ABŞ konqresmenləri Respublika Günü münasibətilə Azərbaycanı təbrik etmişlər

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 konqresmen, o cümlədən Bill Şuster (Pensilvaniya ştatı, respublikaçı), Dən Boren (Oklahoma, demokrat), Virciniya Foks (Şimali Karolina, respublikaçı), Linn Vulsi (Kaliforniya, demokrat), Şelli Kapito (Qərbi Virciniya, respublikaçı), Edolfus Tauns (Nyu-York, demokrat), Ed Pastor (Arizona, demokrat) və Ed Uitfild (Kentaki, respublikaçı) ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış etmişlər.

ABŞ Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Dən Boren öz bəyanatında Azərbaycanın dünyəvi və demokratik bir dövlət olduğunu, ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına böyük dəstək verdiyini və nüvə silahlarının yayılmaması sahəsində ABŞ ilə sıx əməkdaşlıq etdiyini bildirmişdir.

Konqresmen Linn Vulsi AXC-nin müsəlman dünyasında ilk demokratik respublika olduğunu, ABŞ-dan iki il öncə qadınlara seçki hüququ verdiyini vurğulamışdır. O, Azərbaycanı geniş dini azadlıqların mövcud olduğu, siyasi və iqtisadi cəhətdən sabit, dünyəvi və müasir bir dövlət kimi səciyyələndirmiş, ölkəmizi ABŞ-ın güclü müttəfiqi adlandırmışdır.

Konqresmen Şelli Kapito öz bəyanatında Azərbaycanı dini və etnik dözümlülüyün bariz nümunəsi adlandıraraq, burada güclü və fəal yəhudi və xristian icmalarının sərbəst fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Konqresmen Edolfus Tauns isə öz çıxışında Azərbaycan ilə ABŞ arasında güclü münasibətlərin formalaşdığını və bu gün Azərbaycanın qlobal enerji təhlükəsizliyində aparıcı oyunçulardan birinə çevrildiyini bildirmişdir. O, 2009-cu ildə İsrailin neft idxalının 25 faizinin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayaraq, Azərbaycanın "Nabukko" qaz kəməri üçün aparıcı potensial mənbələrdən biri olduğunu qeyd etmişdir.

Konqresmen Ed Pastor qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın son üç ildə güclü iqtisadi artıma malik olduğunu bildirmişdir. O, Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edildiyini vurğulamışdır.

Konqresmen Ed Uitfild isə öz bəyanatında Azərbaycanın coğrafi mövqeyinin onu müxtəlif millətlərin və dini ənənələrin qovşağına çevirdiyini, ona Qərb ilə Şərq arasında mədəni və siyasi körpü rolunu oynamaq imkanını qazandırdığını bildirmişdir. O, Azərbaycanın nüfuzlu yazıçı və sənətkarlarının Cənubi Qafqaz bölgəsinin mədəniyyətinə böyük töhfələr verdiyini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 1.