Azərbaycan Argentina mətbuatında

 

28 May - Respublika Günü Argentinanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Bu münasibətlə ölkə mətbuatında çoxsaylı məlumatlar verilmiş, video və audio reportajlar yayımlanmışdır.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ilk olaraq mayın 26-da "La Prensa" qəzetində Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən təşkil ediləcək Respublika Günü barədə məlumat, habelə Azərbaycanın müstəqillik tarixi, ölkəmizin hazırkı həqiqətləri və Argentina ilə inkişaf etməkdə olan əlaqələri barədə məlumat dərc olunmuşdur.

Həmin tarixdə "AMBA" informasiya agentliyi tərəfindən "İlk dəfə olaraq Azərbaycanın Argentinadakı səfirliyi Respublika Gününü qeyd edir" (Por primera vez en Argentina La Embajada de Azerbaiyan celebra su Dia de la Republica) başlıqlı məlumat yayımlanmışdır. (http://www.agenciaamba.com/noticia.php?noticia=720)

Mayın 27-də Argentina Respublikası Konqresinin mətbuat orqanı olan "Noticias Congreso Nacional"da "Azərbaycan Argentina ilə əlaqələrini möhkəmləndirir" (Azerbaiyan fortalece sus lazos con Argentina) adlı məlumat dərc olunmuşdur. (http://www.ncn.com.ar/notas/11213-azerbaiyan-fortalece-sus-lazos-con-argentina.html)

Həmin tarixdə "AMBA" informasiya agentliyi tərəfindən "Argentina ilə Azərbaycan arasında ticarət və mədəniyyət sahəsində əlaqələr güclənir" (Crecen las relaciones comerciales y culturales entre Argentina y Azerbaiyan) sərlövhəli məlumat nəşr olunmuşdur. (http://www.agenciaamba.com/noticia.php?noticia=721)

Mayın 31-də isə ölkənin aparıcı KİV-lərindən olan "Noticias Urbanas" informasiya agentliyi "Azərbaycan Argentina ilə öz əlaqələrini və ticarəti gücləndirir" (Azerbaiyan fortalece sus lazos y comercio con Argentina) başlıqlı məqalə dərc etmişdir. (http://www.noticiasurbanas.com.ar/info_item.shtml?sh_itm=c1ed9dc5f1fa691b8f5011ab9e062369)

Məlumatlarda Azərbaycanın ilk dəfə olaraq Respublika Gününü Argentinada qeyd etməsi, bu günün tarixi əhəmiyyəti, həmin tarixin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyi bildirilmişdir. Məlumatlarda ölkəmizin Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadla qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyinin bərpasından sonrakı ilk illərdə bir sıra problemlərlə üz-üzə qalmasına, xüsusilə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, 1993-cü ildən başlayaraq Azərbaycan öz suverenliyini və müstəqilliyini gücləndirmək istiqamətində uğurlar əldə etmişdir. Bildirilmişdir ki, ölkə iqtisadiyyatı yüksək inkişaf səviyyəsi nümayiş etdirmiş, sosial-iqtisadi çiçəklənmə və rifah təmin edilmiş və Azərbaycan regional liderliyə yüksəlmişdir.

Vurğulanmışdır ki, böyük karbohidrogen layihələrinin həyata keçirildiyi Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə, maliyyə resurslarının isə 95 faizinə malik olaraq regionun önəmli infrastruktur mərkəzinə çevrilmişdir.

Məlumatlarda Azərbaycanın fəal xarici siyasət həyata keçirməsi, Cənubi Amerikanın bu ölkənin xarici siyasətində yeni istiqamət olması, bu məqsədlə regionda ilk diplomatik missiya kimi Argentinada səfirliyin təsis olunması və bundan sonra hər iki ölkə arasında əməkdaşlığın canlanması barədə söhbət açılmışdır. Bildirilmişdir ki, bu müddət ərzində bir sıra səfərlər həyata keçirilmiş və ticarət dövriyyəsi 50 faiz artmışdır. Azərbaycanın zəngin mədəni irsindən söhbət açılan məlumatlarda ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində qələbə çalması və gələn il bu nüfuzlu musiqi festivalının Azərbaycanda keçiriləcəyi də vurğulanmışdır.

Eyni zamanda, Argentinanın "Videopuerto" və "Cientonueve" internet informasiya portallarında mayın 26-da Buenos-Ayresin "Four Season" mehmanxanasında səfirlik tərəfindən təşkil olunmuş Respublika Günü ilə bağlı rəsmi qəbuldan video reportajlar da yerləşdirilmişdir:

(http://www.videopuerto.com/player.asp?prog=MO&id_nota=4342, http://www.cientonueve.com/15-especial/70-azerbaiyan-y-argentina-aumentan-lazos-comerciales-entre-ambos-paises.html)

Bununla yanaşı, Argentinada radio kanallarının populyarlığını nəzərə alaraq Radio Cultura FM97.9, Radio Splendid AM909, Radio Argentina AM570, Radio Concepto AM1050, Radio El Mundo AM1070, Eadio İdentidad FM 92,7 MHZ radio kanallarında da Azərbaycanın Respublika Günü barədə reportajlar, habelə qəbul vaxtı səfir M.Əhmədzadədən götürülmüş müsahibələr təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.