Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak etmişdir
İtaliyanın Venesiya şəhərində növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi öz işinə başlamışdır.
İyunun 1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak etmişdir.
Bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi aksiyasıdır. Noyabr ayına qədər davam edəcək bu sərgidə 100-dək ölkə öz pavilyonları ilə iştirak edəcəkdir. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır. 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və 15-ci əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) yerləşir.
Bu il Azərbaycan pavilyonu
"Relations of Baku" devizi altında çıxış
edir. İşçi qrupunun və
iştirakçıların vahid qənaətinə görə,
bu, "Bakıya məxsus" kimi izah olunur.
Azərbaycanı Biennaledə
altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov,
Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa
Hüseynov təmsil edirlər. Bu fırça
ustalarının əsərləri müasir incəsənət
vasitəsilə Azərbaycanı tanıtmaq və ölkəmizdə
yaşayan insanların xarakterini Qərb
tamaşaçısına çatdırmaq baxımından əvəzolunmaz
fürsətə çevrilmişdir.
Builki Venesiya Biennalesinin
mövzusu və konsepsiyası əsasən illüminasiyaya, yəni
millətlərin işığına həsr olunmuşdur.
Modernist rəssamlarımızın əsərləri
müasir incəsənət və bu sənət
növünün imkanları vasitəsilə Qərb
tamaşaçısında paytaxtımızın qədim və
müasir görkəmi, ölkəmiz, burada yaşayan insanlar
haqqında zəngin təəssürat yaradır. Realist
çalarlarla, fərqli forma və rənglərlə diqqət
çəkən bu yaradıcılıq nümunələri
ilk baxışdan bir qədər sərt görünsə də,
əslində, heyrətamiz gözəlliyi və maraqlı
işlənmə texnikası ilə diqqəti cəlb edir. Sərginin
zəngin toplusu bu müasir sənətin xüsusiyyətlərinin
açıqlanmasına imkan verir.
Həqiqətən, parlaq və
orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin
nümunələri özəlliyi ilə seçilir.
Buradakı əsərlər estetik tərbiyə, bədii
zövqün inkişafı, fərqli düşüncə
üçün gözəl imkanlar açır. Sərgidəki
əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən
hətta gözlənilməz ifadə texnologiyası tətbiq
edilmişdir.
Venesiya Biennalesində Azərbaycan
pavilyonu onu da təsdiqləmişdir ki, müasir incəsənət
əsərlərində müəllif yeni obrazlar axtarmaqla
yanaşı, həm də onların yeni ifadə formaları
üzərində çalışır. Bu sahədə əsər
yaradan hər bir fırça ustası seçdiyi mövzu
haqqında ən dolğun məlumat vermək
üçün özünəməxsus ifadə
üsullarından istifadə edir. Müasir incəsənət
üslubunu seçənlər əsərləri ilə
tamaşaçını dialoqa, diskussiyaya
çağırırlar. Müasir incəsənətin ən
parlaq aspekti onun qeyri-müəyyənliyidir.
Sərgiyə gələnlər
tükənməz təsir bağışlayan əsərlərə
böyük maraqla baxmış və bir daha Azərbaycan mədəniyyətinin
bütün istiqamətlərdə inkişaf etdiyinin
şahidi olmuşlar.
Avanqard çalarlarla zəngin
olan bu sərginin ovqatı həm də bir reallığı
ortaya qoymuşdur ki, Azərbaycanda mədəniyyətə, sənətə
və sənətkarlara hər zaman böyük diqqət
göstərilmişdir. Ölkəmizdə mədəniyyətin
inkişafı üçün daha münbit şəraitin
yaradılması, mədəniyyət və incəsənət
nümayəndələrinin azad yaradıcılıq
imkanlarının təmin edilməsi yolunda müntəzəm
olaraq həyata keçirilən tədbirlər də bu
reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə
yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin
inkişafını fəaliyyətində prioritet istiqamətlərdən
birinə çevirmişdir.
Sərgidə Azərbaycan
pavilyonunun açılışı xarici kütləvi
informasiya vasitələrinin diqqət mərkəzində
olmuşdur. Bir sözlə, Venesiya Biennalesindəki pavilyonumuz
öz maraqlı formatı və qeyri-adi əsərləri ilə
diqqəti çəkmişdir. Parlaq və orijinal
ideyaların vəhdətindən ərsəyə gələn
bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin
özəlliyindən xəbər vermişdir. Orijinal
zövqün, maraqlı düşüncənin, incə ruhun
vəhdətdə təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi
ifadə texnologiyaları tamaşaçılarda böyük
maraq doğurmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-3 iyun.- S. 2.