Vergilər uşaqların
gözü ilə
Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının dəstəyi ilə "Uşaq dünyası" qalereyasında "Vergilər uşaqların gözü ilə" adlı növbəti rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) icraçı katibi Marek Velençikin də qatıldığı tədbiri sarayın direktoru Bədayə Ramazanova açmış, rəsm müsabiqəsinin əhəmiyyəti, uşaqların yaradıcılıq təfəkküründə onun oynadığı rol barədə danışmışdır. Sonra Vergilər Nazirliyi Aparatının rəhbəri Asif Cahangirov tədbir iştirakçılarını salamlamış və qeyd etmişdir ki, belə rəsm müsabiqələri uşaqlarda dövlətçilik haqqında anlayışların yaranmasına, cəmiyyətin mühüm zümrəsi olan gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına xidmət edir.
Vergilər Nazirliyinin idarə rəisi Elçin Məmmədov isə rəsm müsabiqəsində ildən-ilə iştirakçıların sayının artdığını və daha maraqlı işlərin təqdim edildiyini vurğulayaraq bildirmişdir ki, bu cür müsabiqələr uşaqlarda vergilərin ictimai həyatda oynadığı rol haqqında təsəvvürlərin əmələ gəlməsinə imkan yaradır. Hər il bu müsabiqələrdə iştirak etmiş rəsm əsərlərinin nəfis albom şəklində nəşr olunaraq Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirildiyini deyən E.Məmmədov mükafata layiq görülmüş rəsm əsərlərinin çoxunun hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarını bəzədiyini nəzərə çatdırmışdır.
Balaca rəssamların
200-dən artıq rəsminin nümayiş etdirildiyi budəfəki
tədbirin də sonunda qaliblər müəyyənləşdirilərək
mükafatlandırılmışlar. Münsiflər heyəti
həmçinin asfalt üzərində çəkilən rəsmlərin
və inşaların qaliblərini də müəyyən
etmişdir.
Azərbaycan.- 2011.- 2 iyun.- S. 7.