Milli Aviasiya Akademiyası peyk məlumatlarının emalı üçün lisenziyalı proqram təminatı almışdır

 

Milli Aviasiya Akademiyası (MAA) aerofoto və peyk məlumatlarının emalı üçün nəzərdə tutulan lisenziyalı "PCİ Geomatica" proqram təminatı almışdır.

AzərTAc xəbər verir ki, bu münasibətlə iyunun 3-də MAA-da Rusiyanın "Geo-Alyans" şirkətinin Yerin zondlanması peyklərindən alınan informasiyanın işlənməsi və tətbiqi üzrə təklif etdiyi xidmətlərin təqdimat mərasimi keçirilmişdir.

Şirkətin texniki əlaqələndiricisi Konstantin Naqornyuk qeyd etmişdir ki, Kanadada istehsal edilmiş "PCİ Geomatica" proqramının rəsmi distribyutoru olan bu şirkət MDB-nin 10 ölkəsində öz səlahiyyətlərini təqdim edir. Onun sözlərinə görə, şirkət bu proqramın yayılması, ona texniki dəstək və onunla işləmək qaydalarının öyrədilməsi ilə əlaqədar xidmətlərlə yanaşı, həm də öz tərəfdaşlarına xəritəçəkmə, kənd təsərrüfatı, meşə təsərrüfatı və ekologiya sahəsində peyklərdən çəkilmiş şəkilləri təqdim edir. K.Naqornyuk demişdir: "Bu sistem sənaye müəssisələrini, nəqliyyat şəbəkələrini idarə etməyə, şəhər infrastrukturunu planlaşdırmağa, suyun keyfiyyətinin monitorinqini keçirməyə, qanunsuz zibilxanaları aşkar etməyə, təbii fəlakətlərdən dəymiş zərəri qiymətləndirməyə imkan verir". Elmi-Tədqiqat Nəqliyyat və Aerokosmik Problemlər İnstitutunun aerokosmik informatika şöbəsinin müdiri Xasiyyət İsmətova bildirmişdir ki, Milli Aviasiya Akademiyası ilə "Geo-Alyans" şirkəti arasında əldə edilmiş razılaşmaya görə, bu ali məktəb lisenziyalı "PCİ Geomatica" proqramının qanuni sahibi hüququna malikdir, bu isə gələcəkdə peyklərdən alınan şəkillərin emalı imkanını genişləndirəcəkdir. Bundan əlavə, X.İsmətova izah etmişdir ki, bu proqram gələcəkdə Azərbaycan orbitə öz peykini buraxanda da faydalı olacaqdır. O demişdir: "Bu şirkətlə bağlanmış saziş azərbaycanlı mütəxəssislərin həmin proqramla işləməyi öyrənməsini, peyklərdən alınmış məlumatın emalını da nəzərdə tutur. Eyni zamanda bu proqram akademiyada ətraf mühitin aerokosmik monitorinqi və aerokosmik informasiyanı idarəetmə sistemləri kimi ixtisaslar üzrə tədris prosesində istifadə ediləcəkdir".

X.İsmətova daha sonra bildirmişdir ki, bu aerokosmik informasiyadan Azərbaycanın digər dövlət qurumları, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və başqaları istifadə edə bilər.

Şöbə müdiri qeyd etmişdir ki, "PCİ Geomatica" proqramı Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin təşəbbüsü ilə alınmışdır. O, demişdir: "Bu, bizim ali məktəbdə elmi tədqiqat işlərini genişləndirməyə imkan verəcək, gənc tədqiqatçılara öz araşdırmalarında bu proqramın imkanlarından istifadə etməkdə kömək edəcəkdir".

 

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 6.