Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində
olmuşdur
Kuba inqilabının öndəri
Fidel Kastronun oğlu, Kuba Respublikası Dövlət
Şurasının elmi işlər üzrə məsləhətçisi,
fizika-riyaziyyat elmləri doktoru Fidel Kastro Dias-Balart Bakı
Dövlət Universitetində olmuş, rektor, akademik Abel Məhərrəmovla
görüşmüşdür. Qonaq qeyd etmişdir ki, təmsil
etdiyi ölkə təbiət elmləri, xüsusilə bu elmlər
üzrə magistrant və doktorantların hazırlanması
sahəsində əməkdaşlıqda daha çox
maraqlıdır.
Akademik Abel Məhərrəmov
Azərbaycan xalqının Kubaya rəğbət bəslədiyini
qeyd edərək BDU-nun Kuba ilə elm və təhsil sahəsində
əməkdaşlığa məmnuniyyətlə hazır
olduğunu, bu sahədəki əlaqələrin əsasının
hələ sovet vaxtından qoyulduğunu bildirmişdir. Azərbaycan
və Kubada eyni elmi məktəbin olmasını diqqətə
çatdıran rektor bu əməkdaşlığın səmərəli
olacağına inandığını
vurğulamışdır.
Kubadan gələn qonaqlar
Bakı Dövlət Universitetinin nanotexnologiyalar üzrə
nailiyyətlərinə xüsusi diqqət yetirmişlər.
Fidel Kastro Dias-Balart demişdir ki, Kuba nanotexnologiyaların
öyrənilməsi sahəsində dünya
tendensiyalarından kənarda qalmaq istəmir. Qonaqlar BDU-nun Nano
Araşdırmalar Mərkəzi və müxtəlif
kafedralarında, elmi-tədqiqat laboratoriyalarında olmuş,
xoş təəssüratla ayrılmışlar.
Azərbaycan.- 2011.-2 iyun.- S.5.