Hər yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan MDB məkanında sonuncu yerlərdən birini tutur

 

İyunun 2-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Mohammad Adaileh ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ramil Usubov son illər əlaqələrimizin genişləndiyini xatırladaraq dövlətlərimizin başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırmışdır.

Daha sonra R.Usubov DİN-in funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat vermişdir. Bildirmişdir ki, müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, yorulmaz səyləri, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, minlərlə silahlı cinayətkar dəstə tərk-silah edilmiş, qanunsuz saxlanan silahlar götürülmüş, kriminogen durum nəzarət altına alınmışdır. Məhz bunun əyani nəticəsidir ki, hər yüz min nəfərə düşən cinayətlərin sayına görə Azərbaycan uzun illərdir MDB məkanında sonuncu yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır.

Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyini vurğulayan nazir ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, müasir tələblərə tam cavab verən polis əməkdaşının formalaşdırılmasına böyük əhəmiyyət verilir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə son 10 ildə daxili işlər orqanlarının mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir. Polisin gündəlik işində insan hüquqlarına riayət olunması, demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş belə seminarlar və elmi-praktik konfranslar ölkəmizdə də keçirilir.

Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin aktuallığını, bu ümumbəşəri bəlaların öhdəsindən yalnız birgə səylərlə gəlməyin mümkün və zəruri olduğunu vurğulamışdır. Nazir ölkələrimizin daxili işlər orqanları arasında qarşılıqlı faydalı əlaqələrin yaradılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu nəzərə çatdırmış, yaxın gələcəkdə "Azərbaycan Respublikasının hökuməti və İordaniya Haşimilər Krallığının hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş"in imzalanmasının bu mənada mühüm əhəmiyyət kəsb edəcəyini bildirmişdir.

Adel Mohammad Adaileh nəinki Azərbaycan vətəndaşlarının, həmçinin xarici diplomatların və iş adamlarının ölkəmizdə təhlükəsizlik şəraitində yaşadıqlarını qeyd etmişdir. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini məmnunluqla xatırladan iordaniyalı diplomat fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 3 iyun.- S. 4.