Deputat Desiree Pethrus:
"İsveç parlamentinin "erməni
soyqırımı"nı qəbul etməsi tarixi səhvdir"
İsveç
parlamentinin qondarma "erməni soyqırımı"nı
tanıması tarixi səhvdir. AzərTAc xəbər verir ki,
bu sözləri İsveç parlamentinin xarici işlər
komitəsinin, İsveç Xristian Demokrat Partiyasının
xarici işlər üzrə komissiyasının, eləcə
də Krallığın AŞ PA və Avropa İttifaqı
üzrə komitələrinin üzvü xanım Desiree
Pethrus söyləmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, İsveç Azərbaycanlıları Konqresinin (İAK) üzvləri bu günlərdə xanım Desiree Pethrusla görüşmüşlər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xanım D.Pethrusa ətraflı məlumat verilmiş, materiallar təqdim olunmuşdur. Xanım deputatın suallarını cavablandıran İAK nümayəndələri Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu təkzibolunmaz faktlarla onun diqqətinə çatdırmışlar. Eyni zamanda, isveçli deputat Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə də məlumatlandırılmışdır.
Ermənilərin Xocalıda və Azərbaycanın işğal olunmuş digər torpaqlarında törətdikləri soyqırımı və terror aktları da görüşdə əsas müzakirə mövzusu olmuşdur. Erməni vəhşiliklərini sübut edən foto və video materiallar xanıma təqdim olunmuşdur.
Deputat Desiree Pethrus göstərilən faktlardan təsirləndiyini bildirmiş, İsveç parlamentinin qondarma "erməni soyqırımı"nı qəbul etməsini tarixi səhv adlandırmışdır.
Görüşün sonunda dünyanın tarixçi alimlərinin Qarabağ və Azərbaycan haqqında yazdıqları kitabların nüsxələri xanım Desiree Pethrusa hədiyyə edilmişdir.
Azərbaycan.- 2011.-3 iyun.- S. 4.