İtaliyada buraxılmış
musiqi diskində xanəndə Qoçaq Əsgərov və onun rəhbərlik etdiyi “Turan” ansamblının ifası yer almışdır
İtaliyada Azərbaycan
mədəniyyətinin təbliğinə həsr edilmiş
diskin işıq üzü görməsi ilə bağlı
mətbuat konfransı keçirilmişdir.
AzərTAc xəbər
verir ki, tədbirdə çıxış edən YUNESKO-nun
qeyri-maddi mədəni irs üzrə eksperti, sənətşünas
Sənubər Bağırova bildirmişdir ki, ötən il
dekabrın 15-də “Azərbaycanı kəşf edək!”
layihəsi çərçivəsində ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyi ilə İtaliyanın “Felmay Corso
Moncalieri” şirkəti arasında müqavilə
imzalanmışdır. Müqavilənin müddəalarına
əsasən, İtaliyada mədəniyyətimizin təbliği
ilə əlaqədar “Azərbaycanın ənənəvi
musiqisi” adı altında altı kompakt diskdə musiqi
albomlarının hazırlanması və satışının
həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanın zəngin
musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi
məqsədi ilə layihə çərçivəsində
artıq birinci – “Muğam - Azərbaycanın müqəddəs
musiqisi” – diski işıq üzü görmüşdür.
Turin şəhərindəki Şərq İncəsənəti Muzeyində yeni diskin təqdimatı keçirilmişdir. Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında “Zabul segah” dəstgahı, “Bayatı Şiraz” muğamı və təsnifi, “Mahur” muğam kompozisiyası, “Dilkeş” təsnifi və iki xalq rəqs havası daxil edilmişdir. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunmuşdur.
S.Bağırova bu ilin mayında İtaliyanın Turin şəhərindəki Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında mühazirə və konsert proqramının təşkilindən və bunların maraqla qarşılanmasından da geniş söz açmışdır.
Bildirmişdir ki, ölkəmizi belə möhtəşəm tədbirdə xanəndə Qoçaq Əsgərov və onun rəhbərliyi ilə “Turan” ansamblı çox yüksək səviyyədə təmsil etmişlər.
Tədbirdə xanəndə
Qoçaq Əsgərov
və “Turan” ansamblının üzvləri
jurnalistləri maraqlandıran
sualları cavablandırmışlar.
Azərbaycan.- 2011.- 3 iyun.- S. 7.