Azərbaycanın xarici işlər
naziri dünya KİV-nə Ermənistanın
işğalçı siyasəti haqqında məlumat
vermişdir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-York şəhərində ABŞ-ın "Thompson Reuters", "CNN", "Associated Press", "İnner City Press", "Summit Energy" kimi aparıcı KİV-lərinin nümayəndələri ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
E.Məmmədyarov Azərbaycanın iqtisadi sahədə apardığı siyasətə toxunaraq, bölgədə aparıcı dövlət olan ölkəmizin enerji sahəsində əldə etdiyi uğurlardan danışmışdır. Nazir Azərbaycanın regional layihələrin həyata keçirilməsində fəal iştirakını və bir sıra vacib beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırmışdır.
Eyni zamanda, nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqqında jurnalistlərə ətraflı məlumat vermişdir.
E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etmişdir.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərə toxunan nazir bir çox sahələrdə ölkəmizin apardığı uğurlu əməkdaşlıq barədə media nümayəndələrini məlumatlandırmışdır.
E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə cari ilin oktyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri jurnalistlərin diqqətinə çatdırmışdır.
Sonda azərbaycanlı nazir KİV nümayəndələrinin suallarını cavablandırmışdır.
Azərbaycan.- 2011.-3 iyun.- S. 4.