"Azərbaycan Hava Yolları" QSC yeni alınmış  "Boeing-767-300 ER" təyyarəsini təqdim etmişdir

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) iyunun 2-də yeni alınmış müasir tipli "Boeing-767-300 ER" təyyarəsini təqdim etmişdir.

AzərTAc xəbər verir ki, təyyarəyə qalxan pilləkənlərin qarşısında rəmzi qırmızı lent kəsilmişdir. Tədbir iştirakçıları "Babək" adlandırılan təyyarənin rahat interyeri, müasir dizaynı və qabaqcıl texnologiyası ilə yaxından tanış olmuşlar.

"Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, gəmi kapitanı İlham Əmirov jurnalistlərə bildirmişdir ki, ABŞ-ın Sietl şəhərində "Boeing" şirkətinin QSC üçün hazırladığı yeni "Boeing-767-300 ER" tipli "Babək" təyyarəsi birbaşa 14 saatlıq yol qət edərək saat 16.25-də Bakıya enmişdir. Uçuş zamanı heç bir problem yaşanmamış, təyyarə sistemləri qaydasında fəaliyyət göstərmişdir. 198 yerlik yeni təyyarə sərnişin sıxlığı çox olan istiqamətlərdə uçuşlar həyata keçirəcəkdir. Artıq bu gündən etibarən Azərbaycanda ən çox sərnişin tutumu olan bu təyyarə istismara veriləcəkdir. "Boeing-767-300 ER" tipli təyyarənin məhz iyunun 2-də Bakıya gətirilməsi isə mülki aviasiya işçilərinin peşə bayramı günündə həm aviatorlar, həm də sərnişinlər üçün bir hədiyyədir.

İ.Əmirov bildirmişdir ki, gələn ilin iyununda Azərbaycana bu tipli daha bir sərnişin, həmçinin iki yük təyyarəsi, 2014-cü ildə isə MDB dövlətləri arasında ilk dəfə olaraq ən müasir "Boeing-787 Dreamliner" təyyarəsi gətiriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S.  5.