Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Demokratik Respublikasının yaranması gününün qeyd olunması münasibətilə Litva xalqı adından və öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə qüvvət, müdriklik və daimi cansağlığı, ölkənizin xalqına rifah, sülh və əmin-amanlıq diləyir, ən xoş arzularımı çatdırıram.

Mayın əvvəlində apardığımız açıq və səmimi söhbəti xoş təəssüratla xatırlayaraq ölkənizi və bütün Qafqaz bölgəsini əhatə edən problemlərin sülh yolu ilə həll olunacağına tam əmin olduğumu bildirmək istərdim. Həmçinin qeyd etmək istərdim ki, Litva Avropa İttifaqının üzvü və ATƏT-in sədri kimi həmin prosesə yardım etmək üçün bütün mümkün olan səyləri göstərəcəkdir.

Mən inanıram ki, sülh danışıqları ölkənizin rifahının, xalqınızın firavanlığının artırılmasının və təmin edilməsinin yeganə yoludur. İnanıram ki, ənənələrin və müasir meyillərin ölkənizdə müşahidə etdiyim heyrətamiz vəhdəti bölgədə digər ölkələr üçün iqtisadi, siyasi və sosial inkişaf nümunəsi olacaqdır.

Fürsətdən istifadə edərək, Sizə Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bir daha Sizi milli bayramınız münasibətilə təbrik edirəm.

Cənab Prezident, ən yüksək hörmət ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

Dalya QRİBAUSKAYTE,

Litva Respublikasının Prezidenti

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 1.