Vətəndən Vətənə qürurla baxırıq

 

Söhbət iki dövlətdən-bir millətdən - Türkiyə ilə Azərbaycandan gedir. Döğmalığı və yaxınlığı min illərə söykənən bu münasibətlər daim inkişaf edir, gündən-günə daha da dərinləşir. 70 illik sovet imperiyasının aramızda çəkdiyi qalın divarlar belə ikiyə bölümüş bu xalqlar arasındakı mənəvi bağlara, körpülərə, əlaqələrə mane ola bilmədi, özü dağılan kimi, o divarlar da bir andaca yerlə yeksan oldu. Yüz il, min il əvvəlki kimi əlaqələr yenidən artmağa, gediş-gəliş böyüyüb vüsət almağa başladı.

1918-ci ildə - AXC-nin yarandığı vaxtlarda olduğu kimi, dünyada mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi indiki dövrdə də iki qardaş dövlət bir-birinin yanındadır. Düşmən qüvvələrin səyi, onda olduğu kimi, indi də boşa çıxır. Çünki bu dostluğa, qardaşlığa xələl gətirmək, kölgə salmaq mümkün deyil. Tarix özü dəfələrlə bu qardaşlığın, qardaş yolunda şəhidliyin şahidi olub. Birinci Dünya müharibəsində Türkiyə öz tarixinin ən mürəkkəb, ən qarışıq, eyni zamanda, ən parlaq və şərəfli bir dövrünü yaşayarkən Çanaqqalada yadellilərin - türk torpaqlarına göz dikənlərin qarşısına Osmanlı türkləri ilə yanaşı, o vaxt könüllü olaraq Azərbaycandan gələn döyüşçülər də çıxmış, Türkiyənin yeni dövrdə başladığı istiqlal savaşına öz adlarını namusla, qanla yazmışlar. Aradan illər ötsə də, yada düşdükcə bütün bunlar insanda kədər qarışıq böyük bir qürur hissi də oyadır. Bu gün Türkiyənin hər yerində - Qarsda, Ərzurumda, Vanda, Çanaqqalada şəhid məzarları arasında dolaşarkən sanki həmin insanların illərin sınağından keçib gələn səslərini eşidir, söhbətlərini duyursan. İnsana rahatlıq gətirən bir də odur ki, onlar yad torpaqda, qürbətdə deyil, Vətəndə dəfn olunublar, onların uyuduğu torpaq isə bu gün də minlərlə insanın ziyarət yeridir.

İnsan öz şərəfli tarixinə baxmaqdan, boylanmaqdan doymur. 1918-ci ildə Şərqdə ilk demokratik dövləti yaradanda min bir çətinliklə qarşılaşan Azərbaycanın köməyinə ilk gələn də qardaş Türkiyənin övladları, Qafqaz İslam Ordusu oldu. Bakının düşmən tapdağından azad olunmasında müstəsna xidmətlər göstərən Nuru Paşanın, Ənvər Paşanın başçılıq etdiyi türk qoşun hissələrinin verdiyi itkiləri, göstərdiyi mərdlik və şücaəti ağır sovet dövrü - repressiyalar belə heç kəsin yadından çıxara bilmədi. Azərbaycanın istiqlalı yolunda şəhid olmuş, ölkəmizin hər yerinə səpələnmiş türk oğullarının məzarları onda da, indi də böyük diqqət və qayğı ilə qorunur, onların hər biri müqəddəs məkana, ziyarət yerinə çevrilibdir.

Aradan illər ötsə də, eyni dilə, eyni dinə malik bu qardaşlığı, dostluğu, doğmalığı istəməyən, bütün vasitələrlə ona mane olmağa, onu pozmağa çalışan bədxahlar nəinki yox olub, hətta bu gün də fəaliyyətdədirlər.

İllərdir hər iki dövlətin və xalqın başı üzərində bir kabus təki "erməni" adlı bəla dolanmaqdadır. Birliyimizi, rifahımızı istəməyən, gözü götürməyən qüvvələrin əlində "erməni məsələsi" bir vasitəyə çevrilibdir. Yüz illərdir ermənilərin "xeyri"nə itirdiyimiz torpaqlar da, elə Qarabağ da bu siyasi oyunların, ikili standartların nəticəsidir. Ancaq Azərbaycanda olduğu kimi, Türkiyədə də bu həqiqəti hamı gözəl başa düşür: belə düşmənlərdən biri aşkarda görünən Ermənistan olsa da, arxasındakı qüvvələr tamam başqadır.

Türkiyə kimi güclü, demokratik hüquqi, qüvvətli bir dövlətin Avropa Birliyinə gedən yoluna əngəllər yaradanların, ondan qat-qat zəif iqtisadiyyata və nüfuza malik ölkələrin asanlıqla beynəlxalq təşkilatlara üzv götürülməsinin arxasında duranların məqsədi də aydındır. Haqsız yerə "soyqırımı" adı ilə "erməni məsələsi"ni Türkiyəyə zorla qəbul elətdirmək istəyən qüvvələrin də niyyətini artıq hər iki ölkədə yaxşı başa düşür, onların məqsədini də hər iki qardaş ölkənin ictimaiyyəti yaxşı anlayır. Fikrini, niyyətini bildiyin düşmən isə sənin üçün o qədər də təhlükəli, qorxulu və dəhşətli ola bilməz.

Ötən əsrin 80-ci illərindən başlayaraq erməni terrorundan və işğalından əziyyət çəkən respublikamıza qardaş ölkənin hər zaman açıq dəstəyini hiss etmək, görmək, Azərbaycanda olduğu kimi, Türkiyədə də çalışan, təhsil alan hər bir azərbaycanlı gəncin sinəsini qürur və iftixar hissi ilə doldurur. Azərbaycan məsələsində Türkiyənin rəsmiləri ilə bərabər bu ölkənin mətbuatı, televiziyası da eyni mövqe nümayiş etdirir. Baş nazir Rəcəb Tayyib Ərdoğanın müxtəlif vaxtlarda dünya və Avropa ölkələrinə səfərləri zamanı onun gündəliyində daim Azərbaycanın taleyüklü məsələləri də yer alır və Baş nazir əsl türk oğluna xas bir tərzdə kəskin, qətiyyətli və birmənalı cavablar verir.

1992-ci ildən - Ermənistanın Azərbaycana təcavüzünün gücləndiyi bir dövrdə onunla sərhədlərini qapayan qardaş dövlət təcavüzkar ölkənin Azərbaycanla problemləri bitməyənə qədər sərhədləri açmaq fikrində də deyil. Bu günlərdə Baş nazir Rəcəb Tayyib Ərdoğan səfərlərinin birində Avropanın düz ortasında yenidən üzünü bütün dünyaya tutaraq bir daha bəyan etdi: "Biz Azərbaycanın haqqını Ermənistana yedizdirmərik", "Tarixlə tarixçilər məşğul olsunlar, siyasətçilər yox", "O uzaq tarixdə nələr olduğu bilinmir, Xocalıda törədilən soyqırımı isə göz önündədir. Gəlin ondan danışaq, gəlin ona qiymət verək". Ümumiyyətlə, sevindirici haldır ki, Türkiyə məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanındadır və artıq Qarabağ məsələsi nəinki Azərbaycanın, eləcə də bütün Türkiyənin, türk xalqının milli məsələsinə çevrilmişdir.

"Evrovision-2011" mahnı yarışmasında, digər beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanla Türkiyənin bir-birini necə ürəkdən dəstəklədiklərinin yenidən şahidi olduq. Yarışmanın qalibi olan Azərbaycan təmsilçilərinin əllərində hər iki ölkənin bayraqlarının görünməsi isə hamını - türklərlə birlikdə bu ölkədə yaşayan, təhsil alan, işləyən hər bir azərbaycanlı türkünü də həm sevindirdi, həm də kövrəltdi. Çünki hamı bu qələbəyə hər iki dövlətin, eləcə də bütün türk dünyasının qələbəsi kimi baxır, onu türk ruhunun vahidliyinə, bölünməzliyinə və əbədiliyinə ən yaxşı nümunə kimi qiymətləndirir.

Mustafa Kamal Atatürkdən başlayaraq gələn, ümummilli lider Heydər Əliyev tərəfindən uğurla inkişaf etdirilən bu dostluq, qardaşlıq siyasətinin yönü gələcək nəsillərədir. Hər bir nəsil ona öz layiqli töhfəsini verməlidir. Bu günlərdə Qarsda Heydər Əliyev adına liseyin təməlqoyma mərasimində çıxış edərkən Rəcəb Tayyib Ərdoğan bu fikri, bu siyasəti bir daha təsdiqlədi.

Prezident İlham Əliyev "Evrovision-2011" qaliblərini qəbul edərkən bir fikri xüsusi vurğuladı: "Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, ilk növbədə, sizin qələbənizdir. Mən sizi bir daha təbrik edirəm. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir. Bu, artıq tarixdə qalacaqdır".

Bəli, bu tarixi qələbə Azərbaycanla bərabər bütün Türkiyənin, bütün türk dünyasının qələbəsidir. Kaş belə qələbəmiz həmişə olsun!

 

 

Səbinə ELDARQIZI,

hüquq elmləri

üzrə fəlsəfə doktoru

İstanbul

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 3.