Ölkəmiz müstəqillik illərində qüdrətlənmiş və dünya birliyində layiqli yer tutmuşdur

 

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya dövlət dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin inkişafı isə bu prosesi daha da sürətləndirirdi.

Rusiya dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seymində də ən fəal üzvlər Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də isə Seymin Müsəlman Fraksiyasının, yəni, Zaqafqaziya Müsəlman Şurasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Bununla, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda parlamentli respublikanın təməli qoyuldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradıldı. 1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi və sentyabrın 17-də AXC hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

Noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı.

Milli Şuranın 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman AXC-nin son dərəcə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət demokratik inkişaf yolu tutdu. Azərbaycan Milli Şurasının tərkibi 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları, 1 nəfər isə yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda gürcü və polyakların da bir deputatla parlamentdə təmsil olunmaq imkanı yaradıldı. Yeni parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi. 1918-ci ilin mart soyqırımının dəhşətlərindən cəmi yarım il keçməsinə baxmayaraq, bu dəhşətləri törətmiş ermənilərin nümayəndələrinə Azərbaycan parlamentində 21 nəfər nümayəndə ilə təmsilçilik imkanı yaradılmışdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi. İlk iclasda F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramını irəli sürdü və yeni hökumətin tərkibini təsdiq olunmaq üçün təqdim etdi. Parlament hökumətin proqramını qəbul edərək F.Xoyskinin rəhbərliyi ilə təşkil olunmuş yeni hökumətə etimad göstərdi.

Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahələrdə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq həmrəylik və yekdillik nümayiş etdirirdilər. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyət daşıdı. Universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Lakin parlamentin fəaliyyəti uzun sürmədi.

27 aprel 1920-ci ildə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Azərbaycan yenidən Rusiyanın tərkibinə qatıldı. Bununla belə, AXC xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil. 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdi.

Lakin Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ali Sovetin Sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdı: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı və inkişaf etdiriləcəyi ilə bağlı verdiyi bu vədini praktik olaraq gerçəkləşdirmiş, sabit dövlətçilik ənənələri yaratmış, respublikamızı davamlı inkişaf yoluna çıxarmış lider kimi xalqının qəlbində yaşayır və ehtiramla anılır. Bu gün istər Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının, istərsə də ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı həyata keçməyən arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın daxili və xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın müstəqil siyasət yeritməsinin ən mühüm göstəricisi kimi vurğulana bilər. Prezident İlham Əliyev bildirmişdi: "Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyillər, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək".

Müstəqilliyimizin bərpa edilməsindən ötən 20 il ərzində Azərbaycanın dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata malik olan ölkə kimi öz yerini tapması üçün böyük işlər görülmüşdür. Bütün sahələrdə əldə olunan yüksək nəticələr aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 2.