev və icraçı dekan Fariz İsmailzadə Səudiyyə Ərəbistanı Krallığının aparıcı təhsil ocaqları ilə əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə həmin ölkədə səfərdə olmuşlar.

İkigünlük səfər çərçivəsində H.Paşayev krallığın Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid əl-Dekhayel, ölkənin ən böyük universiteti - Səudiyyə Krallığı Universitetinin rektoru Abdulla bin Abdul Rəhman əl-Otaman, Şah Fəysal adına Araşdırma və İslam Tədqiqatı Mərkəzinin rəhbəri şahzadə Türki əl-Fəysal və paytaxt Ər-Riyadın meri, şahzadə Səlman əl-Səudla görüşmüşdür.

Görüşlərdə Hafiz Paşayev rəhbərlik etdiyi akademiyanın Səudiyyə Ərəbistanının təhsil ocaqları ilə diplomatiya, beynəlxalq münasibətlər, Yaxın Şərq və islam dini ilə bağlı araşdırmalar, müəllim və tələbə mübadiləsi, birgə treninqlərin keçirilməsində əməkdaşlığa açıq olduğunu bildirmişdir. Eyni zamanda, rektor H.Paşayev və Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid əl-Dekhayel anlaşma memorandumu imzalamışlar.

Rektor H.Paşayev həmin ölkənin aparıcı təhsil ocaqlarının rəhbərlərini Azərbaycana dəvət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 5.