YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin
18-ci sessiyasının iştirakçıları İçərişəhərdə
olmuşlar
YUNESKO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Pilar Alvarez-Laso və Bakıda keçirilmiş YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin (BBK) 18-ci sessiyasının iştirakçıları İçərişəhərdə olmuşlar.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, qonaqlara İçərişəhər haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmişdir.
İçərişəhərlə tanışlıq ölkəmizin ən möhtəşəm abidələrindən olan, qədim tarixə malik Qız qalasına baxmaqla başlanılmış, Sıratağlı dini-memarlıq kompleksi və onun ərazisində sərgilənən ekspozisiyaya tamaşa etməklə davam etmişdir. Qonaqlara yaxınlıqda yerləşən Varfolomey kilsəsinin qalıqları barədə məlumat verilmişdir.
Daha sonra seminar iştirakçıları orta əsrlər ticarət yolunun üzərində yerləşən və Azərbaycanın Yaxın Şərq və Orta Asiya ölkələri ilə ticarət əlaqələrindən xəbər verən Buxara karvansarasında olmuşlar.
Burada Qüllə küçəsi ilə başlanan gəzinti Qoşa qala qapıları meydanı ilə davam etmişdir. Qonaqlar Kiçik Qala küçəsində təzə bişmiş təndir çörəyinin dadına baxmışlar.
"Şirvanşahlar Sarayı Kompleksi"ndə kompleksin memarlıq-inşaat xüsusiyyətləri qonaqların diqqətinə çatdırılmış və onlar saray binasında sərgilənən ekspozisiyaya tamaşa etmişlər.
Sonda qonaqlar İçərişəhərdən xoş təəssüratlarla ayrıldıqlarını bildirmişlər.
Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.