Qurtuluşun təməli Gəncədə qoyuldu

 

Onun yenilməz sərkərdəsi ulu öndər Heydər Əliyevdir

 

Biz bütün çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.

 

Heydər ƏLİYEV

 

1993-cü ilin 4 iyun günü xalqımızın tarixinə əbədilik yazıldı. O vaxtdan 18 il keçir. İstər-istəməz o müdhiş günlər yada düşür. Azərbaycan sözün tam mənasında parçalanıb məhv olmaq ərəfəsində idi.

Bir səhər qədim Gəncə top-tüfəng səsinə ayıldı. 709 saylı hərbi hissənin yerləşdiyi sahəyə yaxın düşmək olmurdu. Əhali qorxu, vahimə içində idi, hər tərəf döyüş meydanına bənzəyirdi. Əsl vətəndaş müharibəsi başlanmışdı. Ölən kim, yaralanan kim... Əlində ağ bayraq qırğının qarşısını almaq üçün cəsarətlə irəli çıxan batalyon komandiri Mehman Ələkbərov 18 güllə yarası almışdı. Kərəm Hümbətov, Mehman Cəfərov, Firdovsi Qənbərov, Elçin Əsədov və başqaları da qardaş qırğınının qurbanı oldular. O zaman hakimiyyət kürsüsündə oturanlar isə hadisələri cilovlamaq, qan-qadanı yatırmaq əvəzinə, odun üzərinə neft tökür, qarşı-qarşıya duran qüvvələri daha da qızışdırır, öz səriştəsiz hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirirdilər.

O günlərin canlı şahidi, əmək veteranı Musa Musayev deyir ki, hamı çaşıb qalmışdı. Nə olacaq bu işlərin sonu? Hökumət də başını itirmişdi, camaat da. Qəfildən bizi çağırdılar, bir neçə ağsaqqalla gedəndə gördük ki, şəhərin bütün idarə müdirlərini yığıblar. Qapıda əlisilahlı adamlar dayanmışdı. Salonda oturduq, Pənah Hüseynov bir dəstə adamla gəldi. Prokuror İxtiyar Şirinov, milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov, daxili işlər nazirinin birinci müavini Qabil Məmmədov və başqaları da orada idi.

Pənah Hüseynov başladı, nə başladı. Bilirsiniz ki, şəhərdə vəziyyət ağırdır. Surət Hüseynov qoşunları cəbhədən çəkərək gəlib öz iqamətgahında oturub, indi də şəhəri ələ keçirmək istəyir. Cəbhə boş qalıb. Vəziyyət siz düşündüyünüzdən də ağırdır. Biz hərbi hissəni bombardman edib dağıtmalıyıq. Əhaliyə izah edin ki, şəhərdə atışma gedəndə narahat olmasınlar.

Veteranlar Şurasının sədri Yusif Yusifov, onun müavini Ağa Ağayev və başqaları buna qəti etiraz etdilər. Mən də sözümü dedim. Dedim ki, şəhərdə belə bir hadisənin baş verməsinə əsla razı deyilik. Buna yol vermək olmaz. Sonra xəbər aldım, axı niyə belə şərait yaranıb? Cavab verdilər ki, biz bilmirik, gedin, camaata izah edin ki, Surət düşməndir və şəhərdə atışma olacaq.

Nə qədər etiraz eləsək də, sözümüzə baxan olmadı. O vaxt külli-ixtiyar sahiblərinin, eləcə də Fəhmin Hacıyevin də fikri qəti idi: toplantıda tələb etdi ki, "Hərbi qüvvələrə tam ixtiyar verilsin. Şəhərdən əhalinin çıxarılmasına, orada hərbi əməliyyat keçirilməsinə imkan yaradılsın".

Gərginlik getdikcə artır, Gəncə dəniz kimi çalxanırdı. Çaş-baş qalan insanlar qəzəblə, qeyzlə vurnuxur, qorxu-təlaş içində qovrulurdular. Təkcə Gəncəni yox, bütövlükdə Azərbaycanın taleyi tükdən asılı idi. Xalqın bu ağır günündə, Vətənin həlledici məqamında, ölkəmizin səmasında cənab Heydər Əliyev qəfil günəş kimi parladı. Ulu öndər onda hələ Naxçıvan MR Ali Sovetinə rəhbərlik edirdi. Hadisələrin gərgin çağında cənab Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan deputatları çox tutarlı, obyektiv bəyanat verdilər. Gəncədə indi çoxu bu bəyanatın hər sözünü, hər kəlməsini əzbər bilir: "Əziz həmvətənlərim!.. Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik.

...Belə bir ağır şəraitdə biz, Naxçıvan MR xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı özünün seçdiyi prezidentin ətrafında sıx birləşməyə çağırırıq!

Prezidentdən isə uzun müddət xalqın qanını sorub milyonlar qazananlara, rüşvətxorlara, bürokratlara, dövlətçiliyimizin əleyhinə çıxanlara, açıq və gizli millət xainlərinə qarşı qəti və sərt tədbirlər görməsini xahiş edirik. Qardaş gülləsindən həlak olan qardaş və bacılarımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək dərdlərinə şərik oluruq".

Ulu öndər Heydər Əliyevin həyanlığından, qayğı və qətiyyətindən ruhlanan gəncəlilər ümumşəhər mitinqlərindən birində Azərbaycan xalqına belə bir müraciət qəbul etdilər.

"1. Respublikada siyasi, hərbi və hakimiyyət böhranına səbəb olmuş, torpaqlarımızın işğalına, xalqın ləyaqətli övladlarının məhv edilməsinə, milli ləyaqətimizin ləkələnməsinə bais olan, Azərbaycanda qardaş qırğını törədən, ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyi tam tərkibdə istefa versin.

2. Ali Sovetin fövqəladə sessiyası çağırılsın və Gəncədə baş verən hadisələrə siyasi qiymət verilsin.

3. Törədilən faciəyə bais olanlar tezliklə cinayət məsuliyyətinə cəlb olunsunlar.

4. Respublika əhalisində, habelə Ali Sovetin sessiyasında aydın, obyektiv təsəvvür yaradılması məqsədilə Gəncə hadisələri ilə bağlı çəkilmiş videokasetlər Ali Sovetin sessiyasında nümayiş etdirilməklə birbaşa efir vasitəsilə xalqa çatdırılsın.

5. DTK arxivlərini gizli saxlamaqla bu günə kimi 20 noyabr 1991-ci il vertolyot qəzasının, Xocalı, Şuşa, Laçın faciələrinin açılmasını təmin etməyən, Gəncəbasar hadisəsini törədən dövlət rəhbərləri bu cinayətlərdə birbaşa təşkilatçı və iştirakçı hesab edilməklə məsuliyyətə cəlb edilsinlər.

6. İrəli sürülən tələblərin yerinə yetirilmə müddəti 15.06.1993-cü il tarixə kimi müəyyənləşdirilsin və bu tələblər yerinə yetirilməyənədək bütün mübarizə formalarından istifadə edilsin".

Deməli, qəti tədbirlərin görülməsi üçün iyunun 15-nə kimi vaxt verildi. Xalqın haqlı tələblərini yerinə yetirmək üçün dövrün naşı, korafəhm iqtidarında o imkan, o ağıl, o səriştə hardaydı!

Ölkənin belə bir həlledici məqamda ulu Tanrı yenilməz xilaskar kimi Heydər Əliyevi bizlərə yetirdi. Xalqın təkidli tələbi ilə cənab Heydər Əliyev Bakıya gəldi. Ona respublikanın ən ali orqanlarından birinə rəhbərlik etmək tövsiyə olunurdu. Ulu öndər isə özünəməxsus müdrikliklə hərəkət etdi. İyunun 13-də Gəncəyə gəldi. O dahi şəxsiyyət heç nəyə baxmadan həyatını təhlükə altına ataraq bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə ətraflı tanış oldu. Şəhər sakinləri ilə, əsgərlərlə, hərbi qulluqçularla görüşüb söhbət etdi. Hər şeyi yerli-yataqlı araşdırdı. Ondan sonra - yəni iyunun 15-də respublika parlamentinin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil edənlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

Cənab Heydər Əliyev dərinməzmunlu, məntiqli çıxışı ilə Gəncə hadisələrinə tam aydınlıq gətirdi. Ulu öndər toplu-tüfəngli, silahlı-sursatlı iki əks tərəfin qarşısına sözlə, məntiqlə, ağlın, zəkanın qüdrəti ilə çıxdı. Bu məntiqlə, məharətlə hər iki tərəfi tədricən tərksilah etdi. Beləliklə meydanlarda Vətən və xalq adından bar-bar bağıran AXC-Müsavat başbilənləri başıpozuq halda siyasət meydanından sivişib getməyə məcbur oldular.

Ulu öndər Heydər Əliyevin sərkərdə səriştəsi və komandan qətiyyəti ölkəmizi parçalanıb məhv olmaqdan biryolluq xilas etdi.

Ötənləri, keçənləri düşünərkən bir daha yəqin edirsən ki, 4 iyun Azərbaycanın qurtuluş yolunun əslində ilk, həlledici addımı idi. Onun yenilməz sərkərdəsi ulu öndər Heydər Əliyev oldu. Müharibə burulğanında olan ölkəni o cür real bəlalardan yalnız və yalnız odlu-alovlu yolları keçərək mətinləşmiş Heydər Əliyev kimi müdrik bir şəxsiyyət xilas edə bilərdi və xilas etdi də!

Nə yaxşı ki, Azərbaycanın taleyində Heydər Əliyev adlı bir düha var idi. Əgər o, müdrik insan olmasaydı, indi bütün dünyada tanınan demokratik Azərbaycanın, müstəqil Azərbaycanın, vahid Azərbaycanın, günü-gündən şanı-şöhrəti artan Azərbaycanın taleyi necə olardı? Nə yaxşı ki, o, Vətənin ən ağır günündə xalqın tələbi, təkidi ilə yenidən hakimiyyətə gəldi. Gəldi və qüdrətli, yenilməz komandan kimi ölkəni hər cür bəlalardan xilas etdi. İndi ən nüfuzlu beynəlxalq məclislərdə adı iftixarla çəkilən, ən ali mərtəbələrdə üçrəngli bayrağı iftixarla ucaldan Azərbaycanı bugünkü yüksək mərtəbəyə ucaltdı. Hər yanda at oynadan silahlı dəstələri ləğv edərək sabitlik, əmin-amanlıq yaratdı. Qarabağ savaşında qan-qadanın qarşısını aldı, atəşkəsə nail oldu. Azərbaycan neftini ölkənin tərəqqisinə yönəltdi. Respublikanın ictimai-iqtisadi həyatının hər sahəsində islahatlar apardı. Sahibkarlara, iş adamlarına, qurub-yaratmaq istəyən hər kəsə geniş meydan açdı. Öz şanlı tariximizi, mənəvi sərvətlərimizi özümüzə tanıtdı. Azərbaycançılıq ideyasını yenilməz bayraq kimi əbədilik ucaltdı.

İndi bu şərəfli yolu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev çox böyük səriştə ilə, inamla, uğurla davam etdirir. Dünya miqyasında müstəqil Azərbaycanın nüfuzu günü-gündən artır. Dövlətimiz ən qüdrətli ölkələrdə, ən ali məclislərdə, ən önəmli məsələlərdə öz sözünü söyləyir, milli maraqlarına uyğun öz mövqeyini qətiyyətlə müdafiə edə bilir. Azərbaycanı dünya tanıyır, Azərbaycanla dünya hesablaşır.

O qanlı günlərdə mətanətlə dayanan qədim Gəncə müstəqil Azərbaycanın ən abad, ən yaraşıqlı bir diyarına çevrilib. Xüsusən son vaxtlarda qədim diyar, sözün tam mənasında, yenidən qurulur. Binaların, küçələrin, yolların görkəmi dəyişir, şəhər başdan-başa yaşıllıq diyarına çevrilir, gül-çiçəyə bürünür. Qurtuluş gününü ehtiramla qarşılayan gözəl Gəncə dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə layiqli töhfələrlə hazırlaşır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 3.