Sietl şəhərində "Boeing" şirkətinin "Azərbaycan Hava Yolları" QSC üçün hazırladığı yeni "Babək" təyyarəsinin təqdimatı olmuşdur

 

Mayın 31-də aviasiya sahəsinin lideri olan "Boeing" şirkətinin ABŞ-ın Sietl şəhərində yerləşən Everett zavodunda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) yeni "Boeing 767-300ER" təyyarəsinin verilməsi ilə bağlı təqdimat mərasimi keçirilmişdir.

Qeyd edək ki, QSC-nin "Boeing" şirkəti ilə bağladığı müqaviləyə əsasən, dünyanın ən etibarlı təyyarələrini istehsal edən bu şirkət ötən ildən başlayaraq 2014-cü ilədək Azərbaycanın hava donanmasını təkmilləşdirəcək 8 sərnişin karqo xidmətləri üçün aparıcı "Boeing 767-300ER" şirkətin ən son məhsulu olan 2 möhtəşəm "Boeing 787-8" "Dreamliner" təyyarəsi hazırlamalıdır.

Təqdimat mərasimi QSC-nin baş mühəndisi Nazim Cavadov "Boeing" şirkətinin müqavilələr üzrə vitse-prezidenti Cim Karpenter tərəfindən təyyarənin texniki sertifikatının imzalanması ilə başlamışdır.

"Boeing" şirkətinin rəsmisi Azərbaycan tərəfinə yeni təyyarənin açarlarını təqdim etdikdən sonra ABŞ Azərbaycan nümayəndə heyətləri Everett zavodunun həyətində "Babək" təyyarəsinin qarşısına toplaşmışlar. Burada çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirmişdir ki, bu gün ABŞ-Azərbaycan münasibətlərinin tarixinə xüsusi gün kimi daxil olacaqdır. Azərbaycan dövləti bu il müstəqilliyinin bərpa edilməsinin iyirmi illiyini qeyd edir. Bu isə, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələyə qədəm qoymasının rəmzi kimi qəbul olunmalıdır. Diplomat vurğulamışdır ki, Azərbaycan nüfuzlu "Boeing" şirkətinin Cənubi Qafqaz bölgəsində ən böyük ticarət tərəfdaşıdır. Növbəti illərdə QSC-nin "Boeing" müqaviləsinə əsaslanaraq ölkəmizin hava donanmasına daxil olacaq yeni təyyarələr "Azərbaycan Hava Yolları"nın uçuşlarının coğrafiyasını genişləndirəcəkdir. "Boeing"in istehsal xəttinin ən son nailiyyəti olan "Dreamliner" təyyarəsi isə region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın donanmasına daxil olacaqdır.

ABŞ Ticarət Nazirliyinin ixrac ticarət siyasəti üzrə baş direktoru Cozef Herd demişdir ki, bugünkü hadisə ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirərək Azərbaycanı Qərbə yaxınlaşdırır.

QSC-nin vitse-prezidenti İlham Əmirov qurumun prezidenti Cahangir Əsgərovun adından toplaşanları salamlamışdır. O, Azərbaycanın müstəqilliyini bərpa etdikdən bəri QSC-nin inkişaf tarixinə nəzər salaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin nəqliyyat sahəsi xüsusilə hava nəqliyyatı ulu öndərin daim diqqətində olmuşdur. Məhz bu səbəbdən, qısa bir zamanda QSC-nin Qərb standartlarına uyğunlaşması beynəlxalq səviyyədə yüksək xidmətlər göstərən quruma çevrilməsi mümkün olmuşdur. "Boeing" şirkəti ilə "Azərbaycan Hava Yolları" arasında onillik uğurlu əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən İ.Əmirov yeni "Boeing" təyyarələrinin hava yollarımızın imkanlarını xeyli genişləndirəcəyini vurğulamışdır. O, hamını Azərbaycana gələrək ölkəmizin geniş turizm imkanları ilə yaxından tanış olmağa dəvət etmişdir.

Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov isə əlavə etmişdir ki, "Boeing" şirkətinin məhsulları ilə yanaşı, Azərbaycana gətirdiyi təlim təcrübə prosesi ölkəmizin hava nəqliyyatının inkişafında mühüm rol oynayır. "Babək" təyyarəsinin Azərbaycan hava məkanına qədəm qoymasını 28 May - Respublika Gününün qeyd edilməsi ilə üst-üstə düşməsindən məmnunluğunu bildirən diplomat demişdir ki, bu gün hava donanmamızın bütünlüklə Qərb istehsalı olan təyyarələrdən ibarət olması Azərbaycanın cəmi 20 illik müstəqillik mərhələsində inkişaf sıçrayışının bariz nümunəsidir. Bundan sonra ölkəmiz regionda nəqliyyat sektorunun mərkəzinə çevriləcəkdir.

Sonra "Boeing" şirkətinin beynəlxalq satış üzrə baş vitse-prezidenti Marti Bentrott Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "Babək" təyyarəsinə qalxan pilləkənlərin qarşısında rəmzi qırmızı lenti kəsmişlər. Mərasimdə iştirak edən Azərbaycan ABŞ nümayəndə heyətlərinin üzvləri təyyarəyə qalxaraq onun rahat interyeri, aparıcı uçuş texnologiyası ilə yaxından tanış olmuşlar.

"Babək" təyyarəsi iyunun 1-də Azərbaycana yola düşmüşdür.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Sietl

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 5.