Bakıda YUNESKO-nun Beynəlxalq
Bioetika Komitəsinin 18-ci sessiyası işini davam etdirir
İyunun 1-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası öz işini davam etdirmişdir.
AzərTAc xəbər verir ki, YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Lasonun sədrliyi ilə keçən sessiyada Bioetika Proqramının icrası məsələləri müzakirə olunmuşdur.
YUNESKO-nun Bioetika Bölməsinin rəhbəri xanım Dəfnə Feinholts 1993-cü ildən fəaliyyət göstərən, 2005-ci ildən isə müxtəlif ölkələri əhatə edən Bioetika Proqramı barədə məlumat vermişdir. Bildirmişdir ki, YUNESKO-nun dəstəyi ilə 14 ölkədə milli komitələr yaradılmışdır. Hazırda bununla bağlı 10 ölkədə isə danışıqlar aparıldığını deyən natiq bioetikanın tədrisində kadr hazırlığından, 6 dildə məlumat bazasının yaradılmasından, proqramın icra mexanizmlərindən danışmışdır.
YUNESKO-nun Moskva Bürosunun nümayəndəsi xanım Alla Ampar və Sankt-Peterburq Pastor İnstitutu klinik departamentinin rəhbəri xanım Olqa Kubar MDB dövlətləri üzrə bioetikanın tədrisində peşəkarlığın artırılmasından və beynəlxalq əməkdaşlığın perspektivlərindən söhbət açmışlar.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri Boris Yudin və AMEA-nın İnsan Hüquqları İnstitutu direktorunun müavini Vüqar Məmmədov "Şərqi Avropada bioetika: təcrübə, perspektivlər və yeni etik çağırışlar" mövzusunda çıxış etmişlər.
Sessiyada "Şərqi Avropada qanunvericilik tədbirləri: bioetika sahəsində YUNESKO-nun bəyannamələrinin icrası" əsas müzakirə mövzusu olmuşdur. YUNESKO-nun "İnsan və Biosfer" Azərbaycan Komitəsinin sədri, akademik Urxan Ələkbərov və Gürcüstan Tibbi Hüquq və Bioetika Cəmiyyətinin direktoru Civi Cavaşvilinin mövzu ilə bağlı məruzələri dinlənilmişdir.
Beynəlxalq
tədbirdə həmçinin Şərqi Avropada milli bioetika
komitələrinin təsis edilməsi və əlaqələndirilməsi
məsələləri, əldə olunan təcrübələr
barədə də fikir mübadiləsi aparılacaqdır.
Azərbaycan.- 2011.- 2 iyun.- S. 5.