Rüstəm Rəhimov: "Uşaq futboluna diqqət artırılmalıdır"

 

Xəbər verdiyimiz kimi, iyunun 6-da ölkə futbolunun 100 illiyi münasibətilə yubiley tədbirləri keçiriləcək. Bir əsrlik tarixi ərzində Azərbaycan futbolunun uğurları az olmamışdır. Ümumiyyətlə, ölkə futbolunun çiçəklənməsi ötən əsrin 50-60-cı illərinə təsadüf edir. O vaxt Bakının "Neftçi" klubu keçmiş SSRİ-nin ən güclü komandalarından sayılırdı. Müxtəlif dövrlərdə komandanın heyətində çıxış etmiş Ələkbər Məmmədov, Anatoli Banişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Səməd Qurbanov, Nazim Süleymanov, Vəli Qasımov kimi dəri top ustaları göstərdikləri yüksək səviyyəli oyunla azarkeşlərin rəğbətini qazanmışdılar.

Futbolumuzun tarixində dünya şöhrətli hakimlərimiz də dərin iz buraxmışlar. Tofiq Bəhramovu, Eldar Əzimzadəni indi də ehtiramla xatırlayırlar. Adlı-sanlı hakimlərimizdən biri də əməkdar idman xadimi Rüstəm Rəhimovdur. Hazırda AFFA-nın Futbol Akademiyasında gənc hakimlərin hazırlanması ilə məşğul olan Rüstəm müəllimlə görüşüb söhbət etdik. Əvvəlcə futbola gəldiyi dövrü xatırladı:

- Futbola gəlməyimin əsas səbəbkarı məşhur futbolçu Ələkbər Məmmədov olmuşdur. Atamla yaxın dost idi. O vaxt Ələkbər Məmmədov Moskvanın "Dinamo" klubunun şərəfini qoruyurdu. Onun səyi nəticəsində 1960-cı ildə "Neftçi" klubunda futbol oynamağa başladım. Bir müddət keçdikdən sonra elə oldu ki, Mahaçqalanın "Dinamo" (indiki "Anji") komandasından təklif aldım və karyeramı orada davam etdirdim. Daha sonra məşqçi Əhməd Ələsgərovun dəvəti ilə iki il Tacikistanın "Pamir" (Düşənbə) klubunun şərəfini qorudum. Doğma Vətəndən uzaq qala bilmədiyim üçün Bakıya qayıtdım. Gəncənin "Dinamo" komandasında çıxış edərək elə burada da futbolçu karyeramı başa vurdum.

- Sonra da hakimliklə məşğul oldunuz...

- Hakimliyə məşhur arbitr Eldar Əzimzadənin təkidi ilə başladım. 1977-1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə etdim. Daha sonra Vilnüsdə yerli "Jalgiris" və "Metallist" (Xarkov) arasında keçirilmiş görüşü idarə etmək mənə tapşırıldı. Həmin matçda "Jalgiris" 3:2 hesabı ilə qalib gəldi. Oyunun hakim-inspektoru məşhur məşqçi Mixail Yakuşin idi. O, hakimliyimdən razı qaldı, işimə yüksək qiymət verdi. 1987-ci ildə isə SSRİ-nin "10 ən yaxşı hakim" sırasına düşdüm. Artıq mənə çətin oyunlar həvalə olunurdu.

- Karyeranızda idarə etdiyiniz və hələ də unutmadığınız oyunlar arasında ən yaddaqalanı hansı olub?

- İdarə etdiyim oyunlar içərisində ən maraqlısı

1988-ci ildə Ukraynada "Dinamo" (Kiyev) və "Dinamo" (Moskva) komandaları arasında keçirilmişdir. Bu qarşılaşma prinsipial xarakter daşıyırdı. İki komandaya da vaxtilə SSRİ yığma komandasını çalışdırmış məşqçilər rəhbərlik edirdilər. Kiyevlilərin baş məşqçisi Valeri Lobanovski, moskvalılarınkı isə Anatoli Bışovets idi. Onların qarşılıqlı şəxsi münasibətləri son dərəcə pis olduğundan iki komanda arasında oyunlar gərgin və ağır keçirdi. Sözügedən matçın idarə edilməsi əvvəlcə iki hakimə tapşırılmışdı. Amma onların hər ikisi görüşə hakimlik etməkdən boyun qaçırdı. Axırda oyunu idarə etmək mənə həvalə olundu. "Dinamo" (Kiyev) görüşün son dəqiqəsində vurduğu qolla 2:1 hesabı ilə qalib gəldi.

- Hakimlik karyeranıza nə vaxt və niyə son qoydunuz?

- Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaradıldı. Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri seçildi, mən də onun tələbəsi kimi komitə sədrinin müavini vəzifəsini tutdum. Artıq 45 yaşım tamam olmuşdu. Çox yorulmuşdum. 1994-cü ildə "Birlik Kuboku" turnirinin "Spartak" (Moskva) - "Paxtakor" (Özbəkistan) final qarşılaşması hakimlik etdiyim sonuncu oyun oldu.

- Ölkədə hakimlərin hazırlıq səviyyəsi necədir?

- Hazırda gənc hakimlər kursuna rəhbərlik edirəm. Gələcək vəd edən arbitrlər yetişir. Ən böyük arzum onları beynəlxalq miqyaslı yarışlarda, dünya və Avropa çempionatlarının seçmə və final mərhələlərində görməkdir.

- Futbolumuzun bugününü və gələcəyini necə görürsünüz?

- Əvvəla onu qeyd etmək istərdim ki, 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının qəbulundan sonra ötən altı il ərzində xeyli iş görülmüşdür. Yeni meydançalar tikilir, komandaların şəraiti yaxşılaşdırılır. Ən vacibi isə alt qrupların inkişafına diqqət yetirməkdir. Futbolumuzun gələcəyi bu uşaqlardan asılıdır. Sağ olsun cənab Prezident. Onun diqqət və qayğısı nəticəsində ölkədə futbolun inkişafı üçün hər cür şərait yaradılmışdır. AFFA-nın rəhbərliyi də bu istiqamətdə ardıcıl işlər görür. Futbol məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, regionlarda futbol turnirlərinin təşkil edilməsi buna əyani sübutdur.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2011.-2 iyun.- S. 8.