Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu böyük maraq doğurur

 

Xəbər verdiyimiz kimi, iyunun 1-də Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi zamanı şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və 15-ci əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) Azərbaycan pavilyonu açılmışdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva pavilyonun açılış mərasimində iştirak etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan rəssamlarının əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. Bir çox sənətsevərlər Azərbaycan müasir incəsənətinin çox yüksək səviyyədə olduğunu söyləyir, bütövlükdə müasir dünya sənət anlamı ilə yanaşı addımladığını, hətta bəzən irəlidə getdiyini deyirlər.

Azərbaycan pavilyonuna saysız-hesabsız tamaşaçı axını vardır. Bu il Venesiya Biennalesinin mövzusu "İllumination", yəni millətlərin işığı kimi səsləndiyindən Azərbaycan rəssamlarının əsərlərinin motivləri də Azərbaycanı ifadə edərək "Relational, of Baku", yəni "Bakıya məxsus" reallıqları, emosiyaları, təəssüratları və xatirələri qabartmaq, doğma diyardan nə qədər ayrı olsalar da, Vətənlə qırılmaz tellərlə bağlı olduqlarını göstərməkdir. Bu rəssamlardan yalnız ikisinin - Altay Sadıqzadənin və Mikayıl Əbdürrəhmanovun Azərbaycanda yaşadığını nəzərə alsaq, dediklərimizin nə qədər mühüm olduğu anlaşılar.

Artıq bir neçə ildir ki, Xanlar Qasımov və Ağa Hüseynov Amerikada, Zeyqəm Əzizov Böyük Britaniyada, Aydan Salahova isə Moskvada yaşamalarına baxmayaraq, Bakı mövzuları, Şərq həyatı, Şərqlə Qərbin əbədi təması və təzadı onlar üçün müqəddəs mövzular olaraq qalmaqdadır. Altay Sadıqzadə və Mikayıl Əbdürrəhmanov isə öz nəslinin ən müasir rəssamları kimi çıxış edir, klassik rəssamlığın dili ilə çağdaş sənət axarına qoşularaq ən contemporary - yəni ən çağdaş olaraq baxılırlar.

Rəssam Aydan Salahova jurnalistlərə sərginin çox gözəl keçdiyini, həmkarlarının yüksək səviyyəli əsərlərlə çıxış etdiklərini söyləmişdir. Aydan Salahova ölkəmizin birinci xanımının sərgiyə gəlişindən təsirləndiyini, bunun yaradıcı insanların istedadına və əməyinə göstərilən ən böyük diqqət və qayğı olduğunu demişdir. Aydan Salahova həm də sərgidə müəllifi olduğu iki əsərin Venesiyaya gətirilən zaman zədələndiyindən təəssüflənir və bunun nəticəsində sərgi zamanı bu əsərlərin müvəqqəti olaraq ağ örtüklə bağlandığını demişdir. Hazırda bu əsərlər yenidən bərpa olunur və çox qısa zamanda tamaşaçıların diqqətinə təqdim ediləcəkdir.

Sentyabrın 30-dək davam edəcək sərginin təkcə ilk iki günündə Azərbaycan pavilyonunu 5000 nəfərdən artıq tamaşaçı ziyarət etmişdir.

Azərbaycan pavilyonu təkcə tamaşaçıların deyil, həm də əsl peşəkarların - başqa ölkələri təmsil edən rəssamların və kuratorların da diqqətini cəlb edir. Öz növbələrində Azərbaycan rəssamları da digər pavilyonlara baxır, dünyada mövcud olan və yeni inkişaf edən müxtəlif sənət cərəyanları ilə bir daha təmasda olurlar.

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.