Daha bir uğursuz sülh prosesi
Tanınmış jurnalist,
"Karneqi" Fondunun analitiki Tomas de Vaal ABŞ-ın
nüfuzlu "The National İnterest" jurnalında "Daha
bir uğursuz sülh prosesi" adlı məqalə ilə
çıxış etmişdir. AzərTAc həmin məqaləni
təqdim edir.
Beynəlxalq xəbərlərin
bolluğu ilə seçilən indiki vaxtda "Böyük səkkizlik"
ölkələrinin Dovil sammitində prezidentlər Medvedev,
Obama və Sarkozinin Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar verdikləri bəyanatı nəzərdən
qaçırmağı bağışlamaq olar. Lakin hər
halda bu, həmin münaqişənin davam etdiyi uzun illər
boyu onun barəsində səslənmiş ən ciddi beynəlxalq
bəyanatdır.
Dünya ictimaiyyəti
postsovet məkanında Qarabağ uğrunda ən uzunmüddətli
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə
dair on beş il müddətində aparılan
danışıqları, demək olar ki, hiss etməmişdir.
Sülh prosesi həddən artıq qapalı, məsələ
özü isə bu prosesi izləyən və ona diqqət
yetirən bir qrup (mənim özüm kimi) bədbəxt,
cahil, zavallı analitiklərdən başqa hər kəs
üçün olduqca mürəkkəb və müəmmalıdır.
Vasitəçilik edən
üç dövlət başçısının
mayın 26-da verdiyi bəyanat aydın göstərir ki, həqiqət
anı yaxınlaşmaqdadır. İyunun axırlarında
Prezident Dmitri Medvedev prezidentlər Əliyev və
Sarkisyanın beş ildən çox müzakirə edilən əsas
prinsiplər haqqında sənəd barəsində razılığa
gəlmələrinə nail olmaq üçün
danışıqların amerikalı və fransalı
iştirakçılarının dəstəyi ilə onlara
ciddi təzyiq göstərəcəkdir.
Mən "The National
İnterest" jurnalında yazmışdım ki,
Dağlıq Qarabağ münaqişəsinə, məsələn,
Kosovoya ayrılan diqqətin yalnız cüzi bir hissəsi
göstərilir, lakin bu münaqişə strateji baxımdan
qat-qat həssas mühitdə inkişaf edir. Əgər tərəflərdən
biri - mahiyyət etibarilə 1991-1994-cü illər
münaqişəsində uduzmuş tərəf olan Azərbaycan
- müharibəyə qayıtmaq qərarına gələrsə,
bu, fəlakət olacaqdır. Dovil bəyanatında deyilir:
"İndiki qarşıdurma və qeyri-sabitlik vəziyyəti
güc tətbiq edilməsi nəticəsində
yaranmışdır. Yenidən gücdən istifadə edilməsi
daha çox əzab-əziyyətə, dağıntıya səbəb
olacaq və beynəlxalq birlik tərəfindən pisləniləcəkdir".
Baza prinsipləri haqqında
sənədin məqsədi münaqişənin mərkəzi
məqamı olan suverenliklə bağlı mürəkkəb
məsələni həll etməkdir. Sovet dövründə
Dağlıq Qarabağ sovet Azərbaycanının tərkibində
muxtar vilayət olmuşdur. 1994-cü ildə ermənilər hərbi
qələbə qazanandan sonra dedikləri kimi, həm heç
vaxt imtina etməyəcəkləri Dağlıq
Qarabağın özünü, həm də onun ətrafında
yerləşən Azərbaycan ərazilərindən ibarət
"bufer zonası"nı nəzarət altına
almışlar. Ermənilər deyirlər ki, əgər
Dağlıq Qarabağ üzərində nəzarətə zəmanət
verilərsə, onlar "bufer zonası"ndan imtina edəcəklər.
Azərbaycanlılar da Dağlıq Qarabağ üzərində
özlərinin beynəlxalq hüquqlarını təkidlə
tələb edir, neftdən və qazdan əldə olunan gəlirləri
yeni, güclü ordu yaradılmasına sərf edirlər.
Baza prinsipləri haqqında sənəd konstruktiv ikimənalılıq təklif edir. Bu sənəd ermənilərin Dağlıq Qarabağ ətrafındakı ərazilərdən tədricən çıxarılmasını; Dağlıq Qarabağa "aralıq statusu", yəni tam müstəqillik deyil, geniş beynəlxalq legitimlik verilməsini və gələcəkdə əhalinin öz iradəsini ifadə etməsini hüquqi vəzifə kimi tələb edən, bu ərazinin gələcək statusunun müəyyən edilməsi üçün ümumxalq səsverməsi keçiriləcəyinin vəd olunmasını nəzərdə tutur.
Lakin bu məqamda şübhələr yaranır. Qapalı səviyyədə intensiv danışıqlara baxmayaraq, liderlər açıq şəraitdə hələ də maksimalist mövqelərdən çıxış edir və öz rəqibini təslim olmağa çağırırlar. Azərbaycan tərəfin ritorikası xüsusilə sərtdir. Dovil bəyanatının verilməsinin ertəsi günü Azərbaycan Baş nazirinin müavini Əli Həsənov Ermənistan prezidentini "cani", onun hökumətini isə "devrilməli" olan "faşist rejimi" adlandırmışdır.
Beləliklə, indi hər şey siyasi iradədən asılıdır. Mən Dovil sənədindəki aşağıdakı ifadəni alqışlayıram: "Məsələnin bundan sonra da təxirə salınması yalnız hər iki tərəfin razılığa gəlmək ideyasına sadiq olması ilə əlaqədar suallar doğuracaqdır". Başqa sözlə desək, "Bizim əlimizdə işçi sənəd vardır. Siz niyyətinizin ciddi olmasını göstərin və onu imzalayın".
Bu, həm də beynəlxalq iradə məsələsidir. Xarici dövlətlər də münaqişə tərəflərindən heç də az ciddi olmamalıdırlar. Daxildən sülhə güclü dəstək olmadıqda məhz beynəlxalq birliyin nümayəndələri prezidentləri daha qətiyyətli olmağa sövq etmək və yeni kompromisə nail olmaq məcburiyyətində qalacaqlar. Həmin nümayəndələr bərpa və sülhyaratma işi üzrə öhdəliklər götürməli olacaqlar. Rusiya, Birləşmiş Ştatlar və Avropa İttifaqı danışıqlar prosesində bütövlükdə yaxşı işləmişlər. Lakin onların hər üçünün Qafqazda maraqlarının müxtəlifliyini, hər iki ölkə ilə münasibətlərdə gündəliyin ikitərəfli olmasını və onların resurslarına iddialar arasında rəqabəti nəzərə alsaq, Qarabağ üçün münaqişədən sonrakı dövr barədə müştərək qərar qəbul etmək çətin olacaqdır.
Əgər çərçivə planı razılaşdırılarsa və ilkin saziş ilə həqiqi tərəqqi arasında labüd fərq yaranarsa bu, xüsusilə vacib olacaqdır. Bu planın əleyhdarları onu məhv etməyə çalışacaqlar. Oslo və Yaxın Şərqi yada salaq.
Beləliklə,
Kazan görüşü yaxınlaşdıqca Qafqazda həm
sülh, həm də müharibə ehtimalı artır.
Azərbaycan.- 2011.- 3 iyun.- S. 4.