Ataxan Paşayevin "Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar" əsəri türk dilində nəşr etdirilmişdir

 

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi və ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmaları Fondunun (ATAF) təşkilatçılığı ilə Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin "Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar" əsəri türk dilində ("Ermenilerin Azerbaycan halkına karşı toprak iddiaları, soykırımı ve tehcirleri") çap etdirilmişdir.

Kitabda ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, işğalçı siyasəti, düşmənçilik planları tutarlı faktlarla əks olunmuşdur. Elmi tədqiqatlar əsasında hazırlanmış 140 səhifəlik kitab türk dilinə ATAF tərəfindən tərcümə edilmişdir. Əsərdə ermənilərin Osmanlı imperiyasının Şərq vilayətlərində, Güney Qafqazda, əsasən də Azərbaycan türklərinin torpaqları hesabına "böyük Ermənistan" yaratmaq ideyalarını necə reallaşdırmağa çalışdıqları göstərilmişdir.

Yeni nəşrdə həmçinin, ulu öndər Heydər Əliyevin tarixçilərimizə ermənilərə kömək məqsədi ilə sovet hakimiyyətinin ölkəmizə qarşı ədalətsiz mövqeyinin, ümumilikdə erməni məsələsinin dərindən və dəqiq şəkildə araşdırılması göstərişinin verilməsi məsələsi də qeyd edilmişdir.

Ataxan Paşayev ATAF-ın Himayəçilik Şurasının üzvüdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 3 iyun.- S.5.