Heydər Əliyev ideallarına
söykənən vətəndaşlıq missiyası
"Türk dünyasına xidmət"
mükafatı Mehriban xanım Əliyevanın xeyriyyəçilik
və hamilik missiyasına verilən önəmli beynəlxalq
qiymətdir
Ölkəmizin inkişafı ilə yanaşı onun beynəlxalq miqyasda yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı ilk növbədə vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxaq miqyasda təbliği və daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər böyük fərəh və qürur hissləri doğurur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ideallarına tapınaraq siyasi-ictimai, sosial-iqtisadi, mədəni və digər sahələrdə uğurlarını sürətlə artırır. Ulu öndərin müəllifi olduğu müasir Azərbaycanın inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla, yeni dünya nizamının tələblərinə uyğun tərzdə həyata keçirilir. Dövlət başçısı ümummilli liderin dühasından, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsindən qədərincə bəhrələnərək xalqımızı inamla gələcəyə doğru aparır.
Bu mənada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik tətbiqi və gələcək nəsillərə çatdırılması müasir və sürətlə dəyişən qloballaşma dövründə xüsusən aktualdır. 7 il öncə məhz bu zərurətdən yaranmış Heydər Əliyev Fondu ulu öndərin ideyalarının gerçəkləşdirilməsi prosesində fəal iştirak edir. Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər məhz xalqımızın, ölkəmizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib.
Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasından 20 il ötür. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə yüksək səviyyədə, təntənəli surətdə qeyd olunacaq. Fərəhli haldır ki, Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü xarici dövlətlərdə də təntənəli şəkildə qeyd edilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Hələ 4 ay əvvəl, fevralın 17-də Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş möhtəşəm mərasimin keçirilməsi olduqca mühüm hadisə idi. Bu, müstəqilliyimizin bərpasının qeyd olunması ilə bağlı ilk mərasim idi. Azərbaycan mədəniyyətinin təntənəsi dünyanın mədəniyyət paytaxtı hesab olunan Parisdə yaşandı. Mərasimdəki nitqində Mehriban xanım Əliyevanın "Azərbaycan bu il müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir və mən çox şadam ki, bu hadisəyə həsr olunmuş ilk tədbir Fransada keçirilir. Dünyanın ən möhtəşəm, ən gözəl və ən zövqlü şəhərlərindən biri olan Parisdə ölkəmizi, Azərbaycanı təqdim etmək mənim üçün böyük şərəfdir" - deməsi ölkəmizin birinci xanımının dövlətimizin dünyada təbliği və tanınması işinə əsl vətəndaşlıq mövqeyindən yanaşdığından xəbər verirdi.
Bu mərasim onu da təsdiq etdi ki, indi doğma Azərbaycanımızın və mədəniyyətimizin incilərinin sorağı mötəbər siyasi və mədəni mərkəzlərdən gəlir. Bununla bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər isə əvəzolunmazdır. Parisdəki mərasim həm də Mehriban xanım Əliyevanın mədəni irsimizə olan münasibətinin bariz nümunəsi idi.
Bundan iki ay sonra Azərbaycan yenə də Fransanın gündəmində idi. Aprelin 18-20-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri", o cümlədən YUNESKO-da Azərbaycan xalçalarının sərgisinin keçirilməsi ilə milli mədəniyyətimiz bir daha Fransa ictimaiyyətinə yüksək səviyyədə təqdim olundu. Bu sərgilər qədim tarixə və zəngin milli mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından mühüm addım oldu, həmçinin dünya mədəniyyətinin ən böyük hamisi qismində çıxış edən YUNESKO-da Azərbaycana verilən önəmi nümayiş etdirdi. Həmin tədbirlərdə Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət isə bir daha təsdiqlədi ki, ölkəmizin birinci xanımının Azərbaycanın və onun mədəniyyətinin təbliğinə yönəlmiş fəaliyyəti hər zaman təqdir olunur və buna beynəlxalq miqyasda kifayət qədər ciddi maraq var.
Mayın 17-də isə mədəniyyətimiz Rusiya paytaxtını fəth etdi. Həmin gün Moskvada Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən müstəqilliyimizin yenidən bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş "Azərbaycan gecəsi" adlı təntənəli mərasim əsl mədəniyyət hadisəsinə çevrilərək diqqəti bir daha ölkəmizə yönəltdi. Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak etdilər.
"Azərbaycan gecəsi" çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan "Azərbaycan" nəşrinin rus dilindəki versiyasının təqdimatı maraqla qarşılandı. Qarabağ xalçaçılıq məktəbinin nümunələri isə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırdı. Azərbaycan incəsənətinin məşhur simalarının konsert proqramı da janr müxtəlifliyi və zəngin improvizasiyaların mövcudluğu ilə auditoriyanın alqışlarına səbəb oldu. Mərasimdəki nitqi zamanı "Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün ənənəvidir" - deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20 illik tarixində böyük uğurların qazanıldığını diqqətə çatdırdı.
Bu günlərdə Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qazandıqları qələbə ölkəmizin və mədəniyyətimizin dünyada yaxından tanınması üçün böyük hadisəyə çevrildi. Bu qalibiyyətlə Azərbaycan zəngin irsin və musiqi mədəniyyətinin təmsilçisi olduğunu bir daha nümayiş etdirdi. Ölkəmizin qatıldığı bu mötəbər mahnı yarışmasında qazandığı böyük uğurda Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Prezident İlham Əliyev bunu qiymətləndirərək deyib: "Eurovision"da iştirakımızın təşəbbüskarı Heydər Əliyev Fondu, Mehriban xanım olmuşdur. Biz bu yarışa onun təşəbbüsü ilə qoşulduq".
"Eurovision-2011" mahnı müsabiqəsi Azərbaycanın qələbəsi ilə başa çatdığı üçün ölkəmiz növbəti ildə yarışmaya ev sahibliyi etmək hüququnu qazanıb. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Mehriban xanım Əliyevanın rəhbəri olduğu Təşkilat Komitəsi sözsüz ki, müsabiqənin layiqincə keçirilməsini təmin edəcək və beləliklə, növbəti mahnı yarışması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artıracaq.
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva indiyə qədər çoxsaylı mükafatlara, təltiflərə layiq görülüb. Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə verilən yüksək qiymətlərdir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilib. Mehriban xanım Əliyeva 2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.
Dövlət başçısı İlham Əliyevin 2009-cu ilin 5 may tarixli sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub.
Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın və məcburi köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına da layiq görülüb. Bu günlərdə Bakıda mükafatın təqdimatı keçirilib. Bu mükafatın 6 ölkəni təmsil edən şəxslərə və qurumlara verildiyini bildirən TÜRKSAV-ın başqanı Yəhya Akengin Mehriban Əliyevaya "Türk dünyasına xidmət" mükafatını təqdim etməkdən qürur duyduğunu qeyd edib. Xatırladaq ki, "Türk dünyasına xidmət" mükafatı vaxtilə xalqımızın ulu öndəri Heydər Əliyevə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və digər tanınmış simalara verilib.
Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində Azərbaycan mədəniyyəti yeni-yeni zirvələr fəth etməkdədir. Dövlətimizin və mədəniyyətimizin təbliğ olunmasına xidmət edən bütün bu xoş niyyətlər ulu öndər Heydər Əliyevin ölməz ideyalarından ilham alır. Bu ideyaları layiqincə yaşatdığı üçün həm Heydər Əliyev Fondu, həm də onun prezidenti Mehriban xanım Əliyeva hər birimizin fəxridir.
Rəfiqə SADIQOVA
Azərbaycan.- 2011.- 5 iyun.- S. 1.