Azərbaycan musiqisi dünyanı
dolaşır
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 20 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hyuston, Los-Anceles, Santa-Monika, San-Fransisko və Vaşinqton şəhərlərində konsert proqramları təşkil olunmuşdur. Mayın əvvəlindən başlayaraq gerçəkləşən bu musiqili tədbirlərdə Azərbaycan Dövlət Rəqs Ansamblı, tanınmış pianoçu Emil Əfrasiyab və digər musiqiçilər iştirak etmişlər. Uzaq sahillərdə başlanan bu təntənənin xoş sorağı ABŞ-ın mətbuat səhifələrində də öz əksini tapmışdır.
Okeanın o tayında incəsənət ustalarımızın ilk konserti onların Hyuston beynəlxalq festivalında iştirakı ilə başladı. Bu şəhərin rəsmiləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşərək Hyustonla Bakının qardaşlaşmasının 35 illik tarixindən danışdılar. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının son illərdəki fəaliyyəti yüksək qiymətləndirildi. Müstəqilliyimizin bərpa edilməsinin 20 ili ərzində Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq daha da inkişaf etmişdir. Azərbaycan nümayəndə heyətinin Hyuston beynəlxalq festivalına qatılması bu şəhərin meri xanım Annis Parker tərəfindən yüksək qiymətləndirildi. Hyustonun meri Azərbaycan incəsənət ustalarının istedadlı çıxışlarını xüsusi olaraq vurğuladı. Azərbaycan muğamlarının qeyri-adiliyi, xalq mahnılarımızın melodik vüsəti amerikalıları valeh etdi.
Açıq havada üç müxtəlif səhnədə öz bacarıq və məharətlərini nümayiş etdirən Azərbaycanın muğam ustaları və rəqqaslarımızın çıxışları alqışlarla qarşılandı. Dünyanın 150-dən artıq musiqi kollektivinin iştirak etdiyi bu beynəlxalq festivalda uğurlu çıxışına görə Azərbaycan nümayəndə heyətinə diplom təqdim olundu.
Azərbaycan musiqiçilərinin növbəti fəth etdiyi zirvə Los-Anceles şəhəri oldu. Burada da muğam ifaçılarımız, rəqqaslar maraqlı konsert proqramı qurdular. Emil Əfrasiyabın rəhbərliyi ilə folk-caz qrupunun çıxışları isə amerikalıları heyrətə gətirdi. Cazın vətəni sayılan ölkədə Azərbaycan cazmenlərinin məharəti proqramın zirvəsi oldu. Nümayəndə heyətinin rəhbəri Firudin Qurbanov bildirir ki, son illərdə Azərbaycan musiqiçiləri dünyada keçirilən beynəlxalq festivallarda, qastrol səfərlərində, mədəniyyət günlərində, sözün həqiqi mənasında, uğurla çıxış edirlər. Həqiqətən də musiqi sərhəd tanımır.
Los-Anceles şəhərində həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar maraqlı layihə həyata keçirildi. Tədbirdə iştirak edən Los-Anceles dairəsinin protokol rəisi xanım Laurdef Saab ulu öndər Heydər Əliyevi dünyanın məşhur siyasətçisi, Azərbaycanın böyük lideri kimi tanıdığını ehtiramla vurğuladı.
Los-Ancelesin məşhur Wilshire Ebell Teatrında Amerika tamaşaçılarına iki hissədən ibarət proqram təqdim olundu. Azərbaycan Dövlət Rəqs Ansamblı, folk-caz qrupu və muğam dördlüyünün çıxışları dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. Tamaşaçılar Azərbaycandan gələn musiqiçiləri ayaqüstə, gurultulu alqışlarla qarşıladılar. Hətta konsert başa çatdıqdan sonra da tamaşaçılar salonu tərk etmək istəməyərək öz təəssüratlarını, azərbaycanlı incəsənət ustalarının çıxışlarından duyduqları xoş hissləri bir-biri ilə bölüşürdülər. 1200 nəfərlik konsert salonunda musiqiçilərimizin çıxışları anşlaqla baş tutdu.
Xanəndələrdən Teyyub Aslanov və Pərvanə Əsgərovanın ifa etdikləri muğam və xalq mahnıları tamaşaçıların xoşuna gəldi. Onlar dəfələrlə azərbaycanlı ifaçıları alqışlarla səhnəyə çağırdılar.
Cənubi Kaliforniyanın Santa-Monika şəhərində də Azərbaycan musiqi kollektivlərinin çıxışları parlaq və yaddaqalan oldu. Proqram boyu səhnədə dalğalanan üçrəngli bayrağımız həqiqətən qürur doğururdu. O gün konsert salonunun divarlarında "Azərbaycan, Azərbaycan" sözlərinin əks-sədası hamıda fərəh hissi doğurdu.
Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki uğurlu konsert proqramlarından sonra Azərbaycan nümayəndə heyəti San-Fransisko şəhərinə yola düşdü. Bu şəhərin 450 nəfərlik Cowel Teatrında Azərbaycan incəsənət ustalarının təqdim etdiyi rəngarəng proqram yenə də böyük rəğbət doğurdu. Konsert zamanı instrumental musiqi, muğam, xalq mahnıları səsləndi. Konsertdə həmçinin xarici qonaqlar, eyni zamanda Amerikada fəaliyyət göstərən Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri iştirak edirdilər. Amerikada yaşayan həmyerlimiz tanınmış pianoçu, xalq artisti, "Şöhrət" ordenli Çingiz Sadıqov gənc pianoçu Emil Əfrasiyabı qazandığı böyük uğurlara görə təbrik etdi.
İncəsənət ustalarının Amerika Birləşmiş Ştatlarındakı konsert proqramlarının akkordları Vaşinqton şəhərindəki "Ronald Reagan Building"in möhtəşəm konsert salonunda eşidildi. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildünümündə Amerikada təşkil olunan bu tədbirlərin əhəmiyyətindən danışdı. Mədəniyyət və incəsənət xadimlərinin ABŞ-a olan musiqili səfəri uğurla başa çatdı. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən belə tədbirlərin müvəffəqiyyətlə nəticələnməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Fərəhli haldır ki, muğamlarımız, xalq mahnılarımız, milli musiqimiz dünyanı fəth etməkdədir. Azərbaycanlı ifaçılar nəinki öz mahnılarımızı, milli musiqilərimizi, hətta Avropanın mərkəzində Avropa musiqisini onun yaradıcılarından da unikal və məharətlə ifa etdiklərini bütün dünyaya çatdırdılar. Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011"-də Eldar Qasımovla Nigar Camalın qələbəsi haqqında indi planetin hər yerində məhəbbətlə danışırlar. Mahnımız, musiqimiz də, səsimiz də dünyanı dolaşmaqdadır!
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 3 iyun.- S. 7.