Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur

 

İyunun 3-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası (DQMK) "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə" mövzusunda "dəyirmi masa" təşkil etmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2011-ci il 6 aprel tarixli sərəncamına uyğun olaraq DQMK sədrinin 2011-ci il 19 aprel tarixli əmri ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən keçirilmişdir.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də qatıldığı "dəyirmi masa"da komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə" mövzusunda təqdimatla çıxış etmişdir. O bildirmişdir ki, 2007-ci il mayın 31-də "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun qəbul edilməsi dövlət qulluğunun nüfuzunun və ona olan etimadın yüksəldilməsinə, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılmasına müsbət təsir göstərmişdir. Dövlət qulluğunda vicdanlı davranış, peşəkarlıq, fərdi məsuliyyətin və ictimai etimadın artırılması, qərəzsizlik, korrupsiyaya qarşı mübarizə qanunun əsas prinsiplərindəndir. Prezident İlham Əliyevin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da etik davranış qaydaları diqqət mərkəzində saxlanılmışdır.

V.Əsgərov qeyd etmişdir ki, komissiyaya 2010-cu ildə etik davranış qaydalarının pozulması ilə bağlı 5, cari ilin ilk beş ayında isə 26 müraciət daxil edilmişdir.

"Etik davranışın ümumi əsasları" mövzusunda təqdimatla çıxış edən DQMK-nın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli bildirmişdir ki, etik davranış qaydaları daha çox mənəvi-əxlaqi xüsusiyyətləri ifadə etsə də, dövlət bu münasibətlərin siyasi-hüquqi əhəmiyyətini nəzərə alaraq, bu haqda qanun qəbul etməklə ona hüquqi xarakter vermişdir. Bu baxımdan dövlət orqanları daxili etik davranış qaydalarını hazırlayarkən onların real münasibətlərə mümkün qədər müvafiq olmasına və qurumun strukturuna diqqət yetirməli, bir çox zəruri xüsusiyyətləri nəzərə almalıdırlar. Etik davranış qaydalarının müxtəlif vasitələrlə təbliği onun icrasında ən mühüm vasitədir.

Qeyd olunmuşdur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları üzrə dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarəti və onun təhlilini məsul şəxslər - etik müvəkkillər həyata keçirir. Etik müvəkkillər və onların əlaqə telefonları komissiyanın saytında yerləşdirilmişdir.

Təqdimatlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.