Musiqimiz dünyanı fəth edir

 

Mərkəzi və Şərqi Asiyada yerləşən Çin Xalq Respublikası 10-dan artıq ölkə ilə həmsərhəddir. Sakit okeanın Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatələnən bu qeyri-adi ölkədə 3200-dən çox ada var. İnzibati cəhətdən 21 əyalətə, 5 muxtar rayona, mərkəz tabeliyində olan 3 şəhərə bölünür. Çin Xalq Respublikasının paytaxtı Pekin şəhəridir.

Bəşəriyyətin qədim mədəniyyət mərkəzlərindən sayılan bu ölkə üç min ildən artıq tarixə malikdir. Bir çox ixtiranın beşiyi olan Çin Xalq Respublikası təkcə kağızın kəşfinə görə bəşər tarixində şərəfli yer tutur. Kompas, seysmoskop, spidometr, kağız, barıt istehsalı, kitab çapı ilk dəfə Çində olmuşdur. Bu ölkə həm də astronomiyanın beşiyidir. Eramızdan əvvəlki birinci minillikdə komet və planetlər Çin alimlərinə məlum idi. Onlar Günəşin tutulmasını və ulduz katalokunu ilk dəfə tərtib etmişlər. Dünyada tibbə dair ən qədim kitab burada yaradılmışdı. İlk "Farmatologiya" kitabı da Çində nəşr olunub. Çin qədim incəsənət abidələri ilə də məşhurdur. Dünyanın 7 möcüzəsindən biri sayılan Çin Səddinin bu ölkədə olması da onun zəngin tarixi keçmişindən xəbər verir.

Çin Xalq Respublikası ilə ölkəmiz arasındakı dostluq münasibətlərinin tarixi ötən əsrin ortalarına təsadüf edir. Bu ölkədə ilk dəfə Azərbaycan dilində konsert verən sənətkar, xalq artisti Rəşid Behbudov olub. Bu unudulmaz müğənninin məlahətli səsi 1952-ci ildə çinliləri heyran edib. Altı il sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Çin Xalq Respublikasındakı konserti də uzun illər unudulmayıb. Sonralar əlaqələrin daha da genişlənməsi nəticəsində Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, görkəmli sənətkarımız Zeynəb Xanlarovanın bu ölkədə dəfələrlə konserti olub.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Çinlə respublikamız arasında diplomatik münasibətlər yarandı. Çin Xalq Respublikasının Azərbaycanda, respublikamızın da bu ölkədə səfirliyi fəaliyyətə başladı. Hər iki ölkədən bir-birinə dəfələrlə nümayəndə heyətləri göndərildi. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə rəsmi səfəri, eləcə də cənab Li Penin Azərbaycana gəlişi iki ölkə arasında əlaqələri yeni müstəviyə gətirdi.

Çinlə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr sürətlə inkişaf edir. Xüsusilə də iki ölkə arasındakı mədəni əməkdaşlıq xalqlarımızın bir-birinə yaxınlaşmasına daha da səmərəli şərait yaradır. Bu da təbiidir. Musiqinin, incəsənətin tərcüməyə ehtiyacı yoxdur. Sərhəd tanımayan bu mənəvi sərvətlərin bir-birinə qovuşması hər iki xalqın bəşər mədəniyyətinə yeni incilər bəxş etməsi ilə şərtlənir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanla Çin arasındakı əlaqələrin uğurla inkişafı ilə bağlı söyləyir: "Azərbaycanla Çin arasında əlaqələr uğurla inkişaf edir, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur".

Bu il mayın sonlarından başlayaraq Çin Xalq Respublikasında Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Çinin Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə təşkil olunan bu mühüm tədbir iki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtdırmaq məqsədi daşıyırdı. Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev və başqalarının qatıldığı nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edirdi.

Çin Milli Muzeyində bu ölkənin yuksək vəzifəli şəxslərinin, ölkə ictimaiyyətinin nümayəndələrinin, Pekindəki diplomatik korpusun təmsilçilərinin, soydaşlarımızın iştirak etdikləri rəsmi açılış mürasimində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Çin Mədəniyyət nazirinin müavini xanım Jao Şaxua çıxış edərək mədəni əməkdaşlığımızın tarixindən və hazırkı vəziyyətindən danışıblar. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasim iştirakçılarına bildirib ki, ölkəmiz zəngin, milli mədəni dəyərləri olan bir diyardır. Azərbaycan əsrlər boyu dünya mədəniyyəti xəzinəsinə öz incilərini bəxş edib. Müsəlman Şərqində ilk peşəkar teatr, opera və balet məhz Azərbaycanda yaranıb. Respublikamızla Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev bildirib ki, hazırda əlaqələr ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir.

Azərbaycan incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı rəğbətlə qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi, xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestri klassik bəstəkarların əsərlərini çinli tamaşaçılara çatdırdılar. Xüsusilə də dünya musiqi sərvətinin incisi sayılan Azərbaycan muğamları zala toplaşanların qəlbini riqqətə gətirdi. Pekin Universitetinin akt zalında baş tutan konsert də anşlaqla keçdi. Mədəniyyət Günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Pekindəki İmperator sarayında olub və Çin Operasını ziyarət edib.

Çində Mədəniyyət günlərinin yaddaqalan məqamlarından biri də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ÇXR-in mədəniyyət naziri Çay Vu arasındakı görüş oldu. İki ölkə arasında mədəni sahədə əlaqələrin müzakirə olunduğu bu görüşdə Azərbaycanla Çin arasındakı mədəni əlaqələrin tarixindən danışıldı. Çində Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasında mədəni sahədə əməkdaşlığın möhkəmləndirilməsi yeni töhfə kimi dəyərləndirildi. Görüşdə o da bildirildi ki, 2012-ci ildə də Azərbaycanda Çin Mədəniyyət Günləri təşkil ediləcəkdir. Bu görüşdə muzey, abidələr və kitabxanalar sahəsində ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə olunub. Görüşün sonunda iki ölkə arasında "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokol" imzalanıb. Həmin gün Azərbaycan nümayəndə heyəti böyük Çin Səddini ziyarət edib.

Pekindəki məşhur Pu Du məbədində ölkəmizə aid sərginin açılışı da maraqla qarşılanıb. Çin sənətsevərləri məhz bu sərginin vasitəsilə Azərbaycan haqqında ətraflı məlumat ala biliblər. Üç hissədən ibarət olan sərginin "Azərbaycan: ənənə və müasirliyin qovşağında" adlı foto bölməsində ölkəmizin memarlıq abidələri, turizm potensialı, təbiət mənzərələri, Bakının müasir inkişafı əks olunub. Bu fotoşəkillər ölkəmiz haqqında aydın təsəvvür yaratmaqla yanaşı, Azərbaycanda bədii fotoqrafiya sənətinin inkişafını əks etdirib.

Sərginin ikinci hissəsində Azərbaycan xalqının zəngin geyim ənənələrini özündə əks etdirən milli geyim nümunələri də çinlilərin marağına səbəb olub. Sərgidə həmçinin Bakıdakı Miniatür Kitab Muzeyindən gətirilmiş 500-dək qeyri-adi kitabın nümayişi seyrçiləri valeh edib.

Çində Azərbaycan Mədəniyyət Günləri bu ölkənin tarixi liman şəhəri olan Yentayda yekun konserti ilə başa çatıb. Yentay Böyük Teatrında baş tutan konsertdə çinli sənətsevərlər Azərbaycan musiqisinə, incəsənətinə böyük maraqla diqqət kəsiliblər. "Odlar yurdu Azərbaycan" rəqs kompoziyası ilə başlanan konsertdə klassik musiqimiz, muğamlarımız ifa olunmuşdur. Azərbaycan rəqqasları yüksək peşəkarlıqla Çin rəqsini ifa edərək ev sahiblərini heyrətə gətiriblər.

Çində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin xoş təntənəsi həm iştirakçıların, həm də tamaşaçıların böyük sevincinə səbəb olub. Azərbaycan musiqisinin, mədəniyyətinin qanadları bu gün dünyanın möhtəşəm konsert salonlarını fəth etməkdədir. Bir vaxtlar özgə adla üz tutduğumuz ölkələrə indi məhz öz ismimizlə gedirik. Bundan böyük fəxarət, qürur təsəvvür etmək olmaz. Dünya nəinki bizi tanıyır, hətta zəngin mədəniyyətimizə, musiqimizə heyran kəsilir.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 4 iyun.- S. 7.