Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 2011-ci il 24 yanvar tarixli müraciəti ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin "tətbiq etməklə" müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.

Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 iyun.- S. 3.