İtaliyada 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir

 

Azərbaycanın İtaliyadakı səfirliyi "Rome Cavalieri Hotel"də 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil etmişdir.

Tədbirdə İtaliya rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət xadimləri, jurnalistlər, İtaliyada yaşayan azərbaycanlılar iştirak etmişlər.

Ziyafətdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov 28 May - Respublika Gününün tarixi, qədim dövlətçilik ənənələrimiz, Azərbaycanın dövlət müstəqilliyini yenidən əldə etdiyi ilk illərdə üzləşdiyi qeyri-sabit siyasi vəziyyət, iqtisadi və sosial problemlər, Ermənistanın ölkəmizə qarşı təcavüzünün ağır nəticələri haqqında məlumat vermişdir. Bildirmişdir ki, məhz 1993-cü ildən etibarən Azərbaycanda sabit siyasi vəziyyət bərqərar olunmuş, ölkəmizin inkişafı istiqamətində köklü islahatlar həyata keçirilməyə başlanmışdır. Bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda liderə, Cənubi-Şərqi Avropada isə möhkəm demokratiyaya malik dövlətə çevrilmişdir.

Azərbaycan-İtaliya münasibətlərinə toxunan V.Sadıqov ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. Diplomat əlavə etmişdir ki, İtaliya son beş ildə ölkəmizin ən iri ticarət tərəfdaşına çevrilmişdir.

Tədbirdə Azərbaycan musiqiləri səsləndirilmiş və qonaqlara ölkəmiz haqqında müxtəlif məlumatları əks etdirən kitab və broşürlər təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.