Dərsi azlar Ələsgərdən dərs aldı...

 

Elin, mahalın, nəhayət millətin, xalqın tarixi onun yaddaş salnaməsi sayılan folklorunda yaşayır. Ağız ədəbiyyatı kimi təqdim olunan folklor nümunələri də təbii ki, ayrı-ayrı müəlliflərin yaradıcılığından seçmələrdir. Müəyyən səbəblər üzündən, ən əsası isə sırf xalqın məişət və həyat tərzindən, dərd-sərindən danışdığı üçün, yəni bəzən "senzuralıq" olduğundan müəllifi gizli qalıb. Lakin zaman keçdikcə el-obanın içərisindən çıxaraq dədələşmiş, qorqudlaşmış, ozanlaşmış, aşıqlaşmış yaradıcı insanlar özlərinin bayatılarını, ağılarını, vəsf-hallarını, hərbə-zorbalarını, divanidən başlayaraq müxəmməsədək şeirin bütün növlərində bədahətən söylədiklərini dinləyicilərinin yaddaşına, sazın sinəsinə yazıblar.

 

Azərbaycan aşıq ədəbiyyatı qədim tarixə malikdir. Xalqımız Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn, Sarı Aşıq, Molla Cuma, Ağdabanlı Qurban, Aşıq Bəsti, Dədə Şəmşir və bu gün də ənənəni davam etdirən neçə-neçə saz-söz sənətkarı yetirmişdir.

Azərbaycan aşıq ədəbiyyatının qaynaqları müxtəlif olsa da, mahiyyət etibarilə xalqımızın tarixini, mədəniyyət və incəsənətini özündə yaşadır. Klassikləşmiş, bu sənətə aşiqləşmiş aşıqlarımızın Dədə Qorqud boylarından başlayan yolunun layiqincə davam etdirilməsində təkcə xalqın və onun sənət daşıyıcılarının deyil, zamanın və dövranın, eyni zamanda, hakimiyyətlərin də müəyyən və müxtəlif mənalarda təsiri az olmamışdır.

Bütünlüklə türk xalqlarının folklorundan yol başlayan aşıq sənəti zaman-zaman özünün kamil sənətkarlarını yetirib. Bu sırada dayananlardan biri də XVI əsrdən başlayaraq nəsil şəcərəsi davam edən Aşıq Ələsgərdir. O Ələsgər ki, Azərbaycan aşıq ədəbiyyatına yeni şeir növləri, hikmət və təravət gətirmişdir.

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgərin ustadlığa qədər keçib gəldiyi yol uzun və həm də məşəqqətlərlə dolu olub. Lakin dünyaya göz açdığı ulu Göyçənin "Aşıqlar mahalı" adlandırılması, sazın-sözün beşiyində laylasının çalınması ona ruhi qida vermiş, elə buna görə də uşaqlıqdan, ustadından sənət dərsi almamışdan mehr-məhəbbətini telli saza salmışdı...

Azərbaycan aşıq ədəbiyyatında özünəməxsus izi və dəst-xətti olan ustadlar məktəbinin banisinə çevrilmiş, on iki şəyirdini kamil sənətkar zirvəsinə ucaltmış Dədə Ələsgərin yaradıcılığından öncə onu yetişdirən Göyçə mahalının dəfələrlə erməni vandalları tərəfindən darmadağın edilməsi nəticəsində mənəvi sərvətimizim məhvindən söz açmaq istəyirik.

Bir əsrdə dörd dəfə qaçqınlıq, didərginlik taleyi yaşamış göyçəlilər məhrumiyyətlərə düçar olmuşdur. XX əsr isə Ələsgər ocağı, ümumiyyətlə, göyçəlilər üçün faciələr dövrü kimi yaddaşlara yazıldı. Əsrin əvvəlindən sonuna kimi dörd dəfə Göyçənin daşnaklar tərəfindən darmadağın edilməsi, viran qoyulması Azərbaycan aşıq ədəbiyyatının buradakı qoluna daha ağır zərbə vurmuşdur. Diri-diri tonqallara atılanların arasında Aşıq Ələsgər nəslinə məxsusların daha çox olması isə təsadüfi deyildi. Erməni vandallarının nə qədər amansız və qəddar olmasını, milli-mənəvi dəyərlərimizə və sənətimizə, həmçinin sənətkarlarımıza qənim kəsilməsini təsdiqləyən faktlardan ən ağrılısı Aşıq Ələsgərin şəyirdi və qardaşı oğlu Aşıq Nəcəfin kürəyinə qaynar samovar bağlanıb dirigözlü alışdırılıb-yandırılması idi. Barışıqlıq etmək bəhanəsi ilə Göyçənin tanınmış simalarını, o cümlədən Aşıq Nəcəfi Basarkeçərə çağıran daşnaklar ƏIəsgər ocağının da neçə-neçə başbilənini məhv etmiş - amansızcasına qətlə yetirmişlər.

Aşıq Ələsgər Göyçədən qaçqın düşərək 1918-1921-ci illərdə ailəsi ilə birlikdə Kəlbəcərin Qanlıkənd yaşayış məntəqəsində məskunlaşmış, doğma ellərə qayıtdıqdan beş il sonra (1926-cı ildə) vəfat etmişdir. Doğulduğu Ağkilsə kəndinin qəbiristanlığında dəfn edilmiş ustadın ziyarətə çevrilmiş qəbirüstü abidəsi 1988-ci ildən sonra daşnak vandalları tərəfindən dağıdılmışdır.

Aşıq Ələsgərin oğlu Talıbın söyləmələrinə görə, onların əcdadları "Arazın o tayından gəlmələr"dəndir. Ömrünü el şənliklərində keçirmiş aşığın Dədəlik tituluna nail olması da təsadüfi deyildir. Dədə Qorquddan yol başlayan Dədəlik aşıq Ələsgərdə daha əzəmətli və yaddaqalanlıq qazandı ki, bundan sonra həmin ada layiq görülənlərdən biri də Dədə Şəmşir idi. Erməni daşnaklarının Dədə Şəmşir yurduna da iki il ərzində iki dəfə od vurması taleyi bəd gətirmiş elimizin qədəri idi.

Aşıq Ələsgərin nəsil şəcərəsi: atasının adı Alməmməd (əslində isə Əliməmməd), onun da atasının adı Talıbxan olub. Ankarada 1987-ci ildə nəşr etdirilmiş (əlbəttə, Ələsgər ocağı tərəfindən) "Göyçəli Aşıq Ələsgər" kitabında tərtib olunmuş şəcərəyə görə, Ələsgərin ulu babaları Təhməz (sonralar Təhmas olduğu aşkar edilmişdir), Əbdüləzim və Heydərin nəsli Səfəvilər sülaləsindən üzübəri yol gəlmişdir.

Özündən əvvəlki ustad aşıqların ədəbi-bədii irsini dərindən-dərinə mənimsəyən Ələsgər bu sahədə elə bir zirvəyə ucalmışdır ki, sələfləri onu daim və əbədi olaraq yüksəklikdə görüblər.

Təcnis Alıdan (ondan öncə isə atası, şair Alməmməddən) beş ilə yaxın müddətdə kamil dərs alan Ələsgər özü də bu sənətə yeni gələnlərin ustadına çevrilmişdir. Aşığın nəvəsi İslam Ələsgərin tərtibatında 1991-ci ildə işıq üzü görmüş "Ələsgər ocağı" kitabının ön sözündə deyilir: "Bu ocaqda Dədə Qorqud qopuzunun müqəddəs xələfini özünə həmdəm edənlərdən doqquz nəfəri xalq arasında aşıq kimi tanınmışdır".

Lakin o da xüsusi olaraq vurğulanır ki, bu nəsildən aşıq şeirlərinin müxtəlif formalarında yazanların sayı iyirmidən artıq olmasına baxmayaraq, başqa aşıq və el şairləri kimi, nə birincilər (aşıqlar), nə də ikincilər (şairlər) ustad Ələsgər sənətinin gölgəsindən çıxa bilmədi.

Digər yaradıcı ozanlardan fərqli olaraq, Dədə Ələsgər aşıq poeziyasında xüsusi iz açan, öz dövrünədək məlum olmayan şeir növlərində danışmış, bir sözlə, Göyçə aşıq məktəbini yaratmışdır. Divani, təcnis, müxəmməs, tərcibənd, tərkibənd kimi şeir növlərini ədəbiyyata gətirən Aşıq Ələsgər eyni zamanda dodaqdəyməzləri, dildönməzləri ilə də fikrini ifadə etmiş və dövrünün ziddiyyətlərini xalqa çatdırmışdır.

Aşıq Ələsgər molla yanında dini təhsil aldığından, "Qurani-Şərif"in məziyyətlərini poetik dillə olduqca məharətlə çatdırmışdır.

Aşığın yaradıcılığında toxunulmayan, yəni tərifini almayan, yaxud tənqid olunmayan antipodlar demək olar ki, yoxdur. Ona görə də istər dövrünün, istərsə də özündən sonrakı aşıq məktəbinin yetirmələrinin istinad ünvanına çevrilib Dədə Ələsgər. Aran Qarabağla ulu Göyçənin təbiətinin vəsfini təcnislərinin birində ustad belə verir:

 

Var olsun Qarabağ, əcəb, səfalı...

Başa xaçın axar, ayağa Qarqar.

Göyçə qar əlindən zara gəlibdi,

Muğan həsrət çəkər: a yağa qar, qar...

 

Aşıq Ələsgər erməni zülmünün şahidi kimi, ötən əsrin əvvəllərində yaşadığı məşəqqətləri istər qoşma və gəraylılarında, istərsə də təcnis və divanilərində çox ustalıqla tarixləşdirmişdir. Deyirlər ki, Aşıq Ələsgər dağları o qədər vəsf edib ki, kim necə yazırsa-yazsın, sanki onun ruhundan qopub. Bununla yanaşı, ustad doğma Göyçəsindən didərgin düşdüyü illərdə dağların da qəribsədiyini poetik ovqata gətirmişdir. Bir vaxtlar, yəni bahar fəsli, yaz ayları gələndə süsənli-sünbüllü lalalı dağlar el-obanın yaylaq yerinə dönürdüsə, bu dəfə o, ayrılıqdan saralan dağlarda atların kişnəməməsini, türfə gözəllərin ayna bulaqlarda telini daramamasını "Kərəm gözəlləməsi", "Göyçəgülü", "Dilqəmi"... ilə oxşayırdı:

 

Bahar fəsli, yaz ayları gələndə,

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən aralı dağlar...

 

Bu tərifdən sonra Dədə Ələsgər dağların elsiz, çöllərin sürüsüz, çobansız, tütəksiz qalan çağlarında sanki nənələrin dilində bayatı qoşur, ağı deyirdi:

 

...Hanı mən gördüyüm qurğu-büsatlar?!

Dərdmənlər görsə, tez bağrı çatlar.

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar?!

 

Ötən əsrin 90-cı illərində Ələsgər yurdu kimsəsizləşdi. Dağlar, yaylaqlar el-obasız qaldı. Lakin yağıların yağmaladığı bulaqların zümzüməsi kəsilsə də, Dədə Ələsgərin nəğməyə çevrilmiş ilhamlı qoşmaları, təcnis və divaniləri... eşidilməkdədir. Aşıq sənətinin YUNESKO-nun Dünya İrs siyahısına daxil olunmasında da Aşıq Ələsgər poeziyasının mühüm rol oynaması danılmazdır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 7.