"Əsrin müqaviləsi" sosial-iqtisadi inkişafın bünövrəsidir

 

Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ulu öndər Heydər Əliyevin böyük nüfuzu, gərgin mübarizəsi və qətiyyəti sayəsində mümkün oldu. Sonradan "Əsrin müqaviləsi" adını alan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanması dünyaya sübut etdi ki, Azərbaycan azad, müstəqil, suveren ölkədir. Ulu öndərin dediyi kimi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk".

Keçən əsrin 80-ci illərinin sonundan iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlıq hökm sürməyə başlamışdı. Hasilat azalmışdı və vəziyyəti düzəltmək üçün heç bir tədbir görülmürdü.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra bu sahəyə də diqqət yönəltdi. Neft və qazçıxarma müəssisələrində vəziyyət sabitləşməyə başladı. Tədricən hasilat artdı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz hadisə baş verdi: "Əsrin müqaviləsi" imzalandı.

Həmin dövrdə Azərbaycanda, eləcə də bütün Qafqaz regionunda siyasi vəziyyət qeyri-sabit idi. Belə bir şəraitdə Azərbaycana sərmayə qoymaq xarici şirkətlərdən risk tələb edirdi. Ulu öndər həmin dövrü xarakterizə edərək deyirdi: "Biz 1994-cü ildə neft müqaviləsini imzalayarkən bu, çoxlarına xülya kimi görünürdü. Deyirdilər ki, bu, mümkün olmayan şeydir. Amma bəziləri də dərhal çox narahatçılıq hissi keçirirdilər. Çünki Xəzər dənizində qısa bir zamanda Amerika Birləşmiş Ştatlarından, digər Qərb ölkələrindən dünyanın ən böyük şirkətlərinin gəlməsi və onların orada sərmayə qoyması, təbiidir ki, bəzi ölkələrdə narahatçılıq doğururdu".

"Əsrin müqaviləsi" imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə deyib: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".

Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı və beləliklə, burada beynəlxalq konsorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladılar və bunun nəticəsində ölkə sürətlə, hərtərəfli inkişaf etməyə başladı. Ötən dövr ərzində ölkəmiz adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu. Azərbaycanın neft sektoru ölkə iqtisadiyyatı üçün həlledici amilə çevrildi. Ölkəyə gətirilən sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamaqla yanaşı, qeyri-neft sahələrinin inkişafına da güclü təkan verdi. Bu baxımdan "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir tarixindəki rolu müstəsna əhəmiyyətə malikdir.

Xatırladaq ki, AÇG yataqlarının 30 illik işlənmə müddətində 5 milyard bareldən çox neft verəcəyi gözlənilir. Bu müqavilə çərçivəsində ilkin neft 1997-ci ilin noyabr ayında "Çıraq"dan çıxarıldı. 2005-ci ilin fevralında "Azəri" yatağının mərkəzi, 2006-cı ilin ilk günlərində qərb və həmin ilin sonunda şərq hissələri neft verdi. 2008-ci ilin yazından "Dərinsulu Günəşli" yatağı da istismar olunur.

Ümumiyyətlə, AÇG yataqlarının bir gün ərzində 1 milyon barel neft verməsi planlaşdırılıb. Buradan çıxarılan neft əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulur. Məlum olduğu kimi, keçən il ölkəmizdə 51 milyon tona yaxın neft hasil edilib. Bunun 40,6 milyon tonu "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqlarından çıxarılıb.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi"ni belə dəyərləndirib: "Əsrin müqaviləsi" respublikamız üçün beynəlxalq inteqrasiyanın başlanğıcı oldu və iqtisadiyyatın uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etdi. Hazırda bizim təşəbbüsümüzlə bölgədə neft-qaz, habelə infrastruktur sahəsində bir sıra transmilli layihələr həyata keçirilir. Zəngin enerji mənbələrinə malik tranzit ölkə kimi Azərbaycan regional əməkdaşlıq məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilmişdir. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, həmçinin mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyinin təmin olunması işinə öz layiqli töhfəsini verir.

Müəllifi Heydər Əliyev olan yeni neft strategiyası Azərbaycana həm də yeni, ən müsair dünya standartları səviyyəsində bir infrastruktur bəxş etdi. İllər keçəcək, sözügedən layihələr bitəcək, lakin bu infrastruktur Azərbaycanın mülkiyyəti kimi hələ uzun müddət yeni-yeni layihələrin reallaşmasına xidmət edəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "...kontraktın icrası nəticəsində Azərbaycana milyardlarla, on milyardlarla xarici investisiya qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi".

İlk növbədə, Xəzərin Azərbaycan bölməsindəki sualtı xətlərin şəbəkəsi genişləndirilməyə başladı. "Azəri" yatağının neftini və səmt qazını sahilə nəql etmək üçün ayrıca kəmərlər inşa olundu. Dənizdən Səngəçaladək hərəsinin uzunluğu 187 kilometr olan 30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri çəkildi. Bir sözlə, təkcə "Azəri" yatağı üçün çəkilən sualtı boru xətlərinin ümumi uzunluğu 600 kilometrə çatdı.

Daha sonra "Dərinsulu Günəşli"dən də sualtı borular çəkildi və onlar mövcud neft və qaz kəmərlərinə birləşdirildi. Beləliklə, "Azəri" yatağı işlənməyə başlandığı dövrdən Xəzərin Azərbaycan bölməsində çəkilən kəmərlərin ümumi uzunluğu 1000 kilometri ötdü (buraya "Şahdəniz"dən çəkilən və ümumi uzunluğu 274 kilometr təşkil edən qaz, kondensat və monoetil-qlikol kəmərləri də daxildir). Sualtı kəmərlərin sayı 21-ə çatdı.

"Əsrin müqaviləsi" bir zamanlar ilanmələyən yarımsəhra zonasında Səngəçal terminalı kimi nəhəng bir obyekt də yaratdı. Təkcə onu qeyd etmək kifayətdir ki, bu, dünyanın ən böyük terminallarından biridir. Terminalın böyüklüyünü və möhtəşəmliyini onun ərazisinin genişliyi də təsdiqləyir. Obyekt 542 hektar sahəni əhatə edir. Sualtı borular nefti və qazı Səngəçal terminalına gətirir. Saysız-hesabsız qurğular karbohidrogenləri texnoloji emal edir. Terminal Bakıdan 55 kilometr cənubda yerləşir. Cəmi 10-15 il əvvəl yarımsəhra zonada belə bir möhtəşəm obyektin yaranacağını bəlkə də çoxları heç təsəvvür edə bilməzdi. Lakin "Əsrin müqaviləsi" çərçivəsində görülən misilsiz işlər sırasında bu da mümkün oldu.

Terminalın genişləndirilməsinə 2002-ci ilin əvvəlində başlandı. Proqram az qala, yeddi illik bir dövrü əhatə etdi və bunun müqabilində görülən işlərin miqyası da ölçüyəgəlməzdir.

Azərbaycan neftinin və qazının dünyaya yolu buradan başlanır. Başqa sözlə, bir neçə neft və qaz ixracı kəməri öz başlanğıcını buradan götürür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin birinci və ən böyük nasos stansiyası məhz terminalın ərazisində yerləşir. BTC-nin keçdiyi yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət buradan - Səngəçaldan həyata keçirilir.

Səngəçalda ayrıca "Şahdəniz" sahəsi var. Yataqdan daxil olan qaz burada texnoloji emaldan keçirilir. Sonra "Şahdəniz" qazı Cənubi Qafqaz boru kəmərinə vurulur. Bunlarla yanaşı, Səngəçaldan istiqamət götürən elə kəmərlər də var ki, AÇG-nin səmt qazını və "Şahdəniz"dən çıxarılan qazı Azərbaycandakı istehlakçılara çatdırır.

Vaxtilə Heydər Əliyevin tikdirdiyi Bakı Dərin Özüllər Zavodu da (BDÖZ) yeni neft strategiyasının tələbləri baxımından xeyli genişləndirildi və müasirləşdirildi. Ulu öndərin adını şərəflə daşıyan bu müəssisə ABŞ-ın "MakDermott", Fransanın "Byuqz", İtaliyanın "Saypem" kimi tanınmış şirkətlərinin çalışdığı, AÇG üçün platformaların tikildiyi misilsiz bir meydançaya çevrildi.

Bibiheybətdəki ATA (AMEK-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsində də dəniz qurğuları inşa edilir. Burada, köhnə buruqların arasında sağa-sola doğru şaxələnmiş bu müəssisə sanki Azərbaycanın neft sənayesinin möhkəm təməl üzərində necə böyük irəliləyişə nail olduğunu bir daha xatırladır.

Bütün bunlar yüzlərlə, minlərlə yeni iş yerləri deməkdir. Sözügedən obyektlərdə tikinti işləri aparılarkən burada ətraf yaşayış məntəqələrinin neçə-neçə sakini öz məşğulluq problemini həll edir. İnşaat işləri başa çatandan sonra da onların bir çoxu bu obyektlərdə öz fəaliyyətlərini davam etdirirlər. Müqavilə dövrü sona çatmış olan işçilərə isə keçdikləri təlimlər və qazandıqları təcrübə eyni səviyyəli yeni obyektlərdə işləmək imkanı verir.

Hazırda "Əsrin müqaviləsi" çərçivəsində yeni bir layihə işlənir. Çıraq Neft Layihəsi (ÇNL) ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. İndi ÇNL-in tikinti işlərinin qızğın çağıdır. BDÖZ-də, ATA-da və başqa tikinti-quraşdırma sahələrində, dənizdə nəzərdə tutulan işlər qrafikə uyğun davam edir. Bu işlərə hazırda podratçı şirkətlər vasitəsilə 3200-dən artıq insan cəlb olunub ki, bunların da 95 faizdən çoxu Azərbaycan vətəndaşıdır.

Azərbaycanın yeni neft strategiyasının müəllifi olan ümummilli lider Heydər Əliyev 17 il əvvəl demişdir: "Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik... Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir".

Bu gün Azərbaycanın iri neft-qaz və ixrac layihələrində dünyanın ən böyük, ən nüfuzlu dövlətlərinin tanınmış şirkətləri iştirak edirlər. AÇG-nin və bir sıra digər mühüm layihələrin əməliyyatçısı dünya şöhrətli bp-dir. Hazırda bp tərəfdaşları ilə birlikdə ölkəmizdə öz əsas işləri ilə yanaşı, genişmiqyaslı sosial layihələr də həyata keçirirlər. Onlar Azərbaycanın müxtəlif yerlərində yeni infrastrukturun qurulmasına dəstək verirlər. Sosial proqramlar çərçivəsində məktəblər, uşaq bağçaları, müalicə ocaqları təmir edilir, kəndarası yollar qaydaya salınır, susaflaşdıran avadanlıq quraşdırılır və başqa işlər görülür. bp və tərəfdaşları Azərbaycanda qaçqın və məcburi köçkünlərin, orta və kiçik sahibkarlıqla məşğul olan insanların yaxın köməkçisidir. Sosial layihələr çərçivəsində gənclərə xüsusi dəstək verilir. Əsasən də, neft-qaz, mədən, geoloji kəşfiyyat sahələri üzrə təhsil alan gələcək mühəndislərə kömək göstərilir, onlar xüsusi təqaüdlərlə mükafatlandırılır.

Bütün bunlar "Əsrin müqaviləsi"nin imzalanmasının necə uzaqgörənliklə və müdrikliklə seçilmiş, xalqın işıqlı gələcəyinə yönəldilmiş bir strategiya olduğunu sübut edir. Bu gün ölkəmiz bu strategiyaya sadiq qalaraq onu inkişaf etdirdikcə özü də sosial və iqtisadi cəhətdən daha da irəliləyir. Prezident İlham Əliyev bu barədə belə demişdir: "1994-cü ildə atılan addımlar düzgün addımlar idi. Bu, Heydər Əliyevin neft strategiyasının, neft diplomatiyasının təntənəsidir. Mən ümid edirəm ki, biz bu siyasəti davam etdirdikcə yeni nailiyyətlərə çatacağıq, ölkəmizi gücləndirəcək, hərtərəfli inkişaf etdirəcəyik".

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 2.