Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatı keçirilmişdir

 

İyunun 1-də Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV) Bakıda 15-ci "Türk dünyasına xidmət" mükafatının təqdimatını keçirmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan və türk dünyasının böyük şəxsiyyətləri - ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsi yad edilmiş, hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Mərasimdə çıxış edən TÜRKSAV-ın başqanı Yəhya Akengin mükafatın Bakıda təqdim olunmasından məmnunluğunu ifadə etmişdir. O, türk dünyasının köklü mədəniyyətindən danışmış, mükafatın tarixi barədə məlumat vermişdir. Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və incəsənətindən, dünyada məşhur şəxsiyyətlərindən söhbət açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Yəhya Akengin ölkəmizin başına gətirilən müsibətləri dünyaya çatdırmaq üçün hərtərəfli fəaliyyət göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Mükafatın 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verildiyini bildirən Y.Akengin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya da "Türk dünyasına xidmət" mükafatını təqdim etməkdən qürur duyduğunu qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın birinci xanımı TÜRKSAV-ın idarə heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülmüşdür.

Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu üçün mükafat Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça təqdim edilmişdir.

15-ci "Türk dünyasına xidmət" mükafatının əhəmiyyətindən danışan türkiyəli səfir Azərbaycan-Türkiyə dostluğundan və qardaşlıq əlaqələrindən danışmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Kılıç problem həll edilməyənədək Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmayacağını bir daha vurğulamışdır.

H.Kılıç Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya mükafatı təqdim etməyin böyük şərəf olduğunu bildirmişdir.

Qeyd edək ki, mükafat Almaniyadan Yücel Feyzioğlu, Qazaxıstandan professor-doktor Dosay Kencetay, Şimali Kiprdən Mustafa Gökçeoğlu, Macarıstandan professor-doktor Edit Tasnadi, Türkiyədən Türk Dil Qurumunun rəhbəri Şükrü Haluk Akalın, Ali İhsan Kolcu, Çingiz Alyılmaz, Türkiyə Mühəndislər və Memarlar Birliyi və "Yeni Səs" dərgisi bu mükafata layiq görülmüşlər.

Mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat, incəsənət nümayəndələri və KİV təmsilçiləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 7.