YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakçıları
Azərbaycan bəstəkarlarının
əsərlərini dinləmişlər
İyunun 3-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin
18-ci sessiyasının iştirakçıları
üçün konsert təşkil olunmuşdur.
AzərTAc xəbər
verir ki, Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi və
dirijorluğu ilə “TUTTİ” Kamera Orkestri və Qara Qarayev
adına Azərbaycan Dövlət Kamera Orkestri klassik əsərlərdən
ibarət konsert proqramını təqdim etmişlər.
Qonaqlar Aqşin Əlizadənin
“Cəngi”, Musa Mirzəyevin “Romantik vals”, Həsən Rzayevin
“Cahargah” əsərlərini və Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasından Əsgərin
ariyasını, Qara Qarayevin “İnsan məskən salır”
kinofilmindən fraqmenti maraqla qarşılamışlar.
Konsertdə respublika
müsabiqəsi laureatları Atabəy İsmayılovun və
Çinara Mütəllibovanın, beynəlxalq müsabiqə
laureatı Ceyla Seyidovanın ifaları dinlənilmişdir.
Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.