Yeni Dövlət Proqramı bütün gənc təbəqələri əhatə edəcək

 

Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında bir qrup gənclə keçirdiyi görüşdə iştirak etmiş gənclərdən biri Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Günay Daşdəmirovadır. Eyni zamanda, Azərbaycan Diplomatiya Akademiyasında da Academic Writing fənni üzrə təhsil alan Günay Daşdəmirova hazırlanmaqda olan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı fikirlərini bölüşərək dedi:

- Bu görüş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması istiqamətində keçirilən ilk ictimai müzakirə idi. Həmin müzakirənin məhz cənab Prezidentin təşəbbüsü ilə keçirilməsi isə ölkə rəhbərinin Azərbaycan gəncliyinə olan diqqətinin təcəssümüdür. Görüşdə Prezident İlham Əliyevin yaratdığı səmimi atmosfer fikirlərimizi sərbəst şəkildə ifadə etmək üçün böyük imkanlar açdı. Gənclər onları düşündürən məsələlər və problemlərlə bağlı düşüncələrini, fikir və təkliflərini cənab Prezidentə dedilər. Ölkə rəhbəri səslənən təkliflərin demək olar ki, hamısını bəyəndi və onların icrası üçün lazımi tapşırıqlar verəcəyini bildirdi.

Sözsüz ki, bu görüş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının günün tələblərinə cavab verməklə hazırlanması üçün olduqca önəmli idi və onun səmərəli nəticələri olacaq. Görüşdən sonra gənclərin cəmiyyətdəki rolu və onların problemlərinin həlli daha da aktuallıq qazandı.

Gənclər siyasətinin əsas məqsədi gənclərin inkişafına, cəmiyyətdə özlərini təsdiq etməsinə şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Biz bu məqsədin reallaşdığını gündən-günə daha çox hiss edirik. Bu günlərdə "Eurovision" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşadanlar da məhz gənclərimiz oldular. Aparılan uğurlu siyasətin nəticəsidir ki, vətənpərvərlik və azərbaycançılıq prinsiplərinə sadiq, savadlı, təhsilli gənclər ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Buna görə də əminliklə deyə bilərik ki, qəbul ediləcək yeni Dövlət Proqramı Azərbaycan gəncliyinin həyatında mühüm rol oynayacaq.

Hazırda ən mühüm məsələlərdən biri gənclərin məşğulluğunun təmin edilməsidir. Yəqin ki, bu məsələyə Dövlət Proqramında xüsusi diqqət yetiriləcək. O cümlədən təhsilin keyfiyyətini yaxşılaşdırılması, peşə məktəblərinin müasir tələblərə cavab verməsinə və gənclərin peşə təhsilinə cəlb edilməsinə nail olunması, bir sıra sosial problemlərin aradan qaldırılması, xüsusən gənc ailələrə ipoteka kreditlərinin verilməsi qaydalarının sadələşdirilməsi, gənc alimlərə və intellektual fəaliyyətlə məşğul olan gənclərə dövlət qayğısının artırılması qəbul olunacaq proqramda öz əksini tapacaq. Fikrimcə, proqrama "Gənclər fondu"nun və beynəlxalq standartlara cavab verəcək Gənclər Mərkəzinin yaradılması da düşsə, yaxşı olar.

Dövlət Proqramı cənab Prezidentin də görüşdə vurğuladığı kimi, reallıqları əks etdirməlidir. Proqramın hazırlanması işinə gənclərin cəlb edilməsi də çox təqdirəlayiqdir. Onun icrasına da gənclər cəlb olunmalıdır.

Bu gün xalqımızın ən ağır problemi Dağlıq Qarabağla bağlıdır. Gənclərimiz bu problemin həlli üçün Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunması istiqamətində aktiv fəaliyyət göstərirlər. Xüsusən, sosial şəbəkələrdəki informasiya müharibəsində gənclərimizin fəallıq göstərməsi, Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan gənclərinin bu məsələdə fəallıqlarının göstəricisidir. Prezident İlham Əliyevlə görüşdə mənim verdiyim sual da dövlətimizin başçısının biz gənclərdən nə gözlədiyini eşitmək idi. Cənab Prezident qeyd etdi ki, bizə qarşı dünya erməniləri mübarizə aparırlar. Buna görə də gənclər və cəmiyyətimizin bütün üzvləri xüsusən internet vasitəsilə təbliğat işimizdə aktiv olmalı, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmalıdırlar.

Prezidentin bu cavabı gənclər üçün bir mesaj idi. Odur ki, onlar bundan sonra da bu işdə fəallıq göstərməli və Azərbaycan üçün hər kəs əlindən gələni etməlidir.

 

 

Rəşad CƏFƏROV

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 6.