Dünya iqtisadi ukladının dəyişkənlik
motivasiyası: nanotexnologiyalar və Azərbaycan prioritetləri
Müasir dünya və bütövlükdə qlobal iqtisadiyyat nano-bum mərhələsinə qədəm qoyur. Bu reallıq nanotexnologiyaların və nanoelmin inkişaf sürəti ilə bağlıdılr. Nanotexnologiyalar innovasiya nailiyyəti kimi dünya iqtisadi ukladının dəyişkənliyində əks olunur. Müasir inkişaf sürəti göstərir ki, nanotexnologiyalar tezliklə öz təsiri ilə iqtisadiyyatın bütün sektorlarında mahiyyət transformasiyası yaradacaq, həyat keyfiyyətini və ətraf mühitin funksionallığını yaxşılaşdıraraq dünyanın yeni inkişaf mərhələsində əhəmiyyətli dərəcədə rəqabətqabiliyyətliliyi və ölkələrin, regionların geosiyası mövqelərini təyin edəcəkdir.
Statistika göstərir ki, son dövrlər nanotədqiqatlar, nanoməhsullar və nanoxidmətlər bazarında liderlik uğrunda mübarizə geniş miqyas alır. Bu da öz növbəsində həmin sahədəki investisiya fəallığının artması ilə müşayiət olunur. Buradakı fenomeni qabardan mühüm cəhət isə ondan ibarətdir ki, korporasiyaların nanotədqiqatlara yönəlmiş xərcləri nanotexnologiyaların büdcə investisiyalarından daha sürətli artıma məruz qalır.
Bir sıra aparıcı dövlətlər nanoinqilabın yaxında olduğunu nəzərə alaraq iqtisadiyyatların nanotexnoloji əsaslarda inkişaf edəcəyi çağırışlarına adekvat iqtisadi stilin nanorelslərə salınması uğrunda fəal iş aparırlar. Dünyanın 50-dən çox ölkəsi nanotexnologiyaların inkişafı, nanoiqtisadiyyat quruculuğu istiqamətində artıq müvafiq dövlət proqramları işləyib hazırlamışlar. Bu proqramlar nanotexnologiyalar sahəsində sektorial innovasiya sistemlərinin balanslaşdırılmış və adaptasiya olunmuş milli strategiyasının formalaşmasına yönələn fəaliyyət olmaqla, üstün nanotədqiqatların dəstəklənməsi, iqtisadiyyatın real sektorunda elmi-tədqiqat və sınaq konstruktor işlərinin kommersiyalaşmasının sürətləndirilməsinin məqsədini ifadə edir.
Sosial-iqtisadi inkişaf templəri ilə regionun liderinə çevrilmiş Azərbaycanda da nanotexnologiyalara əsaslanan iqtisadiyyat quruculuğu üçün kifayət qədər resurs və potensial mövcuddur. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft kapitalının insan kapitalına yönəlməsi strategiyası həyata keçirilir. Bu strategiyanın reallaşması respublikada nanotexnoloji iqtisadiyyat motivasiyası əsasında daha dərin təcəssümünü tapacaq. Bu həyati aktuallıqdan irəli gələrək mövcud tədqiqat işinin məqsədini nanotexnologiyaların mahiyyətinin təhlili əsasında onların dünya iqtisadi ukladının dəyişməsinə təsirinı elmi cəhətdən bir daha yəqinləşdirmək, müvafiq istiqamətlı milli proqramların rolunu və əhəmiyyətini qiymətləndirmək, nano sferada Azərbaycanın rəqabət qabiliyyətliyinə zəmin olan potensialları müəyyənləşdirməklə mümkün fəaliyyət prioritetlərini ayırmaq təşkil edir.
Atomistik materializmin banisi qədim yunan filosofu Demokritin (b.e.ə. 470-370-ci illər) almanı iki yerə, alınan hissənin yenidən təkrar bölməsi və bu bölgünün artıq bölünməz olan nəhayətli həddə qədər aparılması mülahizələri məlumdur. Nəticədə alınan son bölüm o qədər kiçik olacaq ki, bu zaman hissəcikdə alma xassəsi özü belə itəcək. Həmin ən kiçik hissəni Demokrit "atom" - bölünməz adlandırdı. Atom ölçülərinə rəğmən belə texnoloji imkan yaransaydı, Demokrit 90-cı addımında məqsədinə çata bilərdi. Lakin məlumdur ki, o zaman və indi də bölünməz sayılan atomu nəinki adi gözlə, optik mikroskop altında belə görmək mümkün deyil. İnsan tükündən milyon dəfə kiçik olan bu zərrəciklərin görünüşünə elektron mikroskopların ixtirası ilə XX əsrdə müyəssər olunmuşdur. Nano miqyasda isə 10 hidrogen atomu 1 nano ölçü verir. "Nano" (yunanca - nanos - cırtdan) ölçü özü isə metrin millyardda bir hissəsinə bərabərdir. Əslində isə əksər atomlar 0,1-0,2 nanometr parametrlərində olur.
XX əsr boyunca bütün texnologiyalar metrik (metr) və mikrometrik (metrin milyonda bir hissəsi) ölçülərdə yaradılmışdır. İndi isə mikrometrin onda bir hissəsi ölçülü texnoloji mərhələyə qədəm qoyulur. Bu sərhəd elektronun dalğavarı təbiətinin nümayiş olunduğu Kvant qanunlarının hakim kəsildiyi ərazidən başlanğıc alır. Belə olan halda bizim gözləntilərimiz nədən ibarət olacaq? Əvvəla, bu məkanda klassik texnologiyalar işləmir. İkincisi, bəşəriyyət canlı və cansız təbiət arasında sərhədlərin yoxa çıxdığı "istehsal" sahəsinə daxil olur.
Müasir elmi interpretasiyada "nanotexnologiya" texnikanın, fundamental və tətbiqi elmin nəzəri əsasları və praktiki tədqiqat metodları olan sahəsi kimi xarakterizə edilir. O, fövqəlkiçik obyektlər səviyyəsində mikroaləmin qavranılmasında müasir nailiyyətlərdən istifadə edilən konkret üsullar olaraq, bəşərin praktiki maraqlarının xidmətində dayanır. Nanotexnologiyalar 0,1-100 nanometrarası (atom ölçülərində bənövşəyi işıq dalğalarına qədər) ölçülərdə obyektləri manipulyasiya edən elm kimi də təyinat alır.
Nanotexnologiyalar haqqında mülahizə yürüdərkən o da qeyd edilməlidir ki, nanoustalıq əslində daha dərin tarixi köklərə malikdir. Tədqiqatlar göstərir ki, nanotexnologiyalardan istifadə bizim eradan əvvəl III əsrə gedib çıxır. Qədim hind sənətkarları hələ o zamanlar elmə bəlli olmayan üsullarla çox möhkəm poladlar hazırlamışlar. Tarixdə "Dəməşq poladı"nın möcüzəli xassəsi haqqında xeyli məlumatlar var. Bu poladdan XVI əsrdə hazırlanmış xəncərlər çox asanlıqla düşmənin qılıncını kəsərmiş. Elektron mikroskopun köməyi ilə aparılan müayinələr göstərmişdir ki, Dəməşq qılıncı özündə yüksək möhkəmliyi təmin edən çoxtəbəqəli karbon nanoborucuqlar saxlayır. Tarixi mənbələrdə məşhur Misir kraliçası Kleopatranın (b.e.ə. 69-30-cu illər) kosmetik menyusuna molekulları bir neçə nanometr ölçüyə malik zeytun, digər bitki və heyvani yağların daxil olduğu göstərilir. Əlbəttə, elm bunları aşkarlasa da, onların çox uzaq zamanlarda necə yaradılmasının təfərrüatlarını qəti verə bilməmişdir.
Nanotexnologiyalar müstəvisini atom, molekul, bakteriya və hüceyrəvi orqanellər əhatə edir. Bu elmin mənimsənilməsi Amerika alimlərinin lazerdə yalnız karbon atomlarından ibarət miniatür hissəciklərin kəşfi ilə başlamışdır. Məlum olmuşdur ki, karbon atomları müəyyən şəraitdə bir-biri ilə birləşərək nanohissəciklər - nanoborucuq və kürəciklər (füllerenlər) əmələ gətirir və onlar qeyri-adi xassələrə malik olurlar. Müasir texnoloji naliyyətlər nanohissəciklərin alınması üçün müxtəlif üsulları birləşdirir. Buraya biokimyəvi, fotokimyəvi, radiasiya-kimyəvi, elektropartlayış, mikroemulsiyon, detonasiya, lazer kondsensasiyası, vakuum buxarlanması və s. daxildir. Hazırda praktiki olaraq alimlər bütün kimyəvi elementlərdən nanostrukturların alınmasına nail olmuşlar.
Nanotexnologiyaları
elmi-texniki tərəqqinin lokomotivi adlandırırlar. Bu istiqamətdə
əlçatmaz bir sürət mövcuddur. Hər il nanotexnologiyalar sahəsində tədqiqatlar
artır və genişlənir. Məlumatlara
görə, son 10 ildə bu istiqamətdə elmi məqalələrin
nəşri 30 dəfə artmışdır. Burada
birincilik yenə də ABŞ-a məxsusdur.
Yaponiya, Çin, Almaniya bu sıranı davam etdirirlər. İsrail texnoloji institutunun alimləri isə dövlətlərinin
60 illiyi ilə əlaqədar tam bir nanokitab - Bibliya
yaratmışlar.
Nanotexnologiyalar
müasir həyatımızda mühüm iqtisadi komponentə
çevrilmişdir. Onlar iqtisadiyyatın bütün
sektorlarında təşəbbüsləri tamlıqla ələ
almaq əzmindədirlər. Yeni -
nanomüstəviyə keçid bütövlükdə
istehsal intellektalizasiyasının təminatı ilə
müşayiət olunur. Nanotexnologiyalar ənənəvi
iqtisadi münasibətləri dəyişdirir, iqtisadiyyatın
müasir ukladını təbəddülatlara uğradır.
Bu istiqamətdə aparılan tədqiqatlar
texnoloji prosesin inkişafına mühüm kömək
göstərir. Digər tərəfdən,
nanotexnologiyalar sferasında reallaşan tədqiqatlar fərqli
kommersiya effektivliyi sayəsində çox tezliklə öz xərclərini
ödəyir, praktiki həyatda əhəmiyyətli
güclü sosial və iqtisadi effekt yaradır.
Bütün ölkələr elmi tədqiqatların kommersiallaşması, onların dünya bazarına çıxışının təminatı məqsədilə bu və ya digər ölçüdə insan kapitalının formalaşmasına, elmi potensialın inkişafına sektorial innovasiya sistemlərində institusional boşluqların aradan qaldırılmasına resurslar ayırırlar. Bu ayırmalar içərsində son zamanlar nanotexnologiyaların da yerinin genişləndiyi müşahidə olunur. Sahəyə ən çox resurs yönəldənlər sırasında ABŞ lider mövqedə dayanır. Onun nanotexnologiyaların inkişafı istiqamətindəki proqram təyinatlı fəaliyyəti bir sıra ölkələrdə də analoji addımların atılmasına rəvac vermişdir.
Nanotexnologiyalar
sahəsində ABŞ milli təşəbbüs
strategiyası (National Nanotechnology Initiative - NNI) 2000-ci ilin
yanvarında bəyan edilmişdir. Dünya bazarına
daxil olacaq prioritet nanotədqiqatları dəstəkləyən
bu strategiyanın əsas məqsədi dünya səviyyəsində
elmi işləmələrin, texnologiyaların transfertinin
sürətləndirilməsi, təhsil resurslarının,
kadr hazırlığı və tədqiqat infrastrukturunun
inkişafını stimullaşdırmaq təşkil edir.
Ölkənin 11 federal nazirlik və agentliyi NNI
çərçivəsində elmi-tədqiqat və sınaq
konstruktor işlərini maliyyələşdirirlər.
ABŞ-ın elm və texnoloji siyasət qərargahının
məlumatlarında deyilir ki, nisbi göstəricilər,
xüsusən də nanotexnologiyalara yönələn büdcə
təsisatları paritet istehlak qabiliyyəti indeksi kontekstində
adambaşına düşən həcminə görə
ölkə Yaponiya, Cənubi Koreya və Tayvan kimi dövlətlərdən
geri düşmüşdür. Nanotexnologiyalar
sahəsində ABŞ-ın potensial rəqibləri Avropa
Birliyi və Yaponiya hesab olunur. Avropa
Birliyində nanotexnologiyalar Avropa komissiyyası büdcəsindən
və eyni zamanda, ayrı-ayrı birlik ölkələrinin
milli büdcələrindən maliyyələşdirilir.
Bu məkanda şərtsiz liderlər kimi
Almaniya, Fransa və Böyük Britaniya çıxış
edirlər.
Nanotexnologiyalar
üzrə milli proqramlar böyük iqtisadi məzmun, sosial əhəmiyyət
və elmi mahiyyət kəsb edir. Onların fərqləndirici
xüsusiyyəti ondan ibarətdir ki, burada infrastrukturun
inkişafı ayrıca blokda verilir. Bir
çox ölkələr milli proqramları koordinasiya edən
nanotexnologiyaların inkişafı üzrə sahələrarası
mərkəzlər yaradırlar. Nanotexnologiyalar
üzrə milli proqramlarda insan kapitalının
formalaşdırılması prioritet olaraq önə çəkilir.
Təcrübə göstərir ki, sektorial pay fərqinə
baxmayaraq, nanotexnologiyalar üzrə milli proqramlar özəl
sektorla tərəfdaşlıq əsasında təşkil
olunur. Bu layihələrin dərhal
kommersiyalaşdırılması imkanlığı və
real sektorun tələb meyli ilə bağlanır. ABŞ və Yaponiyada analoji proqramlar üstün
olaraq özəl sektordan başlanğıc alır və
qaynaqlanır. Çində isə bu sahədə
hökumət strukturları irəlidə gedirlər. Bu və ya digər ölkələrdə, həmçinin
prosesə qeyri-hökumət təşkilatları da daxil
edilmişlər.
Nanotexnologiyaların
inkişafı ilə bağlı əksər ölkələrdə
siyasət subyektləri arasında dialoqu təmin etmək
üçün, eyni zamanda, prioritetləri
formalaşdırmaq məqsədilə kombinasiya edilmiş
Forsayt (Forsayt-proses və Forsayt-nəticə)
texnologiyalarından istifadə olunur. Nanotexnologiyalar üzrə
milli proqramların daha bir fərqləndirici xüsusiyyəti
onunla bağlıdır ki, nanoməhsullar və nanoxidmətlərdən
istifadənin nəticələri insan
sağlamlığına və ekologiyaya təsiri bu
proqramlarda əlahiddə tədqiqat vəzifəsi kimi
qarşıya qoyulur.
Şübhəsiz
ki, nanotexnologiyalar üzrə hər bir milli proqram özünəməxsus
xüsusiyyətləri ilə də fərqlənir. Belə ki,
ABŞ və Çində nanotexnologiyaların
inkişafına müdafiə təhlükəsizliyinin təminatçısı
kimi baxılır və bununla da ondan ikili təyinatda istifadə
edilir. Avropa komissiyası isə üzvləri
üçün vahid nanoməkan formalaşdırmaq
konsepsiyasını irəli sürmüşdür.
Nanotexnologiyalar
üzrə milli proqram təyinatları MDB məkanında da
yer alır. Bu və ya digər formada belə elmi istiqamətlər
Ukrayna,
Tədqiqatlar göstərir
ki, nanotexnologiyaların iqtisadiyyatda tətbiq sahəsi hər il yeni artım templərini genişləndirir. Araşdırmalara görə, yaxın perspektivdə
iqtisadiyyatın bir çox sahələrində
nanotexnologiyalar bir sıra yeni iqtisadi effektləri yaradacaq.
Fəaliyyət səmərəliyi nəticəsində
maşınqayırma sahəsində bu xüsusi örtük
və emulsiyanın köməyi ilə kəsici və
emaledici alətlərin resurs imkanlarını genişləndirəcək,
mühərrik və avtomobil sənayesində
nanomaterialların tətbiqi ilə səthin daha hamar vəziyyətə
gətirilməsi sahəsində avtonəqliyyatın istismar
müddətini artıracaq və həmçinin yanacaqdan
istifadəni üç dəfəyədək azaldacaq. Energetika sahəsində isə nanomateriallardan istifadə
yanacaq və konstruksiya elementlərinin təkmilləşməsi
ilə müşayiət olunmaqla alternativ enerji sektorunun
inkişafına təkan verəcək, günəş
batareyalarının effektivliyini bir neçə dəfə
artıracaq. Nanotexnologiyalar çoxmərtəbəli
binalarda inşaat prosesinin asanlaşmasına da
yardımçı olacaq. Hekkon kərtənkələsinin
düz divarda hərəkət etməsi mexanizminə əsaslanan
xüsusi nanogeyim dəstləri göydələnlərdə
insanların texniki təhlükəsizliyinin qarantına
çevriləcək. Nanomateriallar həmçinin
nüvə reaktorlarının fəaliyyət səmərəliyini
yüksəldəcək və ətraf mühitin
qorunmasına yeni texniki imkanlar yaradacaq.
Nanotexnologiyalara
əsaslanan nanopreparatlar kənd təsərrüfatında da
öz müsbət təsirini göstərəcək. Onların
köməyi ilə əlverişsiz iqlim vəziyyətlərində
belə məhsulvermə və ümumi məhsuldarlıq
çoxalacaq.
Nanotexnologiyalardan
istifadədə daha çox qazanan sahələrdən biri də
səhiyyə olacaq. Nanotexnologiyalar yeni dərmanlar
istehsalını sürətləndirəcək, dərman
vasitələrinin xəstəlik mənbəyinə yetişməsinin
forma və üsulunda xarüqəl çevrilişlərə
gətirəcək. Nanokosmetika bir sıra
təbii insani qüsurları tezliklə təcrid edəcək.
Geniş perspektivlik özünü daha çox
tibb texnikası sahəsində göstərəcək.
Nanotexnologiyaların
yeni tərəqqisi bir çox mürəkkəb məsələlərin
də həllinə yardımçı olacaq. Onların
areal genişliyi kompüter texnologiyasında, hərbdə
çox mütərəqqi olan köklü dəyişiklikləri
təmin edəcək. Mikromühərriklər,
mikrorobotlar, mikronasoslar, mikrooptika, yüksəkhəssaslı
sensorlar istehsalı adi reallığa çevriləcək.
Perspektivə
hesablanan tədqiqatlar göstərir ki, bəşəri
sivilizasiyanın inkişafına daha yüksək faydanı
nanorobotların yaranışı gətirəcək. Vahid və
onluq nanometr ölçüsündə olan belə robotlar
ayrı-ayrı atomları manipulyasiya etmək, onların yerini
dəyişməklə yeni predmet və materialların
istehsalına zəmin olacaqlar. Nanorobotlar həmçinin
insan orqanizmində bioloji molekulların öyrənilməsinə
xidmət göstərəcək, bir çox xəstəliklərin
aradan qaldırılmasına, insan
uzunömürlülüyünə səbəb olacaq və
bununla da sosial və iqtisadi həyata paradiqmal yeni elmi-texniki dəyərlər
verəcək.
Nanotexnologiyalar
milli iqtisadiyyatların rəqabət qabiliyyətliyinin
artırılması, sosial və ekoloji problemlərin həlli
sferasında yeni imkanlar açır. Bunun üçün
isə ilk növbədə, elmi potensialın zənginləşdirilməsi,
təhsil sisteminin təkmilləşdirilməsi və adekvat
olan insan kapitalının formalaşdırılmasının zəruriliyi
ortaya çıxır. Azərbaycan
nanotexnologiyaların inkişaf etdirilməsi üçün zəruri
olan bu 3 təməl imkanlara malikdir. Ölkənin
maliyyə gücü imkan verir ki, tezliklə respublikada
nanotexnoloji sənaye formalaşsın. Bunun
üçün öncə nanotexnologiyalar üzrə
dövlət proqramının qəbul edilməsi vacib
sayılır. Eyni zamanda, ölkə nanoməkanını
koordinasiya edəcək müvafiq mərkəzin də
yaradılmasına ehtiyac var. Belə bir nanoməkanı aidiyyəti
olan nazirliklərin və özəl sektorun maliyyə dəstəyi,
Milli Elmlər Akademiyasının, sahə institutlarının
və universitetlərin elmi potensialı və qeyri-hökumət
təşkilatlarının birgə səyləri ilə tənzimlənməsi
daha səmərəli olardı.
Son bazar məhsulunda
tədqiqat və işləmələrin payı nəzərəçarpacaq
dərəcədə artım meyillidir. İndustrial cəmiyyətdə
bu pay 15 faiz, postindustrial cəmiyyətdə
isə 60 faizdən aşağı olmur. Göründüyü
kimi, müasir iqtisadiyyatda məhsulun əlavə dəyərini
yalnız klassik istehsal faktorları təyin etmir. Elmə yönələn nailiyyətlər
kapitallaşaraq yeni iqtisadi dəyərə və sosial rifaha
çevrilir. Bunlar isə birmənalı
olaraq insan kapitalı hesabına ərsəyə yetir. Ona görə də yaşadığımız əsrdə
milli təhlükəsizliyin təminatının əsas
şərtləri sırasında insan kapitalı mühüm
yer alır.
Azərbaycan da
insan resurslarının onun kapital dəyərinin üstün
olduğu məkanlardan biri kimi özünün elmi
potensialını artırmaq, müqabil nanotexnoloji məkan
formalaşdırmaqla həm milli, həm də qlobal
elmyönümlü iqtisadiyyatın irəliləyişinə
təkan vermiş olar. Bu, bir qlobal
çağırışdır. Nanotexnoloji
silsilədə dünya iqtisadi ukladının dəyişkənlik
motivasiyası özümüzdən asılı olmayaraq bizləri
də geniş çeşidli nanoməhsulların
istehlakçısı edəcək. Bu məhsullar
içərsində tezliklə milli məhsulun da olması gərəkli
və mühümdür.
Elşən HACIZADƏ,
AMEA-nın İqtisadiyyat
İnstitutunun əməkdaşı,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2011.-4 iyun.- S. 7.