40 ana obrazını yaradan sənətkar
Teatr və kino sənətində silinməz izləri qalan sənətkarlarımızdan biri də Dövlət Film Fondunda 90 illik yubileyi qeyd olunan əməkdar artist Ətayə Əliyevadır.
Əməkdar incəsət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev tədbiri açaraq görkəmli aktrisanın yaradıcılıq yolundan danışıb. Yazıçı-publisist, professor Aqşin Babayev təkcə aktrisanın deyil, onun həyat yoldaşı Həsənağa Mirzəyevin də Azərbaycan mədəniyyətinə, o cümlədən teatr sənətinə töhfələr verdiyini diqqətə çatdırıb: "Ətayə xanım və onun həyat yoldaşı Həsənağa Mirzəyev Azərbaycan mədəniyyətinə və teatr sənətinə gözəl töhfələr veriblər. Ətayə xanım teatr və kinoda maraqlı obrazlar yaratmaqla bərabər, filmlərin səsləndirilməsində də özünəməxsus dəst-xətti ilə seçilib".
İstər səhnə sənətində, istərsə də kino fəaliyyətində yaddaqalan obrazlar yaratmış Ətayə xanımın bir sıra həmkarlarının da müəllimi kimi xatırlandığını xalq artisti Amaliya Pənahova xüsusi qeyd edib: "Böyük sənətkarlar daim yaddaşlarda yaşayırlar. Ətayə xanım öz sənəti ilə bu gün də yaşayır. Mənim səhnəyə gəlişimdə onun rolu böyükdür. Bu böyük aktrisa ilə tərəf-müqabil olmaq xoşbəxtliyi mənə də qismət olub".
Ətayə xanımın teatr səhnəsində 40-a yaxın müxtəlif xarakterli ana obrazı yaratdığını və onların hər birinin uzunömürlü olması barədə teatrşünas-alim İlham Rəhimli söz açıb.
Xalq artistlərindən Fuad Poladov, Ramiz Məlik və digərləri xatirəsi təkcə sənət dostları deyil, tamaşaçıları tərəfindən də əziz tutulan Ətayə Əliyevanın uğurlu yaradıcılıq fəaliyyətindən danışıblar.
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 3 iyun.- S. 7.