X Respublika Universiadasının qalibləri mükafatlandırılmışlar

 

İyunun 3-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Təhsil, Gənclər İdman nazirliklərinin Milli Olimpiya Komitəsinin birgə qərarı ilə keçirilmiş ali məktəblərin X Respublika Universiadası qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, ali məktəb tələbələrinin X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilmişdir. Yarışlara 21 ali məktəbin tələbələri qoşulmuş, minlərlə gəncin iştirakçısı olduğu turnirin final mərhələsində 1450 tələbə öz gücünü sınamışdır.

Respublika Universiadasının əsas məqsədlərindən biri avqustun 12-13-də Çin Xalq Respublikasının Senjen şəhərində keçiriləcək Tələbələrin Ümumdünya Universiadasına hazırlıqdır.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son illər ölkəmizdə idmanın inkişafı istiqamətində görülmüş uğurlu işlərdən danışmış, tələbələr arasında bu cür yarışların sağlam gənc nəslin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışlar.

Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, Azərbaycanın hər yerində bütün tələblərə cavab verən Olimpiya mərkəzlərinin tikilməsinin bu qayğının təcəssümü olduğunu bildirmişdir.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrini həyata keçirmək məqsədilə gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirlərinin keçirildiyini bildirmişdir. O, belə tədbirlərdən biri kimi universiada yarışlarının ənənəvi olaraq hər 2 ildən bir keçirildiyini diqqətə çatdırmışdır.

"Gənclik" Tələbə-İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ölkəmizdə idmanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən söhbət açmışdır.

Kişilər arasında yarışmada ilk pillədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti yer almışlar. İkinci və üçüncü yerlərdə Azərbaycan Tibb Universitetinin və Bakı Dövlət Universitetinin komandaları qərarlaşmışlar.

Qadınlar arasında yarışmada isə ilk pillədə yenə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universiteti qərarlaşmışlar. İkinci və üçüncü yerləri Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin komandaları tutmuşlar.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 5.