Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası başa çatmışdır

 

İyunun 2-də Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyası işini başa çatdırmışdır.

AzərTAc xəbər verir ki, Avstriya Federal Dəftərxanası Bioetika Komissiyasının sədri xanım Kristian Dramlın sədrliyi ilə keçən iclasda Estoniyanın Tartu Universitetinin professoru, BBK İşçi Qrupunun sədri Toivo Maymetsin "İnsan klonlaşdırılması və beynəlxalq idarəetmə" ilə bağlı hesabatı dinlənilmişdir. O, klonlaşdırmanın mahiyyəti, üsulları və yaratdığı problemlər barədə ətraflı məlumat vermişdir. Bu sahədə diskussiyalar aparılmasının vacibliyini qeyd edən natiq bildirmişdir ki, insan klonlaşdırmasını dünya dövlətləri birmənalı qarşılamırlar. Odur ki, klonlaşdırma elmi-tibbi tədqiqat səviyyəsindədir.

Mövzu ilə bağlı müxtəlif fikirlər səslənmiş və suallar cavablandırılmışdır.

BBK-nın 2012-2013-cü illər üçün iş proqramı müzakirə edilmiş, biobankların və milli bioetika komitələrinin yaradılmasının zəruriliyi, insan orqanlarının qeyri-qanuni satışının qarşısını alan təkliflər irəli sürülmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov bu sessiyanın bioetika elminin inkişafına əvəzsiz töhfələr verdiyini, beynəlxalq əlaqələrin möhkəmlənməsində və yeni əməkdaşlığın yaranmasında əhəmiyyətini qeyd etmişdir. O, belə bir möhtəşəm beynəlxalq tədbirin Bakıda keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin təzahürü kimi qiymətləndirmişdir.

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Günay Əfəndiyeva BBK-nın 18-ci sessiyasına ölkəmizin ev sahibliyi etməsindən qürur duyduğunu bildirmiş, Azərbaycanın YUNESKO ilə əlaqələrində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulamışdır.

YUNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Lason sessiya iştirakçılarına BBK-nın yeni seçilmiş sədrini və üzvlərini təqdim etmişdir.

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin keçmiş sədri Donald Evans və yeni sədri Stefena Selmpliçe çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Bununla da üç gün davam edən sessiyanın işinə yekun vurulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 3.