Aktyorun xatirə gecəsi

 

Artıq 9 ildir ki, Həsən Məmmədov həyatda yoxdur. Lakin o, kinofilmlərdə, qədirbilən tamaşaçıların qəlbində yaşayır. Hər dəfə oynadığı rollara baxdıqca böyük sənətkarı yad edir, həyatdan vaxtsız köçdüyünə acıyırıq.

H.Məmmədov 1938-ci ildə Salyan şəhərində doğulub. 1956-cı ildə orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyorluğa olan həvəsi onu tərk etməyib. 1958-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və aktyorluq fakültəsinə daxil olub. 1962-ci ildə məşhur teatr xadimi Mehdi Məmmədovun kursunu bitirib təyinatını Akademik Milli Dram Teatrına alır. Bir müddət burada çalışdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasına dəvət alır. 1992-ci ildə Akademik Milli Dram Teatrın direktoru Həsənağa Turabovun təkidli tələbi ilə yenidən teatra qayıdır və ömrünün sonuna qədər bu sənət ocağında işləyib.

Kinoda çəkildiyi çoxsaylı rollar H.Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da tacir Əsgər, "Gün keçdi"də Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Bizi bağışlayın"da Nəriman, "Axırıncı aşırım"da Abbasqulu ağa Şadlinski, "Sevil"də Balaş, "Yeddi oğul istərəm"də Bəxtiyar, "Bir cənub şəhərində"də Murad, "Bakıda küləklər əsir"də general və digər filmlərdə xarakterik obrazlar yaratmışdır. Bütövlükdə 80-nə yaxın filmə çəkilən H.Məmmədov 1971-ci ildə əməkdar, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. O, eyni zamanda keçmiş SSRİ-nin Azərbaycan Respublikasının Dövlət mükafatlarına layiq görülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi bu yaxınlarda böyük sənətkarın doğulub boya-başa çatdığı Salyanda "Ekranda yaşanan ömür" adlı tədbir keçirmişdir. Dövlət Film Fondunun nümayəndəsi, kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə Həsən Məmmədovun Azərbaycan kino sahəsindəki xidmətləri mözusunda məruzə etmişdir. Polad Zeynalov, Faiq Nəcəfov, Svetlana Abduləzizova və başqaları unudulmaz aktyorun yaratdığı obrazlarda əsl azərbaycanlı gəncinə, kişisinə xas olan cəhətləri böyük ustalıqla canlandırdığını söylədilər.

 

 

S.CAVADOV

 

Azərbaycan.- 2011.-2 iyun.- S.7