Bakı şəhərinin, kənd və qəsəbələrinin problemlərinin həlli dövlətin diqqət mərkəzindədir

 

Hər bir dövlətin sabit və davamlı inkişafının ümdə şərtlərindən biri onun yeni dövrün tələblərinə cavab verən müasir infrastruktura malik olmasıdır. İnfrastrukturun müasirləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə yanaşı, həm də ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Bu reallıqdan çıxış edən Azərbaycan rəhbərliyi son illər istər regionlarda, istər Bakı şəhəri və ətraf qəsəbələrdə vətəndaşların sosial rifah halının yüksəlməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirir.

Bölgələrdə genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin aparılması, yolların abadlaşdırılması, eyni zamanda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə yeni körpülərin, yolayrıcılarının, yeraltı keçidlərin tikintisi, mədəniyyət və incəsənət abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə ocaqlarının inşası və digər mühüm tədbirlər məhz investisiya xərclərinin artırılması sayəsində mümkün olmuşdur. Başqa sözlə, görülən tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının firavan yaşayışına xidmət etmişdir.

Ümummilli lider Heydər Əliyevdən sonra Prezident İlham Əliyev də vəzifə səlahiyyətlərinin icrasına başladığı ilk gündən regionlarla yanaşı, Bakı şəhərinin problemlərinin həllinə son dərəcə həssaslıqla yanaşmış, paytaxt sakinləri ilə müntəzəm görüşərək onların problemlərini, qayğılarını öyrənmiş, Bakıda zövqsüz tikililərin, yaşayış binalarının geniş vüsət almasından narahatlığını bildirmiş, insanları qayğılandıran məsələlərin operativ həlli üçün göstərişlər vermişdir. Hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını və qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxtın, habelə ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür.

Dövlət başçısı İlham Əliyevin 27 fevral 2006-cı il tarixli "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı regionların yüksəlişi naminə həyata keçirilən çoxşaxəli tədbirlərin eyni templə paytaxt və ətraf qəsəbələrdə də davam etdirilməsinə imkan yaratmışdır. Dövlət Proqramı Bakı şəhərində abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə yaxşı şərait yaratmışdır. Tədbirlər Proqramında 2006-2007-ci illər ərzində Bakının kənd və qəsəbələrində ümumilikdə 66 yardımçı stansiyanın, 57 ümumtəhsil məktəbinin, 26 uşaq bağçasının, 10 xəstəxana və poliklinikanın, 4 idman kompleksinin, 53 ATS-in, 26 poçt müəssisəsinin tikilib istifadəyə verilməsi, 8 idman salonu və stadionunun, Bakı kənd və qəsəbələrinin yollarının müasir standartlar səviyyəsində bərpası nəzərdə tutulmuşdu. Ötən illərdə bu məsələlər öz uğurlu həllini tapmış, Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrdə infrastruktur təminatı yaxşılaşdırılmışdır. Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. 2006-2007-ci illər ərzində layihə sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və müvafiq qaz qurğuları tikilib istifadəyə verilmişdir.

Mühüm tədbirlərdən biri - Bakının Şüvəlan qəsəbəsində ümumi gücü sutkada 221 min kubmetr olan kanalizasiya təmizləyici qurğunun tikintisi başa çatdırılmış, 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti təmir olunmuşdur. 933 elektrik mühərriki və 491 su nasosu yenisi ilə əvəz edilmiş və yaxud təmir olunmuş, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi həcmi 221,8 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmişdir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması da ötən illərdə uğurla icra edilmiş mühüm layihələrdəndir. Bundan başqa, Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində sutkalıq gücü 10 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.

Görülən tədbirlərin uğurlu davamı kimi, təkcə 2010-cu il ərzində Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı, Qaradağ rayonunun Lökbatan qəsəbələrində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilmiş, Respublika Klinik Uroloji Xəstəxanasının, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur. Ümumilikdə son illər ərzində Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi qayğı göstərilmişdir.

Bütün bunlara baxmayaraq, dövlət başçısı görülən işləri qənaətbəxş saymır, paytaxtın kənd və qəsəbələrinin problemlərinin həlli istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu bildirir. 2011-ci il martın 9-da dövlət başçısının sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair xüsusi müşavirənin keçirilməsi bunu bir daha təsdiqləyir. Həmin müşavirədə Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Bakı şəhərində və ətraf qəsəbələrdə həllini gözləyən bəzi problemlər qalır və onların həlli üçün yeni dövlət proqramı hazırlanmalıdır: "Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi. Biz bəzi böyük şəhərlərin problemləri ilə tanışıq. Görürük ki, o şəhərlərdə bəzi hallarda yol hərəkəti dayanır, bir neçə saat iflic vəziyyətə düşür. Bunun qarşısının alınması üçün bir neçə il bundan əvvəl şəhərimizdə geniş yol-tikinti layihələri icra edilməyə başlamışdır".

Prezident İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması nəzərdə tutulub.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətləri sırasında isə müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafına dair layihələrin həyata keçirilməsinin davam etdirilməsi, Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının bərpası planlaşdırılır.

Dövlət Proqramının Azərbaycan Respublikasının dövlət büdcəsinin, Sahibkarlığa Kömək Milli Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri, habelə qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Proqram imzalanandan sonra Prezident İlham Əliyev Şüvəlan və Sabunçu qəsəbələrinə getmiş, verdiyi bütün tapşırıqların necə yerinə yetirilməsi ilə, bu qəsəbələrdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə şəxsən tanış olmuş, sakinlərlə görüşmüş, onları qayğılandıran məsələlərlə maraqlanmışdır. Dövlət başçısı sakinlərlə söhbət zamanı Bakının, ətraf kənd və qəsəbələrinin problemlərinin hökumətin daim diqqət mərkəzində olduğunu bir daha bildirmişdir: "Şüvəlan qəsəbəsində də işlər yaxşı gedir, yollar çəkilir, bütün infrastruktur yeniləşəcəkdir. Əminəm ki, qısa müddətdə Şüvəlanın bütün yolları gözəl olacaqdır. Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin inkişafı proqramı qəbul edilibdir. Çox böyük proqramdır və orada hər bir qəsəbə üçün xüsusi məsələlər nəzərdə tutulub, onlar öz həllini gözləyir. Beləliklə, hesab edirəm ki, iki ilyarım ərzində Bakıətrafı qəsəbələrdə bütün sosial və iqtisadi məsələlər həllini tapacaqdır. İndi biz birinci mərhələdə yolların çəkilişi ilə məşğuluq. Müvafiq göstərişlər verilib, vəsait ayrılıb və Şüvəlan qəsəbəsində də gözəl yollar çəkilir. Bununla bərabər, bütün başqa məsələlər də öz həllini tapmalıdır".

Prezident İlham Əliyev sakinlərlə görüş zamanı aparılan abadlıq-quruculuq işlərinin keyfiyyətli olması vacibliyini də xüsusi önə çəkərək demişdir ki, görülən işlərə mütləq nəzarət olmalı, çatışmayan məsələlər haqqında vaxtında məlumat verilməlidir.

Bütün bunlar göstərir ki, dövlət başçısı İlham Əliyevin xalq qarşısında verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanır. İmzalanmış Dövlət Proqramı Bakının ətraf qəsəbə və kəndlərində özünü göstərən bəzi problemlərin də yaxın illərdə öz uğurlu həllini tapacağına əsas verir.

 

 

Azərbaycan.- 2011.-4 iyun.- S. 1.