Kanada parlamentində Azərbaycan Respublika Gününün qeyd edilməsi barədə bəyanat səsləndirilmişdir

 

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mayın 31-də Kanadanın Ontario əyalətinin parlamentində deputat Monte Kvinter Azərbaycanın milli bayramı - Respublika Gününün qeyd edilməsi barədə bəyanat səsləndirmişdir.

Bəyanatda bildirilir ki, 1918-ci ildə Azərbaycan Rusiya imperiyasından ayrılaraq öz müstəqilliyini elan etmişdir. Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika olduğu və bir çox Qərb ölkələrindən əvvəl qadınların seçki hüququnu tanıdığı qeyd olunmuşdur.

Bəyanatda həmçinin Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdiyi və bu il müasir və dünyəvi Azərbaycan Respublikasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanmışdır. Ölkəmizin son illər ərzində bəzi təhdidlər ilə üzləşməsinə baxmayaraq, xüsusilə iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində mühüm nailiyyətlər əldə etdiyi, Azərbaycanın uğurlarının Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirildiyi, ölkəmizin mühüm regional layihələr həyata keçirdiyi bəyanatda öz əksini tapmışdır.

Bəyanatın sonunda terrorçuluğa qarşı mübarizədə Azərbaycanın oynadığı vacib siyasi rol və Kanada əsgərləri ilə birgə ölkəmizin sülhməramlılarının Əfqanıstanda xidmət keçmələrinə diqqət yönəldilmişdir.

 

 

Azərbaycan.- 2011.-2 iyun.- S.7.