Heydər Əliyevin nitqində neologizmlər

 

Ulu öndər Heydər Əliyev deyirdi: "Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz".

Ulu öndərin canından əziz sandığı Azərbaycan dili də, digərləri kimi, inkişaf edir, zənginliyini qoruyur, dəyişən və yeniləşən dünya xalqlarının dilləri arasında özünəməxsusluğunu saxlayır.

Cəmiyyətdə baş verən ciddi dəyişikliklər dövründə dilə yeni sözlərin - neologizmlərin daxil olması başlayır. Bu baxımdan sovet imperiyasının süqutu siyasi, iqtisadi, eləcə də mənəvi sahələrdə dəyişikliklər törətdi ki, bu da dilimizə çoxsaylı neologizmlər gətirdi. Məhz həmin dövrlərdə bu neologizmlər Heydər Əliyevin nitqində özünəməxsus tərzdə auditoriyalarda dinləyicilərə çatdırılmağa başlandı.

Böyük natiqin siyasi sahədə dilimizdə işlətdiyi neologizmlərin əksəriyyəti bu gün ümumişlək sözlərə çevrilmişdir. Belə neologizmlər sırasına sivilizasiya, mentalitet, referendum, konstruktivizm və s. nümunə göstərə bilərik: "Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində qurulmuşdur, yüksək tərbiyə üzərində qurulmuşdur".

Ulu öndər təhsilə, elmə, tərbiyəyə söykənən dünya sivilizasiyasının inkişafında islam dünyasının rolunu önə çəkir: "Biz, haqlı olaraq, fəxr edə bilərik ki, islam dünyası ümumbəşəri sivilizasiyaya öz layiqli töhfəsini vermişdir və neçə əsrdir ki, onun mənəvi inkişafına və təkmilləşdirilməsinə kömək edir".

İslam sivilizasiyasının erməni təcavüzünə məruz qalmasını dünyaya çatdırarkən də ulu öndər dilimizə yeni daxil olan neologizmlərdən məharətlə istifadə etmişdir: "Ən qədim müsəlman sivilizasiyasının bütün izləri Yer üzündən silinir".

Həmçinin müstəqilliyə nail olmaq üçün xalqın ənənəyə qadir olmasını ifadə edərkən söylədiyi fikirlərə diqqət yetirsək, ümumişlək sözlər pasportu qazanmış neologizmlərə rast gələrik: "Müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun. Xalqın mentalitetini qaldırmaq isə bir-iki günün işi deyil".

Bu fikirləri irəli sürərkən ulu öndər Heydər Əliyev Azərbaycan vətəndaşlarını dünya sivilizasiyasına qovuşmağa, inteqrasiyaya səsləyir.

Ümummilli liderin nitqində geniş səslənən siyasi neologizmlərdən biri də plüralizmdir: "...Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir".

Maraqlısı odur ki, ulu öndər dilimizə yenicə daxil olan Avropa mənşəli sözlərin mənasını da bir çox hallarda açır və izah edir. Bu mənada, Heydər Əliyev çıxışının digər bir hissəsində plüralizm sözü özünün izahını tapır: "Azərbaycanda siyasi plüralizmdir, qəzetlər istədiyini yazır, partiyalar fəaliyyət göstərir və tam zəmanət verirəm ki, bu partiyalar parlament seçkilərində iştirak edəcəklər".

Vaxtilə texniki ədəbiyyatımıza daxil olan konstruksiya, konstruktor ümumişlək sözlərinə müstəqillikdən sonra siyasi iradələrin bir araya gəlməsi kimi başadüşülən yeni bir neologizm - konstruktivizm qoşuldu: "Avropada ATƏM-in zirvə görüşü çoxmillətli sülhü mühafizə qüvvələrinin təşkil olunub münaqişə zonasına göndərilməsi haqqında mühüm qərar qəbul etmişdir. Bu, ATƏM iştirakçısı olan dövlətlərin səyləri və bizim onlarla konstruktiv əməkdaşlığımız sayəsində mümkün olmuşdur".

Cəmiyyətin sosializm adlı iqtisadi formasiyadan geriyə - öz əvvəlki halına qayıdışı dilimizə iqtisadi neologizmləri gətirdi. Bu neologizmlər də öncə ulu öndərin çıxışlarında, nitqlərində eşidildi. 1995-ci ildə Londonda Adam Smit İnstitutu ilə Azərbaycan hökumətinin birgə hazırladıqları "Azərbaycanda investisiya imkanları" beynəlxalq konfrans iqtisadi neologizmlərin zənginliyi ilə seçilir. Dünyanın aparıcı iqtisadiyyat institutunun əməkdaşları Heydər Əliyevin iqtisadiyyat sahəsindəki elmi çıxışı qarşısında heyranlığını gizlədə bilmir. Bu çıxışlar gənc azərbaycanlı iqtisadçıların dünyaya çıxışı, qovuşması yoluna da işıq saçmağa başladı: "Bu tədbir Azərbaycanın dünya iqtisadiyyatı ilə inteqrasiyası üçün və dünya investorlarının ölkəmizə maraqlarını artırmaq, onları bu işə cəlb etmək üçün keçirilir".

Bu çıxışların gücü 16 illik bir zaman kəsiyindən sonra uzaqgörənliklə deyilməsindədir: "Azərbaycan özəlləşdirmə, xüsusi sahibkarlığın inkişafı və xüsusi biznes üçün daha geniş şərait yaradılması yolu ilə gedir".

Müstəqilliklə əlaqədar yeni siyasi sözlər, ifadə və terminlərin dilimizə daxil olması danılmazdır. Bu, əlbəttə, Azərbaycanın bütün istiqamətlərdə bəşəri və dünyəvi dövlət olmasını təsdiqləyən faktorlardandır. Ulu öndərin çıxışlarında bu ifadələrin özünə yer alması heç də təsadüfi deyildir: "Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir".

"Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir".

Ulu öndərin 15 iyun 1993-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışından edilmiş (çıxarışda) "hürriyyət", "sənə" kimi dilimizdən vaxtilə silinmiş sözlərə rast gəlirik. Bu, heç də təsadüfi deyildir. Ana dilimizin zənginliyinin qorunub saxlanmasını dəfələrlə xüsusi qeyd edən Heydər Əliyev öz çıxışlarında bunu nümunə kimi göstərib və təlqin edib. Bununla yanaşı, digər tərəfdən ümummilli lider plüralizm, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı kimi yeni sözləri böyük natiq məqamında işlədir. Ulu öndərin hər bir çıxışı belə öncəgörmələrlə zəngindir. Azərbaycan dilinin böyük mühafizi Heydər Əliyev dilimizə daxil olan yeni sözlərin heç də qeyri-adi olmadığını göstərir və onların qarşılığını auditoriyaya daim izah edir: "...Ancaq dünya təcrübəsini də götürüb kor-koranə tətbiq etmək, inanın ki, istənilən nəticəni verməz. İndi litsey yaratmaq, kollec yaratmaq modaya çevrilib. Bu adlar cazibədardır. Belə təsəvvür yaranır ki, orada hər şey var, çünki əvvəllər bizdə olmayıb. Bizdə olub orta məktəb, texniki peşə məktəbi, texnikum, institut".

Vaxtilə Qərb mətbuatında, haqlı olaraq, işlədilən totalitarizm ifadəsi Heydər Əliyev nitqində ABŞ Prezidentinə müraciətdə səslənir: "Azərbaycan xalqı öz müasir tarixinin ağır dövrünü keçirir. Bütün çətinliklərə baxmayaraq, biz müstəqil, demokratik dövlət yaratmaq, bazar iqtisadiyyatına keçmək, totalitarizmdən və kommunist keçmişimizdən həmişəlik xilas olmaq arzusundayıq".

Yuxarıda qeyd etdik ki, neologizmlər Heydər Əliyevin nitqində təsadüfi işlədilmir, məqamında işlənməklə yanaşı, öz izahını da tapır: "Bildiyiniz kimi, belə beynəlxalq toplantılarda qərar konsensus əsasında qəbul edilir. Konsensus olmadıqda, yəni dövlətlərdən birinin razılığı olmasa, qərar qəbul edilməyə bilər".

Bu izah konsorsium neologizminə də aid edilə bilər: "Demək, bu konsorsium həm yeddi neft şirkətini, həm də Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir".

Dinləyici neologizmləri çox asanlıqla ulu öndərin çıxışlarından mənimsəyə bilir. Belə ki, intellektualın elə elmi potensial olduğunu dilimizin ən böyük qoruyucusu və daşıyıcısı kimi tanıdığımız Heydər Əliyevin dilindən eşidir: "Azərbaycanın iqtisadi potensialı, yeraltı və yerüstü sərvətləri, elmi, intellektual potensalı ilə yanaşı, onun digər dövlətlərlə iqtisadiyyat sahəsində əməkdaşlığı üçün daha əlverişli şərait yaradan cəhətlərdən biri də ölkəmizin coğrafi-siyasi mövqeyidir".

"Altı illik müharibə dövründə ilk dəfədir ki, belə uzunmüddətli sülh, atəşkəs əldə olunmuşdur".

Ulu öndərin 22 sentyabr 1994-cü il tarixdə Azərbaycan Milli Televiziyası və Radiosu ilə etdiyi çıxışında atəşkəsin sülh sözü ilə sinonimliyi qeyd olunur: "Bildiyiniz kimi, aparılan danışıqlar nəticəsində dörd aydan çoxdur ki, Ermənistanla Azərbaycan arasında müharibədə atəşin dayandırılmasına nail olmuşuq. Bu müddətdə atəşkəs davam edir".

Müstəqilliyimizin möhkəmlənməsinə yönələn neologizmlər üzərində böyük natiq çox dayanır, həmin yeni sözlərin kütlələr arasında təbliğinə xüsusi yer ayırır. Bu qəbildən olan diaspor, lobbi, soydaş neologizmləri maraq doğurur: "Beləliklə, müstəqil Azərbaycan Respublikası dünyanın bütün ölkələrində, ilk növbədə, böyük ölkələrdə tədricən öz diasporunu yaradacaq, öz soydaşlarını bir yerə yığacaq, onların bir-biri ilə əlaqələrini yaradacaqdır. Buna bizim ehtiyacımız var".

Ulu öndər vətəndaş sözündən fərqli olaraq, eyni soykökə malik azərbaycanlıları - soydaşlarımızı diaspor təşkilatları yaratmağa sövq edir: "Ancaq hər bir azərbaycanlının da, hər bir soydaşımızın da vəzifəsi ondan ibarətdir ki, o, birləşməyə səy göstərsin, yaxınlaşmağa səy göstərsin".

Diaspor və lobbi kimi neologizmlərlə ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlılara hamımızın bir ana Vətəni olduğunu anladır: "İnciməsəniz, deyə bilərəm ki, düşdüyünüz mühitdə bəziləri əriyib başqalarına qarışır, öz milli mənliyini saxlaya bilmir. Bu, bizim nöqsanımızdır. Bəzən azərbaycanlılar öz aralarında danışarkən fikirləşirlər ki, bizim də ermənilərinki kimi lobbimiz olsaydı, başqa ölkələrdə bizim də diasporumuz olsaydı, şübhəsiz, onlar da bizdən ötrü çox iş görərdi. Bu, həqiqətdir".

Zamanın doğurduğu neologizmlərin bir qismi sürətlə, bəziləri isə dilimizə tədricən daxil olur. Qalır həmin neologizmləri Azərbaycan dilinin əsrlərlə formalaşmış qaydalarını pozmadan, yerli-yerində işlətmək, auditoriyalarda dinləyicilərə izah etmək, həmin sözləri dilimizin ahənginə uyğunlaşdırmaq. Məhz elə bu dövrdə, XX əsrin sonlarında ulu öndər Heydər Əliyev müxtəlif çeşidli auditoriyalarda neologizmlərin sadə xalq dilində izahını verməklə onların, necə deyərlər, "Azərbaycan pasportu"nu verir. Natiq çox ehtiyatla, belə demək mümkünsə, sanki bir filoloq, dilçi alim kimi yeni sözləri dilimizə uyğunlaşdırır, bu terminlərin köməyi ilə müstəqil respublikamızın, özü də qeyd etdiyi kimi, "sivil dünyaya inteqrasiyası prosesini sürətləndirir".

Ümummilli lider Heydər Əliyev sovet imperiyası dövründə repressiyalara məruz qalmış sözlərimizə nitqi ilə yenidən həyat verir - Azərbaycan dilindən uzaq düşmüş ifadələrimizi sıraya qaytarır: "Ona görə də Azərbaycanın indi bu zirvə toplantısında iştirak etməsi və sözünü deməsi, eyni zamanda, Azərbaycan haqqında xüsusi qətnamə və qərarların qəbul olunması ölkəmiz üçün önəmlidir və Azərbaycanın indiki durumu, vəziyyəti barədə beynəlxalq ictimaiyyətə həm məlumat verir, həm də onun diqqətini ölkəmizə, Ermənistanın Azərbaycana təcavüzünə cəlb edir".

Eləcə də Heydər Əliyev "Bu adamlar, o cümlədən uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımının bütün dəhşətlərini görmüş, qohum-əqrəbalarını itirmişlər",- cümləsində işlətdiyi "soyqırımı" kimi artıq arxaikləşdirilmiş sözümüzü İslam Konfransı Təşkilatının Kasablankadakı zirvə toplantısında ədəbi dilimizə qaytarır.

Heydər Əliyevin keçən əsrin sonlarındakı çıxışında səslənən neologizmlər bu gün ümumişlək sözlərə çevrilmiş, türk mənşəli neologizmlər beynəlxalq sözlərlə çox rəvanlıqla uzlaşmışdır: "Paris toplantısının əsas xüsusiyyəti ondan ibarətdir ki, orada özəl sektora investisiya qoyulması məsələləri ön sıraya çəkiləcək, daha mühüm yer tutacaqdır".

Məzmun etibarilə milli ideologiyamıza tam uyğunlaşa bilməyən neologizmlər ümummilli lider Heydər Əliyevin çıxışlarında onların gələcəkdə ciddi uğur qazanmayacağından xəbər verir: "İndi sponsorluq dəb düşüb, hərənin bir sponsoru var. Qəzetlər nə ilə çıxır? Bu yaxınlarda mən Ali Sovetdə işləyəndə "Azərbaycan" qəzetini çıxarmaq mümkün olmurdu, dayanmışdı, dövlətin pulu yox idi. Amma "Cümhuriyyət" qəzeti həftədə üç dəfə çıxır. "Azadlıq" qəzeti ondan da yaxşı çıxır, "Müsavat" qəzeti "Azərbaycan"dan da böyük çıxır... Bu qəzetlər hansı vəsaitlə çıxır? Bu, mafioz qrupların vəsaiti deyilmi? Bəlkə bu qəzetləri babalarından qalan pulla çıxarırlar"?

Eləcə də kommersiya sözü diaspor, özəl, önəmli neologizmlərlə müqayisədə yüksək həyatilik qazana bilmir: "Çox təəssüf ki, Azərbaycanda artıq belə səhvlər buraxılmışdır. Təhsilin bir hissəsi kommersiya əsasına keçirilmişdir".

Bu gün kommersiya tipli təhsl müəssisələrinin bir-birinin ardınca səhnəni tərk etməsi bir daha Heydər Əliyev nitqindəki öncəgörmələri təsdiq edir. Yəni ulu öndərin ifadə etdiyi hər bir kəlmənin zamanında öz təsdiqini tapması heç də təsadüfi olmamışdır. Heydər Əliyevin insanları heyrətə gətirən və özünə cəlb edən çıxışları və nitqində səslənən neologizmlər dünyaya qovuşmaq, inteqrasiya etmək yolunu seçən gənc, müstəqil respublikamızın həyatında mühüm rol oynayır. İstəsək də, istəməsək də, inteqrasiya prosesləri nitqsiz təsəvvür olunmur. Elə buna görə də Heydər Əliyev nitqinin tərkib hissəsi kimi, neologizmlərin öyrənilməsi, onların araşdırılması və tətbiq olunması ciddi əhəmiyyət kəsb edir.

 

 

Nağdəli ZAMANOV,

Azərbaycan Tibb Universitetinin

dosenti, tibb elmləri üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.